Bu ilin fevral ayında “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirildi.
Konfransada dövlət başçısı İlham Əliyev çıxış edərək vurğuladı ki, bu gün biz Azərbaycan regionlarının dördüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarını müzakirə edəcəyik, bu il görüləcək işlər haqqında danışacağıq: “Proqram bir il bundan əvvəl qəbul edildi. Dördüncü proqram əvvəlki dövrlərdə qəbul edilmiş proqramların məntiqi davamıdır. Üç proqram çərçivəsində böyük işlər görülmüşdür. Ancaq hələ də görüləsi işlər çoxdur. Hesab edirəm ki, dördüncü proqram çərçivəsində ölkə qarşısında duran əsas infrastruktur vəzifələri icra olunacaq və beləliklə, ölkəmizin gələcək inkişafı üçün daha gözəl imkanlar yaranacaqdır”.
Həmçinin Prezident bildirdi ki, keçən il əldə edilmiş iqtisadi və sosial nailiyyətlər bunu bir daha təsdiqləyir:
“İqtisadiyyatımız 2,2 faiz artmışdır. Hesab edirəm ki, bu, yaxşı nəticədir. Neftin qiyməti sabitdir, ancaq Azərbaycanda neft hasilatı bir qədər aşağı düşüb. Ümumi daxili məhsulun 2,2 faiz artması, hesab edirəm ki, yaxşı nəticədir. Xüsusilə nəzərə alsaq ki, qeyri-neft sektorunda artım 3,5 faizdir. Sənaye istehsalı 1,5 faiz artıb. Bunun da səbəbi məhz neftin hasilatı ilə bağlıdır. Ancaq bizim əsas prioritetimiz olan qeyri-neft sektoru 14 faizdən çox artıb. Burada, əlbəttə ki, keçən il istismara verilmiş nəhəng sənaye müəssisələrinin fəaliyyətə başlaması, eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması xüsusi rol oynayıb. Biznes mühitinin yaxşılaşdırılmasını Dünya Bankı da qeyd edir. “Doing Business” hesabatında Azərbaycan keçən il 20 ən islahatçı ölkə sırasına daxil edilibdir. Əlbəttə ki, bütün biznes qurumları bunu görür, hiss edirlər. Vergi və gömrük inzibatçılığı, biznes dairələrinə göstərilən dövlət dəstəyi, əlbəttə ki, qeyri-neft sənayesində də özünü büruzə verir”.

2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezidentin çıxışında səsləndirdiyi fikirlərə münasibət bildirən iqtisadçı ekspert Akif Nəsirli hesab edir ki, Azərbaycanda son illərdə xeyli işlər görülüb. Yollar çəkilib, kommunikasiya qurulub, qaz, su, işıq bütün ölkə ərazisində demək olar ki, mövcuddur və infrastruktur yenilənib:
“Əvvəllər bu problemlər olub. 2004-cü ildən başlayan dövlət proqramı bu işlərin öhdəsindən gələ bildi. Bunun ardınca bölgələrin sənayeləşməsi də aparılmalıdır. Əsas hədəf bölgələrdə inkişafın olmasıdır. Azərbaycan dövlət büdcəsinin gəlirlərinin çoxu Abşeron iqtisadi rayonun payına düşür. Qalan faiz isə 9 iqtisadi rayonun üzərinə düşür. Ona görə də disbalans aradan qaldırılmalıdır. O biri rayonlarda da daxili təlabatın ödənilməsi potensialı inkişaf etdirilməlidir. İndiki mərhələdən sonra fərqli yanaşılmalıdır. Necə ki, müşavirədə Prezident özü də iradları bildirdi. Yəni digər rayonların iqtisadi inkişafı üçün tamamilə yeni layihələr hazırlanmalıdır. Təkcə su, qaz, işiq deyil, tamamilə yeni mexanizm tətbiq olunmalıdır. Dünya standartlarına görə rayon və kəndlərdə də istehsal müəssisələri yerləşdirilməlidir. Kənd təsərrüfatı ilə məşğul olan insanların əməyi boşa çıxmamalıdır. Bu gün əsas piroritet məsələlərdən biri odur ki, bölgələrdə bu problem aradan qaldırlısın, emal müəssisələri yaradılsın. Bakıdan asıllıq azalsın. Emal müəssisələrinin olması kənd təsərrüfatının inkişafına birbaşa dəstək olacaq. Yerlərdə əhalinin məşğulluq səviyyəsi artacaq. İndiyə qədər əldə olunan uğurların davamı olaraq ölkənin mərkəzdən kənarda inkişafa nail olmaq lazımdır. Bu istiqamətdə addımlar atılmalıdır”.