ABŞ Konqresinin aşağı palatası altı cəhddən sonra spiker seçə bilməyib

11:24 05.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Amerika siyasətində ikinci ən mühüm vəzifəyə, Konqresin aşağı palatasının spikeri vəzifəsinə namizədliyi irəli sürülmüş respublikaçı Kevin Makkarti yenə də lazımi sayda səs toplaya bilməyib. Bir əsrdən artıq müddətdə ilk dəfə olaraq Konqresin aşağı palatası sədr seçə bilmir.

Çərşənbə günü Nümayəndələr Palatası spiker seçmək üçün dördüncü, beşinci və altıncı cəhdlərini edbi və hər dəfə bir qrup radikal respublikaçı partiya üzvünü dəstəkləməkdən imtina edib.

Nəticədə səsvermənin cümə axşamı günortaya qədər təxirə salınması qərara alınıb.

20 respublikaçı keçmiş prezident Donald Trampın müraciətinə baxmayaraq, Makkartiyə yox, ilk dəfə olaraq konqresmen Bayron Donaldsa səs verib, digəri isə bitərəf qalıb.

Bu il Nümayəndələr Palatasında 222 Respublikaçı var və Makkartiyə qalib gəlmək üçün ən azı 218 səs lazımdır.

Makkartinin əsas rəqibi, Demokratların namizədi Hakim Ceffreys ardıcıl olaraq 212 səs qazanıb - bu, Demokratlar Partiyasının bütün fraksiyasıdır.