1295 hərəkət iştirakçısı cərimələnib

12:29 09.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyulun 8-də xüsusi karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmiş hərəkət iştirakçılarının sayı və görülən tədbirlər barədə məlumatı açıqlayıb.

İdarədən hafta.az-a bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə iyulun 8-də saat 00:00-dan iyulun 9-u saat 00:00-dək olan müddətdə nəqliyyat vasitələri ilə hərəkətdə olan 1081 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 213 nəfər həmin Məcəllənin 211.2-ci, eyni əməllərin il ərzində təkrar törədilməsinə görə isə Məcəllənin 211.3-cü maddəsi ilə 1 nəfər olmaqla ümumilikdə 1295 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci kilometrliyində yerləşən karantin keçid postundan 20-i rayon, 35-i paytaxt istiqamətinə olmaqla 55, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci kilometrliyində yerləşən postdan 25-i rayon, 65-i paytaxt istiqamətinə olmaqla 90, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrliyində yerləşən keçid postundan 115-i rayon, 65-i paytaxt istiqamətinə olmaqla 180 avtomobil geri qaytarılıb. Ümumilikdə 325 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Oxunma sayı 1651
Sosial rubrikasından digər xəbərlər