Bu il Dövlət İmtahan Mərkəzi sınaq imtahanlarında iştirak etmək üçün ödənilən 20 AZN məbləği 40 AZN-ə qədər qaldırılıb. Birdən-birə ikiqat artım bir çox valideynlərin qəzəbinə səbəb olub. Sosial şəbəkələrdə bununla bağlı paylaşımlar edilir.
Bəs niyə qiymətlər bu qədər qaldırıldı, qəbul imtahanları üçün də yeni qiymətlər müəyyənləşdiriləcəkmi?
Sualımıza cavab tapmaq üçün DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə ilə əlaqə saxladıq. O, hafta.az-a açıqlamasında bildirdi ki, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsdir və Mərkəz dövlət büdcəsindən maliyyələşmir:
"DİM Nizamnaməsinə uyğun olaraq əsasən imtahanların təşkili və keçirilməsindən əldə olunan vəsait hesabına fəaliyyət göstərir. İmtahanda iştirak etmək üçün tələb olunan ödəniş məbləğinin müəyyən edilməsi üçün son illər DİM tərəfindən keçirilən müxtəlif təyinatlı imtahanlar, onların təşkili, keçirilməsi, görülən digər hazırlıq işləri, təqdim olunan xidmətlər və s. ətraflı şəkildə araşdırılıb və qiymət müəyyən edilərkən nəzərə alınıb. Hər il DİM-in keçirdiyi müxtəlif təyinatlı imtahanlarda yüz minlərlə insan iştirak edir və imtahanların mütəşəkkilliyini təmin etmək üçün Mərkəz tərəfindən kompleks tədbirlər həyata keçirilir. İmtahan mərkəzlərinin müəyyənləşdirilməsindən tutmuş imtahan rəhbərləri və zal nəzarətçilərinin imtahanlara hazırlığı, test bankının zənginləşdirilməsi, proqram təminatının hazırlanmasınadək və digər istiqamətlərdə geniş hazırlıq işləri aparılır. Qəbul kampaniyası kütləvi proses olduğuna görə bu işə hazırlığa, imtahanların təşkili və idarə olunmasına DİM-in əməkdaşlarından əlavə, müxtəlif qurumlarının xeyli sayda nümayəndəsi də cəlb olunur (məsələn təkcə 2019-cu il ərzində 63629 nəfər ştatdankənar işçiyə (mülki-hüquqi xarakterli müqavilə əsasında çalışan) DİM tərəfindən 5 061 721,04 manat əmək haqqı hesablanıb). Qeyd olunanların qüsursuz və peşakar şəkildə idarə olunması mürəkkəb bir işdir və çoxlu sayda insan və maddi kapitalın sərf olunmasını tələb edir. Sınaq imtahanı üçün bundan əvvəlki müəyyən edilmiş qiymət artıq görülən işlərin həyata keçirilməsi üçün yetərli deyil və yuxarıda qeyd edilənlər nəzərə alınaraq yeni qiymət müəyyən edilib. Bundan əlavə, əvvəlki illərdən fərqli olaraq cari imtahanlarda test bankları orta məktəblərdə qüvvədə olan yeni tədris proqramları-kurikuluma uyğun olaraq zənginləşdirilir. Əvvəlki illlərdə isə köhnə test bankından istifadə imkanları daha geniş idi. Bir məsələni də qeyd edə bilərik ki, DİM tərəfindən abituriyentlər üçün əlavə bir imkan kimi otk.az portalı vasitəsilə onlayn sınaq imtahanları da keçirilir. Bu imtahanların keçirilməsinə az vəsait sərf olunur və qiymət 3 manatdır. Bu yaxınlarda çap olunan Abituriyent jurnalının xüsusi buraxılışında da imtahan modeli əsasında feələr üzrə test tapşırığı nümunələri verilib. Abituriyentler jurnalı əldə etməklə də biliklərini yoxlaya bilərlər. Jurnalın qiyməti 3 manatdır”