"Türkiyə, Pakistan bayraqları yığışdırılsın" deyənlərə SƏRT CAVAB - "ONLARIN..."

16:58 09.09.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Tarixi zəfər ilə başa çatan 44 günlük vətən müharibəsi xalqımızda bayraq sevgisini daha da qabartdı. Bunu insanların eyvanlardan, küçələrdən asdıqları bayraqların timsalında açıq-aydın hiss etmək olur. Lakin əksər yerlərdə bayrağımız tək deyil, dost və qardaş ölkələr olan Türkiyə və Pakistan, hətta İsrailin dövlət bayraqları yanaşı dalğalandırılır.

Lakin son zamanlar insanlarda ciddi narazılıq yaradan "Türkiyə və Pakistan bayraqları artıq yığışdırılsın", "xarici dövlətlərin bayraqlarının asılması qanunla qadağandır" kimi çağırışlar eşidirik.

Sosial şəbəkələrdə də kimliklərini gizli saxlayaraq bu cür statuslar paylaşanlara rast gəlinir.

Məsələ ilə bağlı hafta.az-a danışan millət vəkili Azər Badamov söylədi ki, qanunvericiliklə dövlət bayrağımız xarici ölkələrin bayraqları ilə yan-yana asıldığı zaman digərlərindən bir qədər yüksəyə qoyulmalıdır. Başqa dövlətlərin bayrağının Azərbaycan bayrağı ilə yan-yana asılması qadağan olunmayıb:

“Bununla yanaşı, biz 44 günlük vətən müharibəsinində böyük qələbə əldə etdik. Qələbəyə dost mövqeyi ilə yanaşan Türk və Pakistanın bayraqlarını bayrağımızla birgə dalğalandırırıq, bunu da həmrəyliyimizin nümayişi kimi başa düşmək olar”.

"Bunu deyən adam həqiqətən də 44 günlük vətən müharibəsinin əhəmiyyətini başa düşmür. Hesab edirəm ki, Azərbaycan xalqının çoxəsirlik tarixində belə möhtəşəm qələbə heç vaxt olmayıb. Bizim haqq və ədalət uğrunda apardığımız mübarizədə ölkəmizə dəstək verən qardaş ölkələrin bayrağının küçələrdə asılmasının həmin adamlara nə isti-soyuğu var".

Bu fikirləri isə hafta.az-a millət vəkili Məlahət İbrahimqızı səsləndirib. Onun sözlərinə görə, həmin insanlar bu üç qardaş dövlətin arasına nifaq salmaq istəyən xarici qüvvələrdir:

"Vətənini, millətini, xalqını, Qarabağın bir ovuc torpağını sevən heç bir azərbaycanlı heç vaxt bu sözü deməz. Bəlkə də 50-100 il keçəcək, ondan sonra insanlar bununla bağlı nələrsə deyə bilərlər. Amma biz bu tarixin canlı şahidləriyik, haqq davamızda qazilər, şəhidlər verən xalqıq.

Dünya erməniliyi Azərbaycanın üzərinə hücum etdiyi dövrdə bu iki qardaş dövlətin birliyini gördü. Hətta mən qardaş və dost ölkələr siyahısına İsraili də əlavə edərdim. Hansı ki müharibənin ilk günlərindən etibarən ölkəmizə böyük dəstək göstərdi.

Ermənilərin bütün müraciətlərinə “Yox” dedilər. Ona görə də bu bayraqların asılmasına etiraz edən insanları mən təsəvvürümə gətirə bilmirəm. Hesab edirəm ki, onlar vətən müharibəsinin mahiyyətini, yaxud da 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın müqəddəsliyini yetərincə dəyərləndirə bilmirlər. Həm Türkiyə və Pakistanın, həm də İsrailin bayraqları bizim üçün əzizdir. Çünki dost çətin gündə tanınar. Möhtərəm prezidentimiz dəfələrlə öz çıxışlarında bildirib ki, bizə dost deyən çox ölkələr var idi. Amma əsil dost özünü çətin günlərdə göstərəndir. Biz ölkəmizdə həmin dövlətlərin bayraqlarının dalğalandırılmasına çox gözəl baxmalıyıq".