Hərdən günün səhər və axşam çağında təmiz hava qəbul etmək üçün Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsində yerləşən “Veteranlar” parkına gəlirəm. Zamanından, vaxtından asılı olmayaraq, eyni bir adamla rastlaşıram. Ortayaşlı bir kişi bütün günü işləyir, parkdakı yaşıllıqlara qulluq edir. Yorulmaq bilmədən təkbaşına gah əlinə bel alıb ağacların dibini boşaldır, gah da ağacları, yaşıllıqları suvarır. Bir gün həmin şəxslə maraqlandım. Bağban vəzifəsində çalışdığını, Ağdam rayon köçkünü olduğunu, Əfqanıstan və Qarabağ Müharibəsi veteranı Valeh İsmayılov olduğunu dedi:
”İşğala qədər Ağdam Rayon Mədəniyyət İdarəsində işləyirdim. Ağdam şəhərində ikimərtəbəli evim vardı, pis də dolanmırdıq. Elə ki, 23 iyul 1993-cü ildə Ağdam erməni ordusu tərəfindən işğal olundu, bizim də qara günlərimiz başladı. Paytaxta üz tutduq. Doğma Bakı biz məcburi köçkünlərə qucaq açdı. Suraxanı rayonunu Qaçuxur qəsəbəsində elə işlədiyim parkın yaxınlığındakı doqquzmərtəbəli yaşayış binasında məskunlaşdıq. Maddi çətinliklər içərisində yaşayırdıq. Səkkiz nəfər ailə üzvümüz var. Heç birimiz işləmirdik, yoldaşım əlildir. Dolanışığımız üçün İş axtarırdım. Məskunlaşdığımız rayonda heç kəsi tanımırdım. İş üçün döymədiyimiz təşkilat və müəssisə qalmamışdır. Axırda yaxınlardan biri dedi ki, Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Mais Məmmədov çox yaxşı adamdır, nə qədər imkansız adamları işə götürüb. Hamıya yaxşılıq edir, amma rəis çox tələbkardır. Mais müəllimin qəbuluna getdim. Dərdimi ona söylədim. Sağ olsun, məni eşitdi və işə götürdü. 2015-ci ildən bu parkda bağban işləyirəm. Keçən ildən bağban ştatı ilə Qaraçuxur Bələdiyyəsində çalışıram”.

Əfqanıstan və Qarabağ Müharibəsi Veteranı söylədi ki, hər bir insan maaşının azlığından və çoxluğundan asılı olmayaraq, gördüyü işindən zövq almalı və ona can yandırmalıdır. Onun sözlərinə görə iş elə işdir: ”Mən də öz işimdən zövq alıram. Əgər belə olmasaydı,hər gün səhər saat 6:00-dan gecə saat 12:00-a kimi iş başında olmazdım. Səhər-səhər gəlib təmiz hava qəbul edirəm. Digər tərəfdən, bekar dayana bilmirəm, gəlib işlə başımı qatıram. Parkın ərazisi, təxminən, 4,5 hektar olar. Bu boyda sahəyə təkbaşına qulluq edirəm. Parkda hər cür bəzək və kol bitkiləri var. Artıq işə alışmışam, buranı özümə yurd, məskən secmişəm. Bu yay qoymamışam bir ağacın yarpağı belə solsun. Vaxtlı-vaxtında onları sulayıram, diblərini belləyirəm”.
Valeh kişi dedi ki, ağac və kolları təkcə sulamaqla, diblərini belləməklə iş bitmir: “Onlar da canlıdır. Qayğıya ehtiyacları var. Dünyanın hər yerində xəstəliklər, viruslar baş alıb gedir. Yaşıllıqları parazit göbələkləri, bakreriyalar və həşəratlar məhv edir, xəstəlik bitkiləri qurudur. Bunun qarşısını almaq üçün dərman preparatları almışam. Ağac və kolları preparatla vaxtaşırı dərmanlayıram. Noyabr ayında ağaclar budanmalıdır. Onların qurumuş budaqlarını doğrayıram ki, ağaclar rahat nəfəs ala bilsin. Parkda vaxtilə qurumuş ağacların kökləri qalıb. Onları bir-bir çıxarıb yerində ağac və kol tingləri əkirik. Parkda sınan oturacaqları və “söhbətgah”ları təmir eləmişik, rəngləmişik. Ərazinin təmizliyinə də nəzarət edirik. Amma sakinlər parkın təmizliyinə fikir vermirlər. Parkın hər tinində, lazım olan yerlərə müasir tipli zibil qabları qoyulub. Sakinlər üçün hər cür şərait yaradılıb. Təəssüflər olsun, sakinlər məişət tullantılarını hara gəldi atırlar. Bəzən gecə müxtəlif vaxtlarda Qaraçuxur Bələdiyyəsinin sədri İxtiyar müəllimin özü də gəlib, “Veteranlar” parkının durumu ilə maraqlanır, təmir, bərpa işlərinin aparılmasında bizə köməklik edir. Bələdiyyənin sədri sadə və mehriban, həm də işgüzar adamdır, biz onun qayğısını hər vaxt hiss edirik. Biz məcburi köçkünlər Suraxanı rayonunda hər cür qayğı ilə əhatə olunmuşuq.
Müharibə veteranı onu da vurğuladı ki, Qaraçuxur qəsəbəsində ağacəkmə kampaniyasında da yaxından iştirak edir: “Yaşıllığı çox sevirəm, bitkilərin dilini bilirəm. Gərək bağa baxasan ki, bağ ola...”.