2023-cü il hansı iqtisadi yekunlarla yadda qaldı?

14:36 28.12.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Sona çatmaqda olan 2023-cü il bir sıra önəmli hadisələrlə tarixə qovuşmağa hazırlaşır. Şübhəsiz ki, bu il ölkəmiz üçün ən böyük uğur Azərbaycanın dövlət suverenliyinin bərpası ilə bağlıdır. Cəmi bir gün davam edən antiterror əməliyyatı nəticəsində Dağlıq Qarabağdakı separatçı rejimin ünsürləri süquta uğrayaraq ərazilərimizi tərk etmək məcburiyyətində qaldılar.  Xankəndidə, Xocalıda, Əsgəranda, Ağdərədə və bir sözlə, bütün torpaqlarımızda müqəddəs üçrəngli bayrağımız dalğalanır. Sözsüz ki, ərazilərimizin işğalçılardan tamamilə təmizlənməsi təkcə 2023-cü ilin deyil, Azərbaycanın son 200 illik tarixinin ən böyük uğurudur.

Maraqlıdır, bəs görəsən, bu il ölkəmiz hansı sosial, iqtisadi hadisələrlə yadda qaldı?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, 2023-cü il ölkəmiz üçün iqtisadi cəhətdən 2022-ci ildən bir az da yaxşı il oldu:

– Ümumiyyətlə, pandemiya ili olan 2020-ci ildən sonra keçən hər il ölkəmiz üçün bir az daha uğurlu olub. İqtisadi göstəricilər artıb, əhalinin gəlirləri yüksəlib, dayanıqlılıq möhkəmlənib və s. Belə ki, bu ilin əvvəlindən, daha dəqiq desək, ölkə başçısının 5 yanvar 2023-cü il tarixli sərəncamından başlayaq. Yanvarın 1-dən minimum əməkhaqqı 300 manatdan 345 manata, minimum pensiya məbləği isə 240 manatdan 280 manata çatdırıldı. Eyni zamanda müavinət və təqaüdlər də artırıldı.

Təbii ki, 2019-cu il sosial, iqtisadi, idarəetmə sahəsində böyük islahatlar ili olaraq yadda qalmışdı. Həmin ildə qeyd olunan göstəricilər üzrə iki sosial paket həyata keçirilmişdi. Üçüncü sosial paketin icrasına isə ötən il, yəni 2022-ci ildə başlanılmışdı. İlin əvvəlindən minimum əməkhaqqı 300, əmək pensiyalarının minimum məbləği isə 240 manata çatdırılmışdı.

Prezidentin 5 yanvar 2023-cü ili sərəncamı sayca dördüncü sosial paket idi və 1,9 milyon vətəndaşı əhatə etməklə il ərzində 750 milyon manatdan çox vəsaitin xərclənməsini nəzərdə tuturdu. Son beş ildə dördüncü sosial paketin icrası ölkə iqtisadiyyatında artımın nəticəsi və təkcə neftin deyil, dövlət büdcəsinə neftdənkənar sahələr üzrə gəlir və vəsait daxilolmaları hesabına idi”.

Ekspert vurğulayıb ki, bu ilin ikinci ən mühüm məsələsi inflyasiya, qiymətlərin bahalaşması ilə bağlıdır: “2023-cü ilin mayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4 faiz az, ötən ilin mayına nisbətən isə 11,5 faiz çox təşkil etdi. Bu, o demək idi ki, az qala iki il yarım ardıcıl davam edən bahalaşma və inflyasiya prosesindən sonra ilk dəfə olaraq bu ilin mayında səngimə qeydə alındı. Bu, ötən ilin birinci rübünün, uzağı ilk yarısının sonuna proqnoz edilirdisə, baş tutmadı. Sonradan ilin ilk üç ayının sonuna gözlənilsə də qeyd etdiyim kimi, cüzi də olsa məhz bu ilin mayında baş verdi. Bahalaşma və inflyasiya prosesi əslində apreldə zəifləməyə başlamışdı. Belə ki, 2023-cü ilin aprelində ölkəmizdə inflyasiya martda qeydə alınmış 0,7 faiz səviyyəyə qarşı 0,3 faiz təşkil etmişdi. Bu isə o demək idi ki, proses artıq, zəifləməyə doğru istiqamət götürüb. Odur ki, mayda tempin səngiyəcəyi aydın görünürdü. Buna da ən çox prosesin məhz qlobal miqyasda baş verməsi əsas yaratdı. Bir məqam var ki, qlobal məkanda hər şey əslində xeyli əvvəl təzahür etməyə başlamış olsa da, bizdə məhz mayda büruzə verdi. Dünya bazarlarında bir sıra strateji məhsullar, o cümlədən ərzaq malları yanvardan ucuzlaşmağa başlamışdı.

Ümumiyyətlə, 2021-ci ilin əvvəlindən başlanan və bütövlükdə ötən il ərzində Rusiya-Ukrayna müharibəsinin təsiri nəticəsində daha da alovlanan qiymətlərin bu ildən ucuzlaşacağı qabaqcadan gözlənirdi. Buna enerjidaşıyıcıları üzrə qiymətlərin sabitləşməsi əsas yaratmalı idi və yaratdı da. Bu gün ölkədə iqtisadi artım az da olsa, pis səviyyədə deyil. 2023-cü ilin yanvar-noyabr aylarında 110 milyard 212 milyon 800 min manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox ÜDM istehsal olunub ki, neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azaldığı halda, qeyri neft-qaz sahəsində 3,2 faiz artıb. Ötən ilin yekununda artım 4,6 faiz təşkil etmişdi. Lakin bu, beynəlxalq bazarlarda enerjidaşıyıcılarının qiymətləri üzrə konyunktur vəziyyətlə, həmçinin neft-qaz sektorumuzda hasilatın bu ildəkindən çox təşkil etməsi ilə əlaqədar idi”.

Ölkədə maliyyə sektorundakı vəziyyətə gəlincə, P.Heydərov deyib ki, manat möhkəmlənməyə doğru meyil etsə də, sabit qalıb:

– Tədiyə balansının cari əməliyyatlar hesabında irihəcmli profisitlə (9 ayda 6,7 milyard ABŞ dolları və ya ÜDM-nin 12,5faizi) əlaqədar olaraq ilin əvvəlindən bəri keçirilən valyuta hərraclarının 95 faizində təklif tələbi üstələyib. Odur ki, Mərkəzi Bank (AMB) valyuta bazarına müdaxilə edərək 1,4 milyard ABŞ dolları alış edib. Ona görə də, adıçəkilən qurumun valyuta ehtiyatları 20,3 faiz artaraq 10,8 milyard ABŞ dollarını keçib.

Bundan başqa, ilin müxtəlif dövrlərində iki bank müflis elan edildi. Hazırda isə 23 bank fəaliyyət göstərməkdədir.  Azərbaycan Mərkəzi Bankının makroiqtisadi və maliyyə sabitliyini qorumağa dair həyata keçirdiyi siyasət nəticəsində hər bir bankın kənar şoklara qarşı dayanıqlığı qorunub saxlanıb, kapitallaşma, müvafiq risklər üzrə prudensial tələblər gücləndirilib, pul siyasəti qərarlarının ötürücülük imkanlarının artırılması hesabına bank sektorunda kredit portfeli bütün seqmentlər üzrə müsbət inkişaf etdirilib. Bütün bunlardan əlavə 2023-cü il ölkəmizdə turizm sektorunun bərpa prosesində xüsusi önəm daşıyıb. Belə ki, bu ilin yanvar-noyabr aylarında ölkəmizə 186 ölkədən 1 893 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 29,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Hərçənd ki, 2020-ci ildə pandemiya bu sektora çox böyük ziyan vurmuşdu.

Cari ildə ölkə iqtisadiyyatında baş verən digər müsbət tendensiyalara da toxunan ekspert qeyd edib ki, istər Qarabağ və Şərqi Zəngəzurda aparılan işlər, istər ölkəmizin qaz ixracı potensialını gerçəkləşdirmə imkanlarının reallaşdırılması istiqamətində Avropa ölkələri ilə əldə olunan razılıqlar gələcək üçün yeni perspektivlər yaradır.

Mövzu ilə bağlı millət vəkili Vüqar Bayramov bildirib ki, Azərbaycan 2023-cü ildə də iqtisadi artım tempini qoruyub saxlamağı bacardı:

– 2023-cü il Azərbaycan üçün yaddaqalan illərdən oldu. Bu ildə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bu kontekstdən 2023-cü ildə bir tərəfdən iqtisadi artım tempi qorunub saxlanıldı. 2023-cü ilin iqtisadi baxımdan yaddaqalan hadisələrini qruplaşdırsaq, Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidənqurması artıq Füzuli və Laçında qayıdışın həyata keçirilməsi xüsusi qeyd olunmalıdır. Bir tərəfdən də ərazilərimizin bərpasına ayrılan vəsaitin həcmində artımlar oldu. Son üç ildə Qarabağa və Şərqi Zəngəzurun bərpa yenidurmasına 12 milyard manat vəsait ayrılıb. Bu il məskunlaşmanın intensivləşməsi, Zəngilandan sonra Laçında məskunlaşmanın həyata keçirilməsi ilə yadda qaldı.

Deputat əlavə edib ki, digər mühüm məqam qeyri-neft sektorundakı artımın ümumi iqtisadi artımla müqayisədə daha yüksək olmasıdır:

– Praktik olaraq mərhələli şəkildə qeyri-neft sektoru drayverə çevrildi. Makroiqtisadi stabillik qorunub saxlanıldı. Bu, çox vacib idi. Bir sözlə, 2023-cü il iqtisadi baxımdan stabil bir il oldu.