"Düşünürəm ki, CXP bu dəfə HDP-nin təsiri altına düşməyəcək və millətin yanında dayanaraq müzakirəyə çıxarılacaq Azərbaycan sənədinə qeyd-şərtsiz səs verəcək".
Hafta.az-ın yazdığına görə, bu sözləri Türkiyə Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Dəstici türk ordusunun daha bir il müddətinə Azərbaycanda qalmasına dair sənədin parlamentdə müzakirəyə çıxarılması ilə bağlı verilən sualı cavablandırarkən deyib.
Dəstici əlavə edib ki, Azərbaycanla bağlı məsələlərə milli prizmada baxmaq lazımdır. Onun sözlərinə görə, CXP türk ordusunun İraqda və Suriyada qalmasına dair sənədlərə "hə" deməsinə rəğmən sonuncu səsvermədə "xeyr" deməsi bu partiyanın qəti mövqe nümayiş etdirmədiyini və milli maraqları ciddiyə almadığını göstərir:
"İnşallah, həftə ərzində Prezident Admnistrasiyasından Məclisə daxil olacaq Azərbaycana əsgər göndərmə sənədinə, əlbəttə, PKK-nın siyasi qanadı olan HDP-dən gözləntimiz yoxdur, qalan bütün partiyaların yekdil səs verəcəyinə inanıram. CXP Suriya və İraq məsələsində HDP-nin təzyiqlərinə dözmədi, onlar deyəni dedi. Bu gün xalqımızın CXP-dən gözləntisi odur ki, bu dəfə HDP-nin, yaxud da erməni lobbilərinin təsiri altında qalmadan can Azərbaycanımıza əsgər göndərmə sənədinə "hə" deyəcək. Məclisdə qrupu olan və ya olmayan bütün siyasi partiyalarımız bu məsələdə vahid mövqedən çıxış etməlidir", - BBP sədri deyib.
Azərbaycan xalqını Qarabağ Zəfərinin 1-ci ildönümü ilə bağlı təbrik edən M.Dəstici bildirib ki, iki qardaş ölkənin ortaq yürütdüyü əməliyyatlar sonda zəfərlə yekunlaşdığı üçün, əslində bu Zəfər hər iki ölkənin xalqının bayramıdır.
"Can Azərbaycanın Türkiyə Cümhuriyyəti və Türkiyə Silahlı Qüvvətləri ilə ortaq yürütdüyü Qarabağı işğaldan azad etmə hərəkatı zəfərlə başa çatdı. Bir daha başda Azərbaycan dövləti və azərbaycanlı qardaşlarımız olmaqla, bütün millətimizin Zəfər bayramını təbrik edirəm. Zəfər hamımızın, bütün türk dünyasının zəfəridir. Biz Qarabağdakı zəfərə sevinirik, o ərazilərin yenidən qurulmasına dəstək veririk. Suriya və İraq sənədlərinin səsverməsində bəlkə də CXP sədri ciddi düşünməyə bilər, amma milli mövqeyi mütləq nəzərdən qaçırmamalıdır. Biz Azərbaycan başda olmaqla, qardaş və soydaş ölkələrimizlə iş birliyi quracağıq. Qarabağ ilk və son olmayacaq. Bundan sonra da bu hərəkatlar davam etdiriləcək. Bu yolla həm ətrafımız terrorçulardan təmizlənəcək, həm də işğal edilmiş torpaqlar azad edilərək əsl sahiblərinə qaytarılacaq", - M.Dəstici bildirib.