Altı ayda 226,3 milyon manat məbləğində ipoteka krediti verilib

17:29 09.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cari ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) vəsaiti hesabına müvəkkil banklar tərəfindən 226,3 milyon manat məbləğində 2242 ipoteka krediti, o cümlədən 156,1 milyon manat məbləğində 1418 adi ipoteka krediti və 70,2 milyon manat məbləğində 824 güzəştli ipoteka krediti verilib.

İKZF-dən Hafta.az-a bildirilib ki, ümumilikdə, 2006-cı ildən bəri fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin məbləği 3,98 milyard manat olub. Bu da 59 mindən çox ailənin mənzil şəraitinin yaxşılaşmasına imkan verib. Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditlərindən faydalanmasını təmin etmək məqsədilə 2026-cı il iyulun 1-nə fond tərəfindən 1571 ipoteka krediti üzrə 149,9 milyon manat məbləğində zəmanət verilib.

Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67 faizini gənclər və gənc ailələr təşkil edib, kreditlərin 22 faizə yaxını isə regionların payına düşüb.

Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondu 2006-cı ildən etibarən ölkədə uzunmüddətli ipoteka kreditləşməsinin maliyyələşdirilməsini həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na uyğun olaraq, fond 2026-cı ilin birinci yarısında da əhalinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirib.