Ali məktəblərdə pulsuz təhsil - AKTUAL

11:10 22.06.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

2019-2020-ci il tədris ilində Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan hər 100 tələbədən 79-u ödənişli təhsil alırdısa, 2022-2023-cü tədris ilində isə bu hər 100 nəfərdən 45 nəfər təşkil etdi

Son illər Azərbaycanda dövlət sifarişli yerlərə tələbə qəbulu artıb. Tək son 5 ildə dövlət sifarişli yerlərə tələbə qəbulu 118 faizə çatdırılıb. Elm və Təhsil Nazirliyi Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyevin sözlərinə görə, 2022-2023-cü illərdə tələbə qəbulunda 8,3 faiz, dövlət sifarişi üzrə 8,9 faiz artım olub. 

 "Ən çox artım texniki və texnoloji ixtisaslar üzrə olub və 14,3 faiz təşkil edib. Təhsil ixtisas qrupunda 3 faiz, tibb təhsilində isə 12,4 faiz olub. Eynilə dövlət sifarişli yerlərdə də bu artım müşahidə edilir", – nazirlik rəsmisi deyib.

 Y.Piriyev bildirib ki, növbəti tədris ilində 91 faizdən çox tələbə dövlət sifarişli yerlərdə təhsil alacaq: "Növbəti tədris ilində tələbə qəbulunun proqnozu 16,7 faiz, dövlət sifarişli yerlər isə 42,2 faiz artacaq. Magistraturada İT ixtisası üzrə qəbul proqnozu 7,4 faiz, dövlət sifarişi isə 54,6 faiz artacaq".

Maraqlıdır, bu il daha hansı sahələrdə və hansı ixtisaslarda dövlət sifarişli ödənişsiz təhsil səviyyəsi artırılıb? Daha hansı istiqamətlərdə ödənişsiz təhsilin artırılmasına ehtiyac var? Bu sifarişlər hansı kriteriyalarla və proqnozlarla hesablanır? Daxili bazar tələblərinə uygun kadr tələbatı necə müəyyənləşdirilir?

Məsələni qəzetimizə şərh edən təhsil üzrə ekspert Elşən Qafarov bildirib ki, ölkədə 2013-cü ildə qəbul edilən “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan hədəf və tədbirlərdən biri də ödənişli təhsili tamamilə aradan qaldırmaq, təhsili dövlət sifarişi əsasında həyata keçirməkdir:

"İstər dövlət, istərsə də özəl təhsil müəssisələrində təhsil alanlara təhsil haqqını zamanla dövlət ödəyir. 2019-2020-ci il tədris ilində Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan hər 100 tələbədən 79-u ödənişli təhsil alırdısa, 2022-2023-cü tədris ilində isə bu hər 100 nəfərdən 45 nəfər təşkil etdi. Həmin 45 nəfər üçün də Prezidentin 2021-ci ildə imzaladığı sərəncama əsasən yaradılmış Təhsil Tələbə Kredit Fondu 1 il ərzində 100 milyon manat tələbələrin təhsil haqqını ödəmək üçün kredit verdi. Bu məsələ getdikcə əhatəsi böyüyür, ildən-ilə ödənişli təhsilin sayı azalır”.

Ekspert xatırladıb ki, 2011-ci ildə Azərbaycanda dövlət mülkiyyətində olan ali və orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxsə çevrilib: “Bu gün universitetlər adambaşına maliyyə sisteminə əsasən maliyyələşirlər. Biz deyirik ki, ödənişsiz oxuyur. Əslində ödənişsiz oxumur və dövlət onların hər birinin təhsil haqqını universitetlərin hesabına köçürür. Bu proses getdikcə genişlənir və “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq həm dövlət sifarişi əsasında təhsil alanların sayı artmaqda davam edir, ödənişli təhsil alanların sayı aşağı düşür. Amma baxmayaraq ki, universitetlərdə maliyyə müstəqilliyi mövcuddur, bir neçə ali təhsil müəssisəsinin nəticəsini çıxmaq şərti ilə keçən müddət ərzində ali məktəblərdə elə bir ciddi dəyişiklik nəzərə çarpmayıb. Ona görə də 2022-ci ilin yanvarın 1-dən ölkə prezidentinin sərəncamı ilə təhsil müəssisələrinin maliyyə sərəncamçısı artıq təhsil Elm və Təhsil Nazirliyinə verilib. Bu da ali və orta ixtisas təhsil müəssisələrinə ödənişli təhsildən və digər xidmətlərdən gələn gəlirlərdən düzgün, səmərəli istifadə olunmasını təmin etmək məqsədi daşıyır. Ümumiyytlə, zamanla ödənişli təhsilin yeni yerlərinin zamanı sürətlə azaldığını gördük. Bu tendensiya davam edəcək və yaxın 3-5 il ərzində Azərbaycanda ödənişli təhsil dövlət sifarişi əsasında olan təhsillə əvəz olunacaq”.

Ekspertin sözlərinə görə, ölkə başçısının 2020-ci ildə imzalanmış sərəncamına əsasən əmək bazarının öyrənilməsi ilə bağlı iki elmi-tədqiqat institunun yaradılması nəzərdə tutulub: “Onlardan biri bu il həyata keçirilməli idi.  İllərdir təklif veririk ki, ölkədə əmək bazarının real öyrənilməsi üçün mərkəzləşmiş elmi-tədqiqat institutu olmalıdır. Ölkədə kadr islahatı, peşə təhsili, orta ixtisas, ali təhsil, yaxud xaricə göndərilməklə bağlı, sırf əmək bazarının tələblərinə uyğun olaraq araşdırılmalıdır və ondan sonra ixtisasın təsnifatı verilməlidir. Bu sahədə də işlər gedir. Ancaq dövlət sifarişi ilə yerlərin sayının artırılması Dövlət strategiyasına uyğun tədbirlərin tərkib hissəsidir. Bu il biz müşahidə edirik ki, tibb sahəsindən başqa əmək bazarının tələblərinə uyğun olaraq pedoqoji ixtisaslarda, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi ixtisaslarında dövlət sifarişli plan yerlərinin sayı əhəmiyyətli dərəcədə artırılıb. Yaxın gələcəkdə qeyd etdiyim kimi Azərbaycanda bütün ödənişli ixtisaslarda təhsil dövlət sifarişi ilə əvəz olunacaq”.