Xəbər verdiyimiz kimi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Moskva prospektinin 20 yanvar küçəsi ilə kəsişməsində, “Şamaxı yolu” (“Şamaxinka”) adlanan ərazidə yeni asma piyada keçidinin inşası başlanılmışdı. AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlamasında bildirmişdi ki, tikinti işləri mövcud tikinti norma və qaydalarına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır, işlərin 2019-cu ildə yekunlaşdırılması nəzərdə tutulub.
Lakin 2020-ci il başalmasına baxmayaraq, piyada keçid istifadəyə verilməyib. Bununla bağlı Avtomobil Yolları Dövlət Agentliyinin sözcüsü Anar Nəcəfli ilə əlaqə saxladıq. O, hafta.az-a açıqlamasında bildirdi ki, piyadalar üçün nəzərdə tutulan həmin keçiddə işlər yekunlaşmaq üzrədir:
“Hazırda da bu istiqamətdə işlər aparılır. İşlər sona çatdıqdan sonra, çox güman ki, bu ay ərzində istifadəyə veriləcək”.
Qeyd edək ki, yerüstü piyada keçidi 3 giriş-çıxışlı olmaqla ümumi uzunluğu 134 metr, asma keçidin yol səthindən hündürlüyü ortalama 6 metr, qalereyasının eni isə 3.5 metr təşkil edəcək.