ABŞ-ın Cənubi Qafqazda fəallaşmasının arxasında dayanan geosiyasi və geoiqtisadi maraqlar - Natiq Miri

15:11 06.07.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Dünyada davam edən geosiyasi qarşıdurmalar, qlobal ticarət marşrutlarının dəyişməsi və Cənubi Qafqazın strateji əhəmiyyətinin artması fonunda ABŞ-ın regiona marağı da güclənməkdədir. Qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni siyasi reallıqlar region dövlətləri ilə yanaşı, qlobal güclərin də siyasətinə təsir göstərməkdədir.

Bu dəyişikliklər fonunda Azərbaycan-ABŞ münasibətlərinin gələcək istiqaməti, qarşılıqlı maraq doğuran məsələlər və regional təhlükəsizlik gündəliyi yenidən müzakirə predmetinə çevrilib.

Politoloq Natiq Miri Hafta.az-a müsahibəsində Vaşinqton-Bakı münasibətlərinin mövcud vəziyyətini, əməkdaşlıq imkanlarını və bölgədə baş verən proseslərin bu əlaqələrə təsirini geniş təhlil edib.

- ABŞ-ın Cənubi Qafqazda sülh prosesinə artan marağını necə izah edirsiniz?

- Əgər bu gün dünyanın müxtəlif regionlarında müharibələr davam edir və həmin münaqişələrin daha genişmiqyaslı qlobal qarşıdurmaya çevrilmək təhlükəsi mövcuddursa, bu barədə suallar ilk növbədə Amerika Birləşmiş Ştatlarına ünvanlanmalıdır. Çünki ABŞ özünü dünyanın ən güclü və hegemon dövləti hesab edir. Belə olan halda qlobal təhlükəsizlik sistemində baş verən proseslərə görə də müəyyən siyasi məsuliyyət daşıyır. Ancaq ABŞ-ın müxtəlif regionlarda sülh təşəbbüsləri ilə çıxış etməsini yalnız sülhpərvər mövqeyi ilə izah etmək doğru olmaz. Amerika Birləşmiş Ştatları geosiyasi və geoiqtisadi maraqlarının olmadığı heç bir bölgədə bu səviyyədə aktivlik nümayiş etdirmir. Bu baxımdan həm Ukrayna-Rusiya müharibəsi, həm Yaxın Şərqdə davam edən qarşıdurmalar, həm də Azərbaycan-Ermənistan arasında sülh prosesinə göstərilən marağın arxasında konkret strateji maraqlar dayanır.

Bu gün Cənubi Qafqaz dünya ticarət yollarının əsas arteriyalarından birinə çevrilməkdədir. Müxtəlif istiqamətlərdə davam edən müharibələr mövcud nəqliyyat marşrutlarını risk altında qoyub. Xüsusilə ABŞ-İran qarşıdurması fonunda Xörmüz boğazı ətrafında yaranmış vəziyyət göstərdi ki, qlobal iqtisadiyyat üçün alternativ nəqliyyat dəhlizlərinə ciddi ehtiyac yaranıb. Bu baxımdan Azərbaycan və bütövlükdə Cənubi Qafqaz cəlbedici geostrateji məkana çevrilir.

Burada söhbət yalnız nəqliyyat-kommunikasiya xətlərindən getmir. Avrasiya həm də zəngin enerji ehtiyatlarının cəmləşdiyi coğrafiyadır. Türküstan regionundan Cənubi Qafqaza qədər uzanan enerji resursları ABŞ-ın diqqət mərkəzindədir. Vaşinqton hesab edir ki, əgər bu proseslərdə fəal iştirak etməsə, xüsusilə Çin kimi qlobal güclər yumşaq güc vasitəsilə həm nəqliyyat-kommunikasiya sistemlərinə, həm də enerji resurslarına daha böyük təsir imkanları əldə edəcəklər.

- Azərbaycan-Ermənistan sülh gündəliyində Vaşinqtonun rolu nə dərəcədə effektivdir?

- Mən hesab edirəm ki, ABŞ-ın prosesdə iştirakı kifayət qədər əhəmiyyətlidir. Çünki nə qədər müxtəlif fikirlər səsləndirilsə də, ABŞ və xüsusilə Donald Tramp amili ortaya çıxanda bu, region dövlətləri üçün müəyyən mənada dönüş nöqtəsinə çevrilir.

