Alman təqaüdçülərin dörddə biri 600 AVRO ALIR

10:00 01.09.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Almaniyada milyonlarla təqaüdçü çox aşağı müavinətlə yaşamağa məcburdur. Almaniya Pensiya Agentliyinin 2024-cü il məlumatlarına görə, ölkədəki 18,9 milyon pensiyaçının demək olar ki, dörddə biri və ya 23,7 faizi ayda 600 avrodan az müavinət alır. Hətta, təqaüdçülərin təxminən 4 faizi ayda 150 avrodan az pulla dolanmağa məcburdur.

Hafta.az-ın yazdığına görə, rəqəmlər göstərir ki, təqaüdçülərin təxminən 54 faizi ayda 1200 avrodan az təqaüd alır. Ən böyük qrup 1050 – 1200 avro arasında təqaüd almaqdadır. Bu qrup bütün pensiyaçıların 8,9 faizini təşkil edir.

Digər tərəfdən, 1650 avrodan çox alan təqaüdçülərin faizi kifayət qədər aşağıdır. Təqaüdçülərin 3,6 faizi 1950-2100 avro, 2,8 faizi 2100-2250 avro, 2,2 faizi 2250-2400 avro, 3,7 faizi isə 2400 avrodan yuxarı alır.

Statistikalar göstərir ki, hətta 1200 avro xalis pensiya alanlar da Almaniyada orta səviyyədən yüksək hesab olunur. 1500 avro qazanan təqaüdçü ən çox qazananların üçdə birlik qisminə aiddir. Bu, milyonlarla təqaüdçünün daha aşağı maaşla yaşamağa məcbur olduğunu ortaya qoyur.

Pensiya müavinətləri bir faktorla müəyyən edilmir. İşçinin maaşı, işlədiyi illərin sayı, təqaüdə çıxma tarixi kimi faktorlar nəzərə alınır. Sistem təxminən belə işləyir: Pensiya = İş zamanı toplanan balalr × Həmin ildəki hər bir balın dəyəri × Pensiya yaşı təsiri × Pensiya növü.

Qısacası, nə qədər çox işləyib töhfə vermisinizsə, bir o qədər çox xal qazanırsınız.

Əgər erkən pensiya seçsəniz, pensiyanız azalır, gec pensiyaya çıxsanız, bir qədər də artır.

Müntəzəm, əlillik və ya ailə başçısını itirməyə görə kimi pensiya növləri də pensiyanızın məbləğinə təsir göstərir.

İşçilər illik qazanclarına əsasən “qazanc xalları” toplayırlar. 2025-ci ildə orta illik ümumi gəlir 50493 avro olaraq hesablanıb. Bu məbləği qazanan şəxs bir tam qazanc nöqtəsi əldə edir. 2024-cü ilin iyul ayına olan məlumata görə, bir xal 40,79 avroya bərabərdir.

2100 avrodan yuxarı pensiya qazanmaq üçün uzun müddət davamlı işləməli, ortadan yuxarı gəlir əldə etməli və erkən pensiyaya çıxmamalısınız. Lakin statistika göstərir ki, bu tələblərə çox az adam cavab verir.