ABŞ İrana yenidən zərbələr endirib - YENİLƏNİB

08:06 08.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Mərkəzi Komandanlığının qüvvələri İrana qarşı yenidən zərbələr endirməyə başlayıb.

Hafta.az xəbər verir ki, bu barədə Mərkəzi Komandanlığın açıqlamasında deyilir. Bildirilir ki, bu addım İranın Hörmüz boğazında naviqasiya azadlığını təhdid etmək qabiliyyətini daha da zəiflətmək məqsədi ilə atılıb. “Amerika Birləşmiş Ştatları kommersiya gəmiçiliyinə və mühüm beynəlxalq su yolunda sərbəst hərəkət edən mülki heyətə qarşı son zamanlar əsassız təcavüzə görə İranı məsul hesab edir”,- deyə açıqlamada vurğulanır.

Qeyd edək ki, İran dövlət televiziyasının məlumatına görə, ölkənin cənubunda yerləşən Bəndər Abbas liman şəhərində ən azı səkkiz güclü partlayış baş verib.

17:25

ABŞ qüvvələri yaxın saatlarda İrana qarşı yeni zərbələr endirməyi planlaşdırır.

Bu barədə ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı bildirib.

"Ötən gecə onlara çox güclü zərbə endirdik. Ola bilsin ki, bu axşam yenidən zərbə endirək", – deyə ABŞ lideri bildirib.

"Mən onları xəbərdar edəcəyəm: bu axşam onlara güclü zərbə endirəcəyik. Sonra da nəticənin necə olacağını görəcəyik", – deyə o əlavə edib.

Qeyd edək ki, Ağ Ev rəhbəri bir müddət əvvəl İranla atəşkəsin başa çatdığını, hərbi əməliyyatların bərpa olunduğunu elan edib.