Böyük Britaniyada yerləşən Beynəlxalq Əfv Təşkilatından (Amnesty İnternational) verilən açıqlamada, İsrail ordusunun 21 oktyabrda havadan Qəzzaya atdığı vərəqələrdə Qəzzanın şimalındakı bölgələrin boşaldılması ilə bağlı ifadələrin yer aldığı bildirilib.
Hafta.az-ın yazdığına görə, təşkilatın açıqlamasında, “Bu vərəqələrlə orada yaşayan insanlara dərhal ərazini tərk etmələri ilə bağlı xəbərdarlıq olunub, həyatlarının təhlükədə olduğu qeyd edilib və Qəzza vadisinin cənubuna getməyənlər terror təşkilatının şəriki olmaqda ittihamlanır” deyilir.
Açıqlamada, İsrailin Qəzzaya daxil olan humanitar yardımların cənub bölgələrində paylanması təcrübəsinin də şimalda yaşayanlara təzyiq vasitəsi kimi istifadə edildiyi bildirilərək, "Amnesty İnternational” İsraili məcburi köçkün əmrlərini ləğv etməyə, Qəzza xalqında qorxu və çaxnaşma yaratmağa yönəlmiş təhdidlərə son qoymağa çağırıb.
Bəyanatda, həmçinin humanitar yardımların paylanması ilə bağlı şərtlərin aradan qaldırılmasının lazım olduğu bir daha vurğulanıb, təcili yardımın Qəzzada hər kəs üçün kafi olması üçün zəmin açılması çağırışı edilib.
“Amnesty İnternational”ın məsləhətçilərindən Donatella Rovera da bütöv bir şəhərin və ya bölgənin hərbi hədəf elan edilməsinin beynəlxalq humanitar hüquqa zidd olduğunu bildirib.
"Ayrılıq prinsipini pozaraq mülki şəxsləri və ya mülki strukturları hədəfə almaq, dinc sakinlərin ölümünə və yaralanmasına səbəb olan fərq qoymadan hücumlar həyata keçirmək müharibə cinayətidir", - Rovera bildirib.
Havadan atılan vərəqələrin təsirli xəbərdarlıq sayıla bilməyəcəyinə diqqət çəkən Rovera, bunların İsrailin Qəzzada mülki insanları zorla köçürməsinin sübutu olduğuna diqqət çəkib.
Rovera bildirib ki, İsrailin bombardmanları altında olan Qəzzada gedəcək yerləri olmadığı üçün evdə qalanların etmədikləri hərəkətlərə görə məsuliyyət daşıması və onları kollektiv şəkildə cəzalandırması müharibə cinayəti sayıla bilər.