Amazon meşələri hər il 15 milyon xəstəliyin qarşısını alır

12:35 10.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yeni bir araşdırmaya görə, Braziliyanın Amazon tropik meşələri çirklənmiş havanı udmaqla hər il 15 milyondan çox xəstəliyin qarşısı alır.

Hafta.az-ın “Nature” jurnalına istinadən yazdığına görə, dərc olunan onillik araşdırmada diqqət Amazon tropik meşələrinin yanğınların törətdiyi çirkləndiricilərin (hissəciklər) insan sağlamlığına mənfi təsirlərinin qarşısının alınmasına verdiyi töhfəyə yönəldilib.

Amazon meşələri sayəsində tənəffüs və ürək-damar xəstəliklərinin müalicəsi ilