Agentlik tərəfindən Xidmətlər Zərfində dəyişikliklərin edilməsi, tibbi xidmətlərin sayının artırılması ilə bağlı layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub. Dəyişikliyə əsasən 3000-ə qədər tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur. Məqsəd əhalini daha çox sayda tibbi xidmətlə təmin etmək və xidmətlərin əlçatanlığını artırmaqdır.
Hafta.az-ın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova saytımıza açıqlamasında bildirib:
Xidmətlər Zərfinə əlavə edilməsi nəzərdə tutulan əməliyyatlar sırasına oftalmoloji əməliyyatlar, travmatoloji əməliyyatlar, ürək-damar cərrahiyyəsinə əlavə olunan tibbi xidmətlər aid edilib. Həmçinin Xidmətlər Zərfində sığorta limiti tətbiq olunan tibbi xidmətlər - endoprotezləşdirmə, koxlear implantasiya ilə bağlı sığorta limitinin artırılması nəzərdə tutulub. Bundan əlavə, orqan transplantasiyasının da bu ildən limitli şəkildə icbari tibbi sığorta çərçivəsində qarşılanması nəzərdə tutulur.