Norveçin baş naziri Jonas Gahr Store Almaniya kansleri Olaf Scholz ilə birgə mətbuat konfransında bildirib ki, Berlin və Oslo sualtı infrastrukturun monitorinqi üçün Şimali Atlantika Alyansından kömək istəyiblər. Bu barədə TASS məlumat yayıb.
“Kansler Şolz və mən bu gün sualtı infrastrukturun mühafizəsini gücləndirmək üçün qeyri-rəsmi təşəbbüs irəli sürdük. Biz bu sahədə işi davam etdirmək üçün ixtisaslaşmış NATO mərkəzinin yaradılmasını təklif edirik”, - deyə Norveçin baş naziri bildirib.
Bundan əvvəl Norveçin müdafiə naziri Byorn Arild Qram ölkə sahillərində Şimal dənizinin sularında müttəfiqlərin olmasının vacibliyindən danışıb. Frankfurter Allgemeine Zeitung qəzetinə verdiyi müsahibədə o qeyd edib ki, bu, Norveçin kritik infrastrukturunu qorumaq üçün lazımdır.
Qramın sözlərinə görə, “Avropada təhlükəsizlik vəziyyəti həm qısa, həm də uzunmüddətli perspektivdə kəskin şəkildə dəyişib”.
Nazir həmçinin qeyd edib ki, “Şimal axını”nda təxribatdan sonra Norveç hakimiyyəti ölkənin kritik infrastrukturunu qorumaq üçün əlavə tədbirlər görüb.