"Sədərək"dəki yanğından sonra sığorta şirkətləri sahibkarlara kompensasiya ödəmir - NARAZILIQ- FOTOLAR

14:15 28.02.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bir müddət əvvəl “Sədərək “ Ticarət Mərkəzində yanğın baş verdi. Yanğın nəticəsində xeyli sahibkara ziyan dəydi. Ümümilikdə “Sədərək” Ticarət Mərkəzinin yanan sahəsi təqribən 900-1000 kv/m olduğu bildirildi.

Qeyd edək ki, artıq iri ticarət mərkəzlərində bu cür yanğınlar ilk dəfə deyil ki, baş verir. Hadisədən sonra isə əsas müzakirə mövzusu yanan və ya ziyana düşən mağaza sahiblərinin əmlaklarını sığorta etdirib etdirməməsidir. 

Sözügedən məsələyə ölkə rəhbərliyi səviyyəsində də münasibət bildirilib. Prezidentin məsələ ilə bağlı mövqeyi aydındır:

“Mən bunu əvvəllər də demişəm, bir daha demək istəyirəm ki, Azərbaycanda mülkiyyətin sığortalanması prosesi ilə bağlı çox böyük maarifləndirmə işləri aparılmalıdır. Vətəndaşlar bilməlidirlər ki, evlər, əmlak sığortalanmalıdır. Nəzərə alsaq ki, Azərbaycanda bu sahədə böyük boşluqlar var, dövlət bütün maliyyə yükünü öz üzərinə götürüb. Əlbəttə, bu, böyük vəsait tələb edirdi, ancaq yenə də deyirəm, vətəndaşların rahatlığı, onların rifahı, normal yaşayışı bizim üçün əsas məsələdir. Ancaq hesab edirəm ki, bu il və bundan sonrakı illərdə əmlakın sığortalanması, o cümlədən maarifləndirmə ilə bağlı çox ciddi addımlar atılmalıdır. Bu məsələ ilə bağlı müxtəlif tədbirlər keçirilməlidir, atılacaq addımlar haqqında vətəndaşlara ətraflı məlumat verilməlidir”.

Sədərək Ticarət Mərkəzindəki yanğın hadisəsindən 10 gün keçir. Vəziyyəti öyrənmək üçün “Sədərək” TM-nə getdik. Maraqlanmaq istədik ki, yanğın zamanı sahibkarlara nə qədər ziyan dəyib və onlara kompensasiya ödəniləcəkmi, sığortası olunanlara sığorta şirkəti baş çəkibmi?

Bütün bu suallara cavab tapmaq üçün yanğın baş verdiyi yerdə mağaza sahiblərinə yaxınlaşdıq.

Ayaqqabı ticarəti ilə məşğul olan İlham adlı satıcı deyir ki, ona ziyan dəyməyib. Amma sığortası da yoxdur. Mallarını sığorta etdirməməsinin səbəbini isə özü də bilmir. Deyir ki, "hamı necə, bizdə elə?"...

Müsahibimiz bildirir ki, bu boyda ticarət mərkəzində sığorta etdirənlərin sayı çox azdır. Etdirənlər də öz pulunu ala bilmir.

Gözüm ayaqqabı dükanın qarşısında dayan cavan bir oğlana sataşdı. Deyəsən yanğından ziyan çəkənlərdəndir. Mağaza sahibinin adı Zamindir. Böyük bir mağaza olduğu bilinir. Təəssüf ki, elə böyük hissəsi də yanıb məhv olub.

- Zamin bəy, nə qədər ziyan dəyib sizə, sığorta etdirmişdinizmi?

- 12 min manatlıq mallarım yanıb. Və bu mənim üçün çox böyük bir iktidir. Çünki hər gün 100 manat yer pulu verirəm. Bunun qarşılığında belə bir ziyanın dəyməsi çox pis oldu. Sığortam var idi. Lakin hələ heç gəlib baxmayıblar da. Telefonla demişəm. Onlar da gələcəyini bildiriblər. Səs-sorağ yoxdur. Bir də deyirlər ki, sahibkarlar niyə sığorta etdirmirlər. Bu vəziyyətdən sonra sığorta şirkətlərinə güvən olarmı?

Mağaza sahibi Zamin bəy öz sığortacısının adını vermək istəmir. Deyir hələ ki, ümid var, gözləyirik. Sonra mətbuatda oxuyub daha da inada düşə bilərlər.

Sözügedən bazarda baş verən yanğın əsasən 8-ci sıraya ziyan vurmuşdu. Orada mağaza sahiblərinin bir qismi yanğından zərərçəkənlərdir. Zərər çəkməyənlərin də heç birinin sığortası yoxdur.

Tekstil mağazası sahibinə 500 min manatlıq ziyan dəyib. Mağaza tamamilə yanıb sıradan çıxıb. Sahibkar özü orada olmadığı üçün onunla yanaşı yerləşən mağaza sahiblərindən soruşduq. Bildirdilər ki, sahibkar mağazada yanğın baş verən gündən sığorta şirkəti ilə dava-şavadadır: “Sığorta şirkəti ondan böyük məbləğdə pul alıb, mallarını sığorta edib. Lakin indiki zərəri qarşılamaq üçün kiçik bir miqdarda vəsait təklif edir. Hələ ki, anlaşa bilmirlər. Bu bazarda sığorta etdirənlər belə hallarda öz pullarını sığorta şirkətindən rahatlıqla ala bilmirlər. Ona görə də bir çox sahibkarlar, elə bizlər sığorta şirkətlərinə olan inamımızı itirmişik”.

Həmin sırada və digər başqa sırada olan satıcılarla da həmsöhbət olduq. Sözlərindən belə çıxır ki, sığorta şirkətlərinə inamlarını itiriblər. Zərərçəkənlər də hələ ki, bazar rəhbərindən humanizm gözləyirlər. Onların bir neçəsi bizə bildirdi ki, kompensasiya ödəniləcəyi deyilib. Hələ ki, gözləyirlər.

Mövzu ilə bağlı iqtisadçı alim Vüqar Bayramov hafta.az-a açıqlamasında dedi ki, biznes obiyektlərinin sığortalanması məcburi olmalıdır:

"Yəni icbari xarakter daşımalıdır. Praktiki olaraq son ildə baş verən yanğınlardan sonra belə görünən odur ki, obyekt sahibləri sığorta məsələsində maraqlı deyillər. Baxmayaraq ki, yanğınlar, təbii fəlakətlər baş verir. Baş verdikdən sonra da bu məsələ gündəmə gəlir, müzakirə olunur. Müəyyən müddətdən sonra isə sakitlik hökm sürür. Qanunvericilik tələbi ilə biznes obiyektlərinin icbari sığortalanmasına ehtiyac var. Nəzərə alsaq ki, bir tərəfdən təhlükəsizlik qaydalarının gözlənilməməsi halları var. Baş verən yanğınları qiymətləndirdikdə məlum olur ki, təhlükəsizlik qaydalarının yetərli olmamasıdır. Bütün hallarda hadisənin hansı səbəbdən baş verməsindən asılı olmayaraq əmlakın, biznesin sığortalanmasına ehtiyac var. Bu gün Azərbaycanda bir çox şəxslər öz əmlakını sığortalamayıblar. Onlar uzun müddət ərzində qazandıqları vəsaiti bir gündə itirə bilirlər. Amma, sığortalansaydı, sığorta şirkətləri o ziyanı aradan qaldıracaqdı. Bunun ən effektiv yolu icbari xarakter almasıdır. İcbari sığorta tətbiq olunsa o zaman biznes sahibləri də məcburi şəkildə əmlaklarını sığorta etdirəcəklər. Anomal hadisələr baş verəndə onların bizneslərində iştirakçı olan şəxslər də zərərçəkməyəcək. Məlumatlandırma digər kompaniyalar aparılmalıdır. Maarifləndirmə işləri az deyil.  Burada sığorta sisteminə inamın az olması da problem yarada bilər. Maarifləndirmə işləri mütamadi aparılır, müzakirə olunur. Burada məsələ ondan ibarətdir ki, əvvəl dediyim kimi icbarilik təmin olunmalıdır. Sığorta sektoruna inamın artırılması üçün də işlər görülməlidir. Biznes sahibi sığortadan istifadə etməlidir. Bunun üçün xüsusi bir praktikaya ehtiyac da yoxdur. Sığortadan istifadə etmək dəymiş ziyanın aradan qaldırılması deməkdir. Bu baxımdan da sığorta ənənəsi yaranmasına ehtiyac var. Bütün inkiaşf etmiş ölkələr birmənalı şəkildə sığortadan istifadə edir".

Nə deyə bilərik... Hər kəs məsuliyyətini dərk etməli, üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Vaxtında ödənişlərini edib mallarını sığortalayan, lakin indi çətin duruma düçən sahibkarlara isə söğorta çirkətəri daha diqqətlə yanaşmalı, Onlaraolan azacıq inamın da itməməsinə çalışmalıdırlar.