Açıq səma altında muzeylər - Araşdırma

23:56 13.01.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bir neçə gün öncə Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirdiyi müşavirədə bir çox maraqlı məqamlara diqqət çəkdi. Dövlət başçısının toxunduğu məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə muzey-memorial komplekslərinin yaradılması ilə bağlı idi: "Şəhərlər bərpa olunarkən hesab edirəm, hər bir şəhərdə dağıdılmış yerlər qalmalıdır ki, bunu heç kim heç vaxt unutmasın. Şəhərsalma işləri aparılarkən müəyyənləşdirib, sonra mənə məruzə edin, misal üçün, Ağdam şəhərinin, Füzuli şəhərinin, digər şəhərlərin hansı hissəsi, hansı kvartalı dağıdılmış vəziyyətdə qalsın, Ermənistan işğalının açıq səma altında muzeyi kimi”.

Bundan əlavə ölkə başçısı onu da qeyd etdi ki, azad olunmuş bütün şəhərlərdə işğal muzeyləri də yaradılmalıdır: “Memorial komplekslərlə, bizim Zəfərimizi əks etdirən abidələrlə bərabər, işğal muzeyləri də yaradılmalıdır".

Məlumdur ki, belə təcrübə ölkəmizə bir qədər yaddır. Bəs görəsən, işğal muzeyləri, adətən, hansı şəkildə qurulur? Biz bu kompleksləri dünyaya hansı vasitələrlə göstərə bilərik? Dünya təcrübəsinin ölkəmizdə tətbiqi nə cür həyata keçirilə bilər? Yaranmış suallara aydınlıq gətirmək üçün, hafta.az-ın əməkdaşı mütəxəssislərə müraciət etdi.

Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov bizimlə söhbətində bildirdi ki, ilk növbədə dünya təcrübəsinə əsaslanmalıyıq. Dünyada açıq səma altında muzeylər var:

Bir çox azad edilmiş rayonlarımız həmin memorial komplekslərin yaradılması üçün əlverişlidir

"Xüsusilə də müharibə və yaxud soyqırımı  nəticəsində yaranmış müxtəlif dağıntıların nümayişi ilə xatirələr əbədiləşdirilir. Biz də Qarabağ müharibəsi zamanı baş verən hadisələri işıqlandırmaq üçün bunu etməliyik. Təbii  ki, həmin ərazilərdə bərpa işləri aparılmalıdır. Müəyyən yerlər var ki, onlar erməni vəhşiliyini sübut etmək üçün mütləq şəkildə olduğu kimi saxlanılmalıdır. Bir çox azad edilmiş rayonlarımız həmin memorial komplekslərin yaradılması üçün əlverişlidir. Ağdam və Füzuli şəhərləri, demək olar ki, tamamilə dağıdılıb. Orada belə muzeylərin yaradılması çox vacibdir. Bununla yanaşı ora gələcək qonaqlar üçün müxtəlif dillərdə elektron lövhələr hazırlanmalı, Qarabağ müharibəsinin tarixi ilə bağlı məlumatlar verilməlidir. Muzeylərdə bir praktika da var ki, gələn qonaqlar getdikdə onlara xatirə əşyası, ya da buklet hədiyyə olunmalıdır. Xatirə əşyaları xüsusilə də xarici turistlər üçün çox əhəmiyyətlidir. Onlar gördüklərini soydaşlarına bu əşyalar əsasında daha açıq formada çatdıra bilərlər".

Mütəxəssis onu da qeyd edir ki, Qarabağ həqiqətlərini dünyaya olduğu kimi çatdırmaq üçün gərək belə muzeylərdə yeni texnologiyalardan da istifadə edək:

"Biz dünya təcrübəsini öz xüsusiyyətlərimizə uyğunlaşdırmaqla  tətbiq edə bilərik. Sözün düzü, indiyədək belə təcrübəmiz olmayıb. Quba Soyqırımı Memorial Kompleksi təsadüfi tapıntı əsasında yaradılıb. Hazırda bütün azad edilmiş ərazilərdə müharibə izlərini, erməni vəhşiliyini açıq şəkildə görmək olar. Ağdamda yerləşən Şəhidlər Xiyabanında bir dənə də olsun salamat qəbir yoxdur. Hamısı ya dağıdılıb, ya da, məhv edilib. Bu bizim üçün yeni bir reallıqdır. Ona görə də mövzuya Quba Məzarlığı Kompleksindən bir qədər fərqli yanaşmalıyıq. Yaxşı olardı ki, işğaldan azad edilmiş ərazilərdə yaradılacaq muzeylərdə yeni texnologiyalardan istifadə edilsin.  Burada, xaricdə yaşayan insanların internet vasitəsilə virtual tur təşkil edə bilməsi üçün elektron resurslar yaratmaq olar.

"Azərbaycanın Qarabağ bölgəsində infrastrukturun bərpası qədər muzeylərin yaradılması da önəmli sayılmalıdır". Bunu isə AMEA Elm Tarixi İnstitutu Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev deyib.

Biz öz tariximizi təbliğ edərək informasiya müharibəsində üstünlüyümüzü birə on qat artıracağıq

Prezident İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədəki çıxışı zamanı işğaldan azad olunmuş rayonlarda muzeylərin yaradılmalı olduğunu deyən şöbə müdiri bildirib ki, insan sadəcə oxumaqla deyil, görməklə və toxunmaqla hadisələri daha geniş şəkildə yaddaşına həkk edir. Eyni zamanda, Azərbaycana səfər edən hər hansı bir qonaq yazılı mətindən daha çox vizual məlumatlara diqqət yetirəcək. Beləliklə, biz öz tariximizi təbliğ edərək informasiya müharibəsində mövcud olan üstünlüyümüzü birə on qat daha artıracağıq".

B.Quliyev qeyd edib ki, bundan başqa, muzeylərin yaradılması ən qədim abidələrə malik olan Azərbaycana qarşı marağın artmasına səbəb olacaq və bu da turizmə müsbət təsir edəcək.

Muzeylərin yaradılması ideyasının Prezidenti İlham Əliyevin dərin uzaqgörən siyasətin mövcudluğunu bir daha göstərdiyini deyən B.Quliyev qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsində yaradılacaq muzeylərin təşkili üç istiqamətdə aparılmalıdır. Birincisi, dağıdılmış şəhərlərin təxmini böyük bir məhəllə böyüklüyündəki parçasını hasara alaraq heç toxunmadan muzey halına gətirmək, açıq hava muzeyi yaratmaq olar. Buraya hətta bura Ermənistana məxsus qənimət kimi əldə etdiyimiz hərbi texnika və sursat yerləşdirmək olar. Plastik manekenlərdən hərbi formalı əsgər modelləri qurmaq daha gerçək bir ab-hava yaradacaq. Bu muzeylərin içində həmin rayonların işğaldan azad edilməsi uğrunda şəhid olmuş oğullarımızın adları olan lövhələr quraşdırmaq olar.

Bu cür muzeylərin bütün rayonlarda olmasını vacib sayan B.Quliyev bildirib ki, Xocalı şəhərində hətta Xocalı faciəsini əks etdirən bir muzey mütləq yaradılmalıdır.

Muzeylərin təşkilinin ikinci istiqaməti barədə danışan alim deyib ki, 90 faizi və ya tamamilə salamat qalmış tarixi abidələr müəyyən olunmalı, onların əksik yönləri tamamlanmalı və inventarlaşdırılıb muzey halına gətirilməlidir. Azıx mağarasında Qobustandakına bənzər və daha real olan muzey yaradıla bilər. Dini abidələr də qeydiyyata alınıb və muzey halına gətirilməlidir. Bu prosesdə ilk olaraq abidə komplekslərinə öncülük verilməlidir. Üçüncü istiqamət isə son mərhələdir. Artıq infrastruktur yaradılmış rayonlarda muzey binalarının yaradılması, dağıdılmış abidələrin bərpa olunmasıdır.

Növbəti müsahibimiz abidələrin mühafizəsi üzrə mütəxəssis, arxeoloq Anar Ağalarzadənin sözlərinə görə, dünya praktikasında da işğal muzeyləri, müharibə dövrünü əks etdirən memorial kompleklər var. Həmin kompleklərin yardılması həqiqətləri daha dolğun əks etdirə bilmək üçün, mühüm əhəmiyyət kəsb edir:

Muzey işinin əsaslarına görə, onlar tarixin hansısa bir dövrünü əks etdirmək üçün yaradılır

"Muzey işinin əsaslarına görə, onlar tarixin hansısa bir dövrünü əks etdirmək üçün yaradılır. Xüsusi tarixi əhəmiyyətə malik olan binalar, dağıdılmış komplekslər, türbələr, məscidlər, qəbristanlıqlar və bəylərə, xanlara, görkəmli şəxsiyyətlərə məxsus evləri mühafizə edib, onları açıq səma altında nümayiş etdirmək olduqca vacib bir məqamdır. Tarixi əhəmiyyət daşıyan əşyaları isə, azad edilmiş ərazilərdə yaradılacaq muzeylərdə nümayiş etdirmək, tarximizi dünyaya çatdırmaq üçün böyük imkanlar yaradır. Muzey işinin praktikasına baxsaq,  bunlara ən çox antik dünyada rast gəlmək olar. Vaxtilə Yunan-Roma mədəniyyətində də,  insanlar özlərindən öncəki nəsillərdən qalmış, dağıdılmış  nümunələrin çoxunu gələcək nəsillərə ötürmək üçün, restavrasiya yox konservasiya(olduğu kimi saxlamaq) edirdilər.

Gələcək nəsillər həmin abidələrə baxmaqla əyani şəkildə müharibə, erməni vandallığı haqqında məlumat ala biləcəklər".

Yeri gəlmişkən, dünyada bir neçə məşhur işğal və  müharibə gerçəklərini əks etdirən dağıntılardan ibarət memorial komplekslər mövcuddur. Koreyanın Müharibə Memorialı Koreya müharibəsini (06.25.1950 – 07.27.1953) xatırlamaq və Koreyanın dinc birləşmə arzusunu simvolizə etmək üçün qurulmuşdur. Bundan başqa, Spaldinq Müharibə Memorialı — İngiltərənin şərqində yerləşən Linkolnşir, Spaldinqdəki Ayskofi Zalında Birinci Dünya Müharibəsi memorialıdır. Memar Ser Edvin Lütyens tərəfindən dizayn edilmişdir. Belə komplekslərin bəlkə də ən populyarı isə Hirosima Sülh Memorialı və ya daha çox Atomik Bomb Dome  adı ilə tanınan — Yaponiyadakı tarixi abidədir. Eyniadlı parkın bir hissəsi olan Hirosima Sülh Memorialı 1996-cı ildə UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib. Tarixi binanın həmin siyahıya daxil edilməsi bəşəriyyət tarixində ilk dəfə insanların yaşadığı ərazilərdə nüvə silahının istiafdə edilməsi nəticəsində atom bombasının dağıdıcı təsirindən "sağ çıxması" və daha vacibi tikilinin sülhün rəmzi kimi təqdim olunması ilə əsaslandırılıb.