“İstəyirik Azərbaycandan Türkiyəyə daha çox turist səfər etsin” – İrfan Çiftçi
Türkiyənin öndə gələn otelləri ilə əməkdaşlığın inkişafı və şəhər turizminin tanıdılmasına dair işçi görüş, Türkiyə Turizm Nazirliyinin təşəbbüsü və bu ölkənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşavirliyinin təşkilatçılığı ilə keçirilib.
Hafta.az yazır ki, bu sözləri səfirliyin Mədəniyyət və turizm müşaviri İrfan Çiftçi deyib.
Diplomat bildirib ki, görüşə qatılmaq üçün Türkiyədən Bakıya 100-ə yaxın tanınmış otelin nümayəndələri gəlib. Məqsəd isə həmin otelləri Azərbaycanın turizm agentliklərinə tanıtmaqdır. Diplomatın sözlərinə görə, otelçilərin bir-birilərini daha yaxından tanıması turizm əlaqələrinin inkişafına təkan verəcək.
İ.Çiftci əlavə edib ki, görüşdə daha çox dəniz turizmi ilə önə çıxan Antalya, Alaniya və digər məşhur tətil istiqamətləri deyil, əsasən İstanbul, Kayseri, İzmir və digər bölgələrdəki otellərin nümayəndələri iştirak ediblər. Çünki görüşün məqsədi daha çox şəhər turizmini tanıtmaqdır.
Müşavir qeyd edib ki, turizm əlaqələrini inkişaf etdirmək üçün davamlı səylər göstərilir: "İstəyirik Azərbaycandan Türkiyəyə daha çox turist səfər etsin. Düzdür, əvvəl Türkiyəyə gedənlərin sayı xeyli az idi, son 2-3 il ərzində 60-70 faiz artım olub. Amma ümid edirik ki, gələn il bu sahədə daha böyük artıma nail olunacaq", - İ.Çiftçi deyib.