Qazaxıstanın müdafiə naziri Ruslan Jaksilikov Tengrinews-a müsahibəsində geosiyasi vəziyyət, KTMT-yə üzvlük və hərbçilərin maaşları barədə danışıb.
Hafta.az-ın yazdığına görə, nazir ilk olaraq günümüzdə dünyada hökm sürən mürəkkəb geosiyasi vəziyyət fonunda Qazaxıstan ordusunun döyüş hazırlığından söz açıb.
“Geosiyasi vəziyyət məsələsi çox mürəkkəbdir. Amma vurğulamaq istərdim ki, dövlət başçısının, hökumətimizin və cəmiyyətin siyasəti sayəsində Qazaxıstanın heç bir qonşusu ilə problemi yoxdur. Qazaxıstan dünyada yeganə ölkədir ki, dövlət sərhədləri ilə bağlı həll olunmamış problemləri qalmayıb. Qazaxıstanın istənilən təhdid və təhlükəyə istənilən halda cavab verməyə hazır olması həm də onun müstəqil milli müasir ordusunun mövcudluğu ilə izah olunur. Çünki Qazaxıstan Silahlı Qüvvələri dövlətçiliyin əsas institutlarından biridir”, - deyə nazir bildirib.
Ancaq ordunun sayı ilə bağlı sualı cavablandıran nazir “bugünkü vəziyyətə adekvatdır” deməklə özünü məhdudlaşdırdı. Jaksilikovdan soruşublar ki, Qazaxıstanın KTMT və ŞƏT-ə üzv olması hansı imkanlar yaradır.
“Əvvəla, Qazaxıstan tarixən müstəqilliyimizin əvvəlində bu assosiasiya daxilində sülhün və konstitusiya qaydasının qorunması üçün yaradılmış KTMT-nin bir hissəsidir. Daha sonra Şanxay Əməkdaşlıq Təşkilatı meydana çıxdı ki, bu təşkilata hərbi blok da daxildir. Bu bizə nə verir? Bu iki qüdrətli təşkilat regionlarımızda sülhün və harmoniyanın təmin edilməsinə çalışır və ölkələrimizin inkişafına töhfə verir. Bizim üçün faydalıdır, dövlət başçısı bu vəzifələri yaxşı başa düşür. Biz bu iki təşkilat çərçivəsində əməkdaşlığı genişləndiririk”, - deyə o bildirib.
Eyni zamanda, Ruslan Jaksilikov hərbi qulluqçuların maaşı ilə bağlı sualı da cavablandırıb.
“40 ildən artıqdır ki, xidmət edirəm. Hərbçinin rifah səviyyəsinin həmişə, hətta sovet dövründə də yüksək olduğunu söyləmək bir az yanlışdır. Niyə, çünki rifah səviyyəsi həmişə bütün zəruri məsələləri həll etməyə imkan verib: ailə, uşaqlar, şəxsi rifah, müəyyən qədər qənaət və sair. Əlbəttə, biz hər şeyi istəyirik: yaxşı ev, yaxşı maşın, uşaqlara təhsil vermək imkanı, onların gələcək inkişafı. Amma gəlin dövlətin iqtisadi imkanlarından çıxış edək. Dövlət nə verə bilirsə, onu bizə verəcək”, - deyə Jaksilikov bildirib.
Müdafiə naziri bildirib ki, 2023-cü ildə nazirlik üç kateqoriyalı hərbi qulluqçuların: hərbi pilotların, həkimlərin və təhsil işçilərinin maaşlarını artırıb.
“Hərbçilərin, əlbəttə ki, maaşın artırılması vacibdir, lakin sosial müavinətlərin bərpasına qayıtmaq lazımdır, çünki sosial müavinətlər daha vacibdir. Əvvəllər hərbi qulluqçulara kommunal xidmətlərin 50 faizi ödənilirdi. Təbii ki, 50 faiz yox, ən azı 30-40 faiz qaytarsa, sevinəcəyik. İldə bir dəfə hərbçilər və ailə üzvləri kurorta pulsuz səfər edirlər. Bu, böyük problem deyil”, - deyə o bildirib.
Eyni zamanda nazir belə qənaətə gəlib ki, hərbçilərin maaşı artır və bu, rütbədən asılıdır.