"Hindistanda indiyədək 95 milyondan çox COVID-19 testi keçirilib" - Səfir Vanlalvavna

17:40 21.10.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Hindistanın hazırda üç aparıcı Covid-19 əleyhinə namizəd peyvənd üzərində çalışır. Həmin namizəd peyvəndlərdən ikisi yerli “Bharat Biotech International” və “Zydus Cadila” tərəfindən hazırlanır və hər ikisi ikinci kliniki sınaq mərhələsindədir".

Bu sözləri Hafta.az-a açıqlamasında Hindistanın ölkəmizdəki səfiri B.Vanlalvavna deyib. Diplomat əlavə edib ki, Hindistanın Serum İnstitutu tərəfindən AztraZeneca ilə birgə hazırlanan üçüncü namizəd peyvənd isə klinik sınaqların üçüncü mərhələsindədir və istehsalı artıq başlayıb.

Səfir,Hindistanın bu istiqamətdə əldə etdiyi uğurları da sadaladı. "Könüllülərin və daha geniş ictimaiyyətin iştirakı ilə, elmi cəmiyyət Hindistan xalqı və bütün bəşəriyyət naminə tezliklə təhlükəsiz, səmərəli peyvənd istehsal etmək istiqamətində çalışır. Hindistan dünyanın ən böyük peyvənd istehsalçısı olub, hər il təxminən 3 milyard doza peyvənd istehsal etmək üzrə ümumi təcrübəsi, sınaqları keçirilən peyvəndlər rəsmi şəkildə təsdiqləndikdən sonra həlledici rol oynayacaq" deyən diplomat, Baş nazir Narendra Modinin bu yaxınlarda söylədiyi sözlərə istinad edib. Səfir, Hindistanın səlis immunizasiya prosesini təmin etmək məqsədilə rəqəmsallaşdırılmış şəbəkədən istifadə etməklə yaxşı təşkil olunmuş peyvəndləmə sisteminin tətbiqi üzərində çalışdığını söyləyib.

Hindistanda COVID-19 üzrə son vəziyyətlə əlaqədar olaraq Səfir, iyul ayının sonundan bəri ilk dəfə gündəlik yoluxma sayının son günlərdə 50 mindən aşağıya endiyini deyib. "Hindistan, təxminən 88,6 faizlə yüksək sağalma və 1,52 faizlə aşağı ölüm nisbətinə malik olmaqda davam edir. Virusla mübarizənin ən səmərəli strategiyalarından birinin test aparılması olduğunu qəbul edən Hindistan, hər gün 1 milyondan çox test həyata keçirməklə daha çox fərdləri test etmək qabiliyyətini artırıb" deyən diplomat, Hindistanda indiyədək 95 milyondan çox COVID-19 testi keçirildiyini diqqətə çatdırıb.