NATO-nun Ankarada keçirilən zirvə sammitində əsas müzakirə olunan məsələlərdən birinin Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı olacağı gözlənilən idi. Xüsusilə prezidentlər Donald Trampla Volodimir Zelenski arasında baş tutan görüş dünya siyasi arenasında diqqətlə izlənildi.
Hafta.az xəbər verir ki, ukraynalı ekspert Ivan Us açıqlamasında NATO-nun Ankara sammitində müzakirə olunan məsələlərin, qəbul olunan qərarların Ukrayna üçün müsbət nəticələr verəcəyini düşünür.
“Şübhəsiz ki, NATO-nun Ankara sammitinin əsas hadisələrindən biri Ukrayna Prezidenti Zelenski ilə ABŞ Prezidenti Tramp arasında görüş idi. Bu görüşdən əvvəl də əsas məsələnin Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi ilə bağlı olacağı aydın idi. Deyə bilərik ki, Ukrayna üçün bir sıra mühüm nailiyyətlər əldə edilib. Birincisi, NATO ölkələri arasında ölkənin ballistik raketləri ələ keçirmək qabiliyyətini yaxşılaşdırmaq üçün çalışacaq anti-ballistik raket koalisiyası yaradılıb. İkincisi, Donald Tramp “Patriot” sistemləri üçün ballistik raketlərin istehsalına lisenziya veriləcəyini açıqlayıb. Ukraynada “Patriot” sistemlərimiz var, amma onlar üçün raketlərimiz yoxdur, onlar tükənib. Artıq onların istehsalının icazəsinə lisenziya veriləcək. Bundan əlavə, NATO ölkələri Ukraynanı dəstəkləmək üçün 140 milyard avroluq fond yaratmaq qərarına gəliblər”, - deyə İvan Us əlavə edib./azertag/