2020-ci ilin iqtisadi mənzərəsi- 2021-ci ildən gözləntilər nədən ibarətdir?

17:36 30.12.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Təzadlarla dolu 2020-ci ili yola salıb, 2021-ci ili qarşılamağa hazırlaşırıq. Adətən, il sonunda ənənəvi olaraq ayrı-ayrı sahələrin yola salınan ili necə başa vurduğunun təhlili aparılır. Maraqlıdır, görəsən, bu ilin iqtisadi mənzərəsini necə qiymətləndirmək olar? 2021-ci ildən gözləntilər nədən ibarətdir?

Mövzu ilə bağlı hafta.az danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, 2020-ci il iqtisadi baxımdan o qədər də əlverişli il olmadı:

“Əslində cari ilin ilk ayları yaxşı başlamışdı. Sonradan koronavirus pandemiyası bütün gedişatı dəyişdi. Demək olar ki, postdevalvasiyalar dövründə ən ciddi artım sürəti 2020-ci ilin ilk iki ayında müşahidə olunurdu. İqtisadiyyat təxminən 3 faiz ətrafında artım nümayiş etdirirdi. Ancaq pandemiya bu prosesi tamamilə əngəllədi. Hazırda iqtisadiyyat 4 faiz kiçilib. Adambaşına düşən məhsul istehsalı 5 faiz azalıb. Bütövlükdə bəzi sektorda daha böyük kiçilmə müşahidə olunur. Məsələn, turizm sektorunda 55 faizdən artıq kiçilmə var, tikinti sektorunda 10 faiz kiçilmə var. Yəni hətta rəsmi rəqəmlər iqtisadiyyatın resessiyaya daxil olmasını təsdiq edir. Bu, təbii bir prosesdir, pandemiya dövründə bunun əksi mümkün deyildi. Düşünürük ki, real vəziyyət rəsmi rəqəmlərə ifadə olunandan daha ciddidir. Yəni iqtisadiyyatda kiçilmə daha çoxdur. Məşğulluqla bağlı risklər əhəmiyyətli səviyyədə artdı, hökumətin fiskal öhdəlikləri artdı. Bir sıra layihələrin icrasında gecikmələr baş verdi. Ümumilikdə, 2020-ci il iqtisadi baxımdan o qədər də əlverişli il olmadı”. Ekspert xatırladıb ki, sentyabrın 27-də başlayan müharibə hökumət üçün müəyyən xərc yükü də formalaşdırdı: “İndiki halda biz onları tam olaraq təhlil edə bilmirik, çünki hələlik məlumatlar ictimailəşdirilməyib. Ancaq istənilən halda bu məbləğin nə qədər olmasından asılı olmayaraq, görünən odur ki, ciddi fiskal risklər yoxdur. Düzdür, müharibə hər zaman xərc yükü formalaşdırsa da, torpaqlarımızın işğaldan azad edilməsi orta və uzunmüddətli dövrdə daha ciddi iqtisadi inkişaf üçün əsaslar da yaratdı”.

İqtisadçı öz açıqlamasında həmçinin yeni ilin büdcə sənədinə toxunaraq bu sənədin  daha mühafizəkar olduğunu vurğulayıb: “Əslində yeni büdcə sənədində işğaldan azad olunan ərazilərdə infrastrukturun bərpasına daha çox xərc çəkiləcəyi proqnozlaşdırılırdı. Lakin bu xərcin aşağı olması büdcə kəsirini də aşağı salıb.Eyni zamanda, sənədə əsasən, devalvasiya ehtimalı da istisnadır. Demək olar ki, manata təzyiqlər cari il ərzində də mövcud oldu. Xüsusən də ilin ilk rübünün sonunda manat üçün ciddi təzyiqlər meydana çıxdı. Daha sonra valyuta bazarlarının kiçilməsi, həm ölkə xaricində hərəkətin məhdudlaşdırılması, ticarət əlaqələrinin məhdudlaşması səbəbindən idxalın azalması və sair faktorlar bazarlarda təzyiqi artırdı. İlin ikinci yarısında büdcəyə əlavə transferin, yəni 850 milyon manat, yəni 500 milyon dollar artırılması aylıq olaraq bazara 80 milyon dollar daxil etmək imkanı yaratdı. Bütün bunlar müəyyən qədər tarazlığa gətirib çıxarıb. İndiki halda ciddi təzyiqlərin olduğunu düşünmürəm”.

Neftin qiyməti ilə bağlı vəziyyətə toxunan Rəşad Həsənov bildirib ki, bu sahədə əsas açar nöqtə pandemiyanın nə zaman aradan qalxacağı və onun təsirlərinin neytrallaşacağı ilə bağlıdır: “Neftin qiyməti dünya iqtisadiyyatının tam olaraq nə zaman açılacağı ilə bağlıdır. Hazırda dünya bazarında neftin qiymətinə təsir edən faktorlar var. Bunlar yaradılmış faktorlardır. Məsələn, OPEK-in hasilatın azaldılması təklifi ilə bağlı OPEK+ formatı çərçivəsində razılığın əldə edilməsi. Bu, süni yaradılmış şəraitdi, razılaşma əldə edilir, hasilat azaldılır və bunun nəticəsində qiymətin 40 dolların üzərində olmasına şərait yaradılır. Ancaq fundamental əsasların formalaşması dünyanın pandemiya problemini nə zaman həll etməsindən asılı olacaq. Artıq pandemiyanın üçüncü dalğasından söhbət gedir və 3-cü dalğada hökumətlərin necə davranması önəmli olacaq. Hazırda pandemiyanın ikinci dalğası ilə bağlı hökumətlərin qəbul etdiyi qərarlar, xüsusilə də böyük iqtisadiyyatların qəbul etdiyi qərarlar bazara birbaşa təsir göstərir. Bu gün üçün aktual olan məsələ OPEK dövlətlərinin necə davranacağı, OPEK+ formatı çərçivəsində əldə edilən sazişin gələcəyi ilə bağlıdır. Bu çərçivədə razılaşma olsa belə, çox ciddi qiymət artımından söhbət getmir, neftin 1 barelinin qiymətinin 2021-ci ildə 40-50 dollar arasında formalaşacağı gözlənilir”.

Məsələ ilə bağlı hafta.az-la fikirlərini bölüşən keçmiş maliyyə naziri, iqtisadçı Fikrət Yusifov da 2020-ci ilin bütün sahələr, o cümlədən iqtisadiyyat üçün çətin bir il olduğunu vuğulayıb. Ekspert qeyd edib ki, pandemiyanın yaşatdığı problemlər fonunda dünyanın, demək olar ki, bütün ölkələrində iqtisadiyyat resessiya yaşayır:

“Bu sırada Azərbaycan da var. Koronovirus pandemiyasına qədərki son iki ildə Azərbaycan iqtisadiyyatı yüksəliş dövrünə qədəm qoymuşdu. Çox təəssüf ki, iqtisadiyyatımız yenicə özünə gəldiyi bir vaxtda - 2019-cu ilin sonlarından dünyanı bürümüş koronavirus pandemiyası Azərbaycana və onun həyatının bütün sferalarına öz təsirini göstərməyə başladı. Ölkənin iqtisadiyyatı da pandemiyanın yaratdığı neqativ durumlara adekvat cavab verməli oldu. Hökumət ölkə iqtisadiyyatının onurğa sütunu olan kiçik və orta biznesin postpandemiya dövrünə qədər qorunub saxlanmasını iqtisadi siyasətin prioriteti kimi qəbul etdi. Belə bir vəziyyətdə iqtisadiyyatın dayanıqlığını təmin etmək məqsədilə bütün mümkün imkanlardan istifadəyə rəvac verildi. İqtisadi sektora təqdim olunan yardım zərfində müəssisələrə, biznes strukturlarına verilən vergi güzəştləri və vergi tətilləri ilk yerdədir. Belə bir şəraitdə insanların iş yerlərinin maksimum qorunub saxlanması və yeni iş yerlərinin açılması kimi məsələlər də ön plana keçdi. Digər tərəfdən Qarabağda uzun illər erməni vandallarının işğalı altında qalmış torpaqlarımızın işğaldan azad olunması uğrunda başladığımız Vətən Müharibəsi isə dövlətin heç də az olmayan maddi və maliyyə resurslarının bu məqsədlə istifadə olunması ilə müşayət olundu. Koronovirus pandemiyası hələ bitməyib, Vətən müharibəsi isə şanlı qələbəmizlə başa çatıb. Bəs bu şəraitdə biz iqtisadiyyatımızın inkişaf sürətini bərpa etmək üçün nələr etməliyik? Biz baş vermiş pandemiya və Vətən Müharibəsi qarşısında bir məsələni tam anladıq ki, möhkəm iradə və qətiyyət ortaya qoyulduğu təqdirdə, istənilən problemi həll etmək mümkündür. Deməli, bundan sonrakı dönəmlərdə biz daha güclü iqtisadiyyat qurmağa və daha böyük nəticələr əldə etməyə köklənməliyik. Bunun üçün ilk növbədə qətiyyət və iradə nümayiş etdirməliyik”.

Sabiq maliyyə naziri həmçinin deyib ki, 2021-ci ilin büdcə sənədi parametrlər baxımından pozitiv bir layihədir: “Ölkəmizdə gələn ilin büdcəsi ilə bağlı pozitiv proqnozlar qəbul edilib. Büdcənin həm gəlirləri, həm də xərclərində artımlar proqnozlaşdırılır. Əslində Vətən müharibəsi apardığımız və pandemiyanın baş verdiyi 2020-ci ildə iqtisadiyyatımız müəyyən itkilərlə üzləşdi. Dünya iqtisadiyyatında da belə ənənə, yəni azalmalar baş verir. Amma, mart-aprel aylarında pandemiyanın aradan qalxacağı və dünya iqtisadiyyatında yeni inkişaf meyillərinin baş qaldıracağı gözlənilir. Lakin bu faktın nə dərəcədə özünü doğruldacağı sual altındadır. Çünki təxminən bir ay bundan əvvəl İngiltərədə koronavirusun yeni növü peydə olub. Ona görə bu vəziyyətin nə qədər davam edəcəyi indiki halda sual altındadır. Lakin bütün bunlara baxmayaraq gələn il üçün hökümətin pozitiv büdcə sənədi hazırlaması müəyyən planların olduğunu deməyə əsas verir. Düzdür, bu planlar hələlik ictimailəşdirilməyib. Məsələn, planlar içində xaricdən böyük həcmdə investisiyaların Azərbaycana cəlb edilməsi, yeni güzəşt zərfinin hazırlanması və s. ola bilər. Düşünürəm ki, bu amil planlarda yer alıb. Beləliklə iqtisadiyyatımızda istədiyimiz addımlara nail ola bilərik”.