“4 oktyabr tarixi Azərbaycan xalqının müasir tarixində mühüm yer tutan, şanlı qələbə salnaməsinin rəmzinə çevrilmiş günlərdən biridir. Məhz bu tarixdə, 44 günlük Vətən müharibəsi zamanı qəhrəman Azərbaycan Ordusu Cəbrayıl şəhərini işğaldan azad edərək, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici bir uğura imza atıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış bu tarixi zəfər Azərbaycan xalqının iradəsinin, birliyinin və gücünün təntənəsidir”.
Hafta.az xəbər verir ki, bunu 4 oktyabr - Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 5-ci ilə bağlı açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib.
Cəbrayıl rayonunun Azərbaycanın cənub-qərbində yerləşən, zəngin təbii ehtiyatlara və qədim tarixə malik bölgə olduğunu qeyd edən deputat vurğulayıb ki, bu ərazi həm strateji-coğrafi mövqeyinə, həm də mədəni irsinə görə mühüm əhəmiyyət daşıyır:
“Uzun illər ərzində Ermənistanın işğalı altında qalan Cəbrayıl rayonu 1993-cü ilin avqust ayında düşmən qüvvələri tərəfindən işğal edilmiş, nəticədə on minlərlə sakin öz doğma yurd-yuvasından didərgin düşmüş, şəhər və kəndlər tamamilə dağıdılmışdı. Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu.
P.Vəliyeva qeyd edib ki, 2020-ci il oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun bir sıra kəndlərini azad etdi. Onun sözlərinə görə, bu, həm hərbi baxımdan, həm də mənəvi-siyasi planda mühüm dönüş nöqtəsi idi:
“Şəhərin azad olunması, sonrakı döyüşlərə yol açaraq Füzuli, Zəngilan, Qubadlı və nəhayət, Şuşanın azad olunmasına zəmin yaratdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti var.
Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Silahlı Qüvvələrinin minlərlə hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Eyni zamanda, Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycanın işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olunub.
2021-ci il 4 oktyabr tarixində Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi də önəmli hadisələrdəndir. Həmçinin Cəbrayıl rayonunun Soltanlı, Sarıcallı, Maşanlı, Böyük Mərcanlı və Karxunlu kəndlərinə xarici elektrik təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihə həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyul tarixli Qərarı ilə “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilmişdir”.
Deputat bildirb ki, bu gün azad olunmuş ərazilərimizdə sürətli bərpa və yenidənqurma işləri həyata keçirilir ki, Cəbrayıl şəhəri də bu inkişafdan kənarda qalmayıb, şəhərin infrastruktur layihələrinin icrasına start verilib:
“Artıq şəhərə ilk köçlər başlayıb və "Böyük Qayıdış" proqramı çərçivəsində Cəbrayıl öz sakinlərini yenidən qarşılayır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı 2024-cü ilin 26 sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Qeyd edim ki, Cəbrayıl Şəhəri Günü təkcə torpaqlarımızın işğaldan azad edilməsinin deyil, həm də xalqımızın yenilməz ruhunun və öz doğma torpaqlarına sadiqliyinin simvoludur. Bu gün Cəbrayıl öz yeni inkişaf mərhələsinə qədəm qoyur, müasir şəhərsalma prinsipləri əsasında qurulan yeni infrastruktur, sosial obyektlər, təhsil və səhiyyə müəssisələri Cəbrayılın sabahına inamı artırır. Azərbaycan xalqı əmindir ki, Cəbrayıl rayonunun tam bərpası, burada həyatın yenidən canlanması ilə Vətən müharibəsində qazanılmış qələbənin bəhrələri daha da möhkəmlənəcək və bölgə ölkənin dinamik inkişafına layiqli töhfələr verəcək.
Bu əlamətdar gündə bütün Cəbrayıl sakinlərini, qəhrəman qazilərimizi, şəhid ailələrimizi təbrik edir, azad və abad Cəbrayıl şəhərində daim sülh, rifah və əmin-amanlıq arzulayıram”.