Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı hazırlanmış 21-ci sanksiyalar paketi ilə bağlı yaranmış çıxılmaz vəziyyətdən çıxmaq üçün müxtəlif ssenariləri, o cümlədən həmin paketdən tamamilə imtina variantını nəzərdən keçirir.
Hafta.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, yeni sanksiyalar paketinin razılaşdırılması əsasən Yunanıstanın mövqeyi səbəbindən dalana dirənib. Afina Avropa şirkətlərinin Rusiyanın mayeləşdirilmiş təbii qazını (LNG) üçüncü ölkələrə daşımasının qadağan edilməsinə etiraz edir.
"Bloomberg"ə danışan mənbələrin sözlərinə görə, hazırda bir neçə alternativ variant müzakirə olunur. Bunlara yeni məhdudiyyətlərin qüvvəyə minməsinin 24 ay müddətinə təxirə salınması, Rusiya LNG-si ilə bağlı müddəaların sanksiyalar paketindən çıxarılması və ya paketin bütövlükdə qəbul edilməsindən imtina daxildir.
Bundan əlavə, mümkün kompromis variantlarından biri kimi mövcud müqavilələrin müddətinin uzadılması da nəzərdən keçirilir.
Xatırladaq ki, iyulun 20-də "Financial Times" Avropa rəsmilərinə istinadən yazmışdı ki, Aİ-yə üzv altı ölkə Rusiyaya qarşı 21-ci sanksiyalar paketinə etiraz edir.
Məlumata görə, həmin ölkələr ya ayrı-ayrı məhdudiyyətlərin paketdən çıxarılmasını tələb edir, ya da sənədin qəbulunu tamamilə bloklayırlar.
Belə ki, Yunanıstan Rusiyanın LNG-sinin üçüncü ölkələrə daşınmasının davam etdirilməsini istəyir. Portuqaliya və Almaniya Rusiyadan balıq idxalına qadağaya qarşı çıxır. Fransa və İtaliya Rusiya vətəndaşı olan hərbçilərə viza verilməsi ilə bağlı məhdudiyyətlərin yumşaldılmasını təklif edir.
Avstriya isə Rusiyanın "Raiffeisen Bank International"a tətbiq etdiyi cərimənin kompensasiyası məqsədilə dondurulmuş təxminən iki milyard avro həcmində Rusiya aktivlərinin blokdan çıxarılmasında israr edir.
Qeyd edək ki, iyulun 13-də Brüsseldə keçirilən görüşdə Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri Rusiyaya qarşı 21-ci sanksiyalar paketi üzrə razılıq əldə edə bilməmişdilər.