Almaniyanın “Volkswagen” konserni restrukturizasiya proqramı çərçivəsində Çin bazarı istisna olmaqla qlobal model çeşidini 2035-ci ilədək təxminən 50 faiz azaltmağı planlaşdırdığını açıqlayıb.
Hafta.az yerli mediaya istinadla xəbər verir ki, şirkət rəhbərliyi Müşahidə Şurasının iclasında istehsal gücünün optimallaşdırılmasını, model variantlarının 75 faizədək azaldılmasını və konsern üzrə illik istehsalın 9 milyon avtomobilə endirilməsini nəzərdə tutan tədbirlər paketini təqdim edib. Bununla yanaşı, mümkün zavod bağlanmaları və işçi ixtisarları ilə bağlı konkret qərarlar açıqlanmayıb.
İclas ərəfəsində Volfsburqda və Almaniyanın digər “Volkswagen”, “Audi”, “Porsche” və “MAN” müəssisələrində qənaət planlarına etiraz aksiyaları keçirilib. Həmkarlar ittifaqı və işçilərin nümayəndələri istehsal sahələrinin bağlanmasına və iş yerlərinin ixtisarına qarşı çıxaraq rəhbərliyi əməkdaşları qeyri-müəyyən vəziyyətdə saxlamaqda tənqid ediblər.
Almaniya mətbuatının məlumatına görə, konserndə 120 minədək iş yerinin ixtisarı, həmçinin Emden, Zvikkau, Hannover və “Audi” şirkətinin Nekkarzulm zavodlarının gələcəyi ilə bağlı müxtəlif ssenarilər müzakirə olunur. Şirkət bu məlumatları təsdiqləməyərək bildirib ki, mümkün qərarlar barədə ictimaiyyətə əlavə məlumat veriləcək.