Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) xarici işlər nazirləri çərşənbə axşamı Manilada keçirilən illik iclasını artan geosiyasi qeyri-müəyyənlik, dəniz gərginliyi və davamlı münaqişələr fonunda birlik və kollektiv fəaliyyət çağırışı ilə açıblar.
Hafta.az Filippinin PNA agentliyinə istinadla xəbər verir ki, ASEAN ölkələri xarici işlər nazirlərinin 59-cu iclasını açan Filippinin xarici işlər katibi Tereza Lazaro dağıdıcılıq, qeyri-müəyyənlik və gözlənilməzlik ilə xarakterizə olunan dünyada aktiv həll yollarının müzakirəsinin həyati əhəmiyyətə malik olduğunu bildirib.
O əlavə edib: “Biz sadəcə axınla üzmürük, həm də təlatümlər şəraitində yırğalanan gəmini idarə edirik”.
İclasda bu il 50 illiyi qeyd edilən Dostluq və Əməkdaşlıq Müqaviləsi ASEAN-ın ən etibarlı “lövbəri” adlandırılıb, suverenliyə qarşılıqlı hörmət, bir-bidinin daxili işlərinə müdaxilə etməmək və mübahisələrin sülh yolu ilə həlli prinsipləri regional sabitliyin təməli kimi səciyyələndirilib.
Nazirlərin noyabr ayında keçiriləcək ASEAN Zirvə görüşündə liderlərə tövsiyələr təqdim etməzdən əvvəl bu təşkilatın siyasi-təhlükəsizlik, iqtisadi və sosial-mədəni sahələrdə əldə etdiyi irəliləyişi nəzərdən keçirmələri gözlənilir.
İyulun 21-də davam edən müzakirələr, həmçinin ASEAN-ın mərkəzliyini gücləndirmək, “ASEAN İcma Vizyonu – 2045” çərçivəsində regional inteqrasiyanı inkişaf etdirmək və xarici tərəfdaşlarla əməkdaşlığı genişləndirmək məsələlərinə də diqqət yetirəcək.
Bir həftə davam edəcək görüşlərdə regional təhlükəsizlik məsələlərinin əsas yer tutacağı gözlənilir. Bunlara ASEAN-ın Myanmada dayandırılmış sülh təşəbbüsünün canlandırılması səyləri, uzun müddətdir təxirə salınan Cənubi Çin dənizi davranış kodeksi ilə bağlı Pekinlə danışıqlar, regiondankənar münaqişələrin iqtisadi nəticələri, o cümlədən qlobal enerji və ticarət yollarında pozuntular daxildir.
İyulun 24-ə qədər davam edəcək Manila görüşlərinə, həmçinin ASEAN-ın dialoq tərəfdaşları olan “ASEAN Plus Three”, Şərqi Asiya Zirvəsi və ASEAN Regional Forumu ilə görüşlər də daxil olacaq. Görüşlərdə ABŞ, Çin, Rusiya, Yaponiya, Hindistan və Avropa İttifaqı və digər dövlətlər ilə regional və qlobal təhlükəsizlik problemləri müzakirə ediləcək.