"Tesla"da rəzalət: sürücülərin məhrəm yerlərini paylaşıblar

12:45 07.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Tesla" işçilərinin avtomobillərdəki kameralar vasitəsilə sürücülərin məhrəm yerlərinin və qəzaların görüntülərini lentə alaraq ofisdəki mesajlaşma qruplarında paylaşdıqları iddia edilib.

Hafta.az-ın "Reuters"ə istinadən yazdığına görə, kimliklərini açıqlamayan 9 keçmiş "Tesla" işçisi, elektrikli avtomobillərdəki kameraların qeyd etdiyi görüntülərin 2019-2022-ci illərdə təkbətək mesajlarda və ortaq qruplarda paylaşıldığını bildirib. Keçmiş "Tesla" işçilərindən biri, "Biz sürücülərin qarajları və evlərinin içini görə bildik" deyib. Başqa bir keçmiş işçi də iddia edib ki, kamera qeydlərində seks oyuncaqları və müxtəlif məhsullardan istifadə edilən intim görüntülər var. Bundan başqa, keçmiş işçilər şirkətin baş direktoru İlon Maskın avtomobilindəki kameranın görüntülərinin də paylaşıldığını iddia ediblər.

"Reuters"ə danışan iki nəfər, təxminən üç il əvvəl söhbət qrupundan birindəki bir videoda qarajda sualtı qayığa çevrilə bilən bir avtomobilin görüntülərinin olduğunu söyləyib. Buna görə sözügedən vasitə 1977-ci ildə Ceyms Bond filmi "Məni sevən casus"da istifadə edilən Lotus Espirit model avtomobilidir. Mask bu avtomobili 2013-cü ildə hərracda 968 min dollara almışdı.

Bununla belə, "Reuters" Maskın bu videonu görüb-görməməsinin məlum olmadığını bildirib.

Paylaşılan videolarda 2021-ci ildə baş vermiş qəza görüntülərinin olduğu da iddia edilib. Buna uyğun olaraq videoda sürətlə hərəkət edən "Tesla" avtomobilinin yolda velosiped sürən uşağı vurması anları yer alıb. Keçmiş işçilər bu görüntülərin Kaliforniyanın San Mateo şəhərindəki "Tesla" ofisində yayıldığını söyləyib. Sözügedən video və görüntülər agentliklə paylaşılmayıb. Keçmiş işçilər də videoların onlarda olmadığını iddia ediblər.

Görüntülərin hələ də "Tesla" ofislərindəki mesajlaşma qruplarında paylaşılıb-paylaşılmadığı bilinmir və ən pisi odur ki, "Tesla" mətbuatın bu müstəvidə suallarını cavablandırmır.

Digər tərəfdən, bəzi keçmiş işçilər videoların iş məqsədilə paylaşıldığını müdafiə ediblər. Buna uyğun olaraq, kamera qeydləri digər bölmələrlə birgə həyata keçirilən texniki dəstək və nasazlıqların aradan qaldırılması proseslərində istifadə olunub.

"Tesla"dakı kameralar son vaxtlar mübahisələrə səbəb olub. Çində dövlətə məxsus bəzi bina və yaşayış evlərinə bu avtomobillərlə girmək qadağan edilib. Mask, 2021-ci ildə Çində qatıldığı bir toplantıda, "Maşınlardan Çində və ya hər hansı bir yerdə casusluq etmək üçün istifadə etsək, onlar şirkəti bağlayacaqlar" deyib.