3320 ton qızıl YASTIQ ALTINDA SAXLANILIR

14:18 18.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə iqtisadçılar 1992-ci ildən bəri dərc olunan məlumatları təhlil edərək, iyul ayı etibarilə ölkədəki qızılın ümumi miqdarının 4382 ton (246 milyard dollar həcmində) olduğunu müəyyən ediblər.

Hafta.az-ın yazdığına görə, QNB Finansbank İqtisadi Araşdırmalar bölməsi Türkiyədə yastığın altında nə qədər qızıl olduğuna dair geniş hesabat hazırlayıb.

Qeyd olunub ki, ölkədəki mövcud 4382 ton qızılın 508,4 tonu Mərkəzi Banka məxsusdur. Xəzinədarlığın da 50,1 ton qızılı var. Banklardakı qızıl hesablarının ümumi həcmi isə 501 ton səviyyəsinə çatıb.

Mərkəzi Bankda və banklarda saxlanılmayan, yəni yastıq altında saxlanılan qızılın 3320 ton (186,5 milyard dollar) səviyyəsində olduğu müəyyən edilib. 2020-ci ildə iqtisadi şərtlərin pisləşməsi ilə 2900 tona qədər azalan qızıl ehtiyatı daha sonra yenidən artmağa başlayıb.

Yastıq altındakı qızıl ehtiyatının son 1 ildə təxminən 200 ton (11 milyard dollar) artdığı hesablanıb.

Zərgərlik Məmulatı İxracatçıları Birliyinin (JTR) sədri Mustafa Kamar deyib ki, əslində Türkiyədə yastıq altında 5 min ton qızıl var və onun pul ekvivalenti 300 milyard dollardır: “Bunun 70 faizi zinət əşyaları, qalanı külçə qızıl və sair formasındadır".