Əslində burada qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modeli formalaşıb. ABŞ öz maraqlarını təmin etməyə çalışırsa, Azərbaycan da öz milli maraqlarını reallaşdırır. Azərbaycan üçün əsas məsələ ölkədə sabitliyin möhkəmlənməsi, ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin olunmasıdır. Bu reallıq artıq beynəlxalq birlik tərəfindən qəbul edilir.

Digər mühüm məsələ ondan ibarətdir ki, yeni nəqliyyat-kommunikasiya layihələri türk dünyasının inteqrasiyasına xidmət edir. Türk dövlətləri arasında əməkdaşlığın dərinləşdiyi indiki mərhələdə bu amilin xüsusi strateji əhəmiyyəti var. Buna görə də ABŞ-ın prosesdə iştirakı həm regional sabitlik, həm də iqtisadi əməkdaşlıq baxımından əhəmiyyətli hesab oluna bilər.

Əvvəllər də bu istiqamətdə müxtəlif təşəbbüslər olub. Rusiya ilə yanaşı, Avropa İttifaqı da Brüssel, Praqa və digər Avropa paytaxtlarında keçirilən görüşlər vasitəsilə prosesə qoşulmuşdu. Avropa Şurasının o vaxtkı Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə danışıqlar aparılırdı. Lakin məsələyə neytral və balanslı yanaşma nümayiş etdirilmədiyi üçün həmin təşəbbüslər nəticə vermədi. Azərbaycan birtərəfli, Ermənistana üstünlük verən yanaşmaları qəbul etmədi və proses dayanmış oldu.

Hazırda ABŞ-ın dəstəyi ilə proses yenidən aktivləşir. Azərbaycanın da buna müsbət yanaşmasının səbəbi odur ki, bu təşəbbüslərdə Azərbaycanın beynəlxalq hüquqdan irəli gələn maraqları nəzərə alınır, eyni zamanda nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində real dəstək nümayiş etdirilir.

- ABŞ-ın regiondakı aktivliyi yeni geosiyasi balans yaradırmı?

- Bəli, hesab edirəm ki, regionda yeni geosiyasi balans formalaşır və bu balans ilk növbədə ABŞ-ın xeyrinə dəyişir. Çünki Amerika Birləşmiş Ştatları Cənubi Qafqazda təsir imkanlarını tədricən artırır və regionda daha ciddi siyasi aktora çevrilir.
Bu isə o deməkdir ki, uzun illər Cənubi Qafqazı öz təsir dairəsi hesab edən Rusiyanın əvvəlki imkanları tədricən zəifləyir. Rusiyanı narahat edən əsas məqamlardan biri də məhz budur. ABŞ-ın regiondakı siyasi çəkisinin artması geosiyasi balansı dəyişdirir və yeni qüvvələr nisbəti formalaşdırır.

- Bu prosesdə Azərbaycanın mövqeyi necə formalaşır?

- Azərbaycan bu proseslərdə tam praqmatik və balanslaşdırılmış siyasət yürüdür. Rəsmi Bakı regionda mövcud problemlərin həllinə real töhfə verməyə hazır olan bütün beynəlxalq tərəfdaşlarla əməkdaşlığa açıqdır. Hazırkı mərhələdə bu istiqamətdə daha fəal rol oynayan tərəf ABŞ-dır və Azərbaycan da milli maraqlarına uyğun olan təşəbbüslərə dəstək verir.

Eyni zamanda Azərbaycan heç vaxt bir dövlətlə münasibətlərini inkişaf etdirmək naminə digər dövlətlə əlaqələrini qurban vermir. Xarici siyasət balans prinsipi üzərində qurulub. Məsələn, Azərbaycan ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirir, bundan əvvəl Çinlə strateji tərəfdaşlıq sənədi imzalayıb, Rusiya ilə də strateji əməkdaşlıq formatı mövcuddur.

Bu onu göstərir ki, Azərbaycan xarici siyasətini hər hansı bir güc mərkəzinin maraqları üzərində qurmur. Əksinə, bütün tərəflərlə qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa və milli maraqların qorunmasına əsaslanan münasibətlər sistemi formalaşdırır. Azərbaycana hansı münasibət göstərilirsə, rəsmi Bakı da həmin dövlətə eyni prinsiplərlə yanaşır. Bu, müasir beynəlxalq münasibətlər sistemində kifayət qədər praqmatik və uğurlu xarici siyasət modelidir.