"Bugünkü Əlcəzair dünənki Əlcəzair deyil” - Saleh Kucil

11:55 12.01.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əlcəzair Milli Xalq Məclisinin sədri Saleh Kucil Fransanın Əlcəzairdəki keçmiş səfiri Xavier Driankurtu “Əlcəzairin dağılacağını” proqnozlaşdıran və bu çöküşün Fransanı da özü ilə sürükləyəcəyinə dair yazısına görə sərt şəkildə tənqid edib. Driankurt həmçinin Əlcəzair mətbuatının "irqçilik" ittihamları ilə üzləşib.

Hafta.az-ın yazdığına görə, cənab Kucil hazırda təqaüddə olan fransız diplomatın münasibətinə toxunaraq aşağıdakı bəyanatı verib: “Ölkələri qarşısında öhdəliklərini yerinə yetirən bəzi insanların Əlcəzairin gələcəyi ilə bağlı bədbinliyi onu göstərir ki, müstəmləkəçilik və işğalçılıq ideyalarının qalıqları hələ də mövcuddur. Əlcəzair öz siyasi qərarı ilə müstəqilliyini qoruyaraq beynəlxalq müstəvidə mövqeyini bərpa etdi. Ancaq görünür, bu, düşmənləri və onların xarici havadarlarını narahat edir. Onlar başa düşməlidirlər ki, biz müstəmləkəçilik mərhələsini keçmişik və bugünkü Əlcəzair dünənki Əlcəzair deyil”.

Qeyd edək ki, Driankurt ötən bazar ertəsi Fransanın "Le Figaro" qəzetində dərc olunan məqaləsində aşağıdakı ifadələrdən istifadə edib:

“Əlcəzairdəki məşhur düstura görə, yeni Əlcəzair gözümüzün qabağında dağılır. Fransa da Əlcəzairlə 1958-ci ildə Dördüncü Respublikada olduğundan daha dramatik sürətlə sürüklənir. Parisdə gözlərimizi Əlcəzair reallığına yumuruq. Əlcəzairdə vəziyyət müşahidəçilərin və ya bir neçə jurnalistin inandığından qat-qat pisdir. Bu gün saysız-hesabsız iəlcəzairli viza üçün birtərəfli səfərə getmək, bu və ya digər şəkildə Fransada qalmaq məqsədilə müraciət edir”.

Driankurt 2008-2012 və 2017-2020-ci illərdə ölkəsinin Əlcəzairdəki səfirliyinə iki dəfə rəhbərlik edib. Onun 2022-ci ilin mart ayında "Əlcəzair tapmacası" adlı kitabı nəşr olunub.

Digər tərəfdən, Frankofoniya qəzeti olan "Əl-Vətən" keçmiş diplomata meneceri Məhəmməd Tahir Məsudi vasitəsilə cavab verib. Məsudinin sözlərinə görə, keçmiş səfir Əlcəzairin dağılmasının necə görünəcəyini və bunun Fransanın, xüsusilə də böyük bir iqtisadi gücün dağılmasına necə gətirib çıxaracağını açıqlamayıb. 

"Əl-Vətən" Driankurtu "rüsvayçı irqçi" kimi xarakterizə edib. “Çünki o, 45 milyon əlcəzairlinin öz ölkələrində azadlıq olmadığını əsas gətirərək Fransaya köçmək istədiyini söyləyir.

Eynilə "L'Expression" qəzeti məqalə ilə bağlı hazırladığı reportajı "Driancourt's delirium" adlandırıb. Xəbərdə 70 yaşlı diplomatın Fransa səfiri olduğu iki dönəmdə Əlcəzair tərəfindən qırmızı xalçalar döşənmədiyi üçün bu ölkəyə nifrətini ifadə bəslədiyi ifadə edilib. Daha sonra bildiirlib ki, o, vaxtını bir ölkə, cəmiyyət, siyasi sinif və iqtisadiyyat kimi Əlcəzair haqqında mənfi məlumatlar toplamağa sərf edib.

“Əl-Şoruk” qəzetinin qiymətləndirməsi belə olub: “Keçmiş səfirin Əlcəzair haqqında yazdıqları Fransa sağının və onun media qolunun (Le Figaro) müdafiə etdiyi ideyalardan heç də fərqlənmir. O, prezident Makronun da dediyi kimi, Fransanın Əlcəzairi işğal etməsini insanlığa qarşı cinayət kimi görmür. Əksinə, bu sözlərinə görə Makronu sərt tənqid edirlər. Çünki onlar yanlış olaraq müstəmləkəçiliyin hətta az qala 7 milyon əlcəzairlini öldürsə belə, Əlcəzairə yeni mədəniyyət gətirdiyinə inanırlar”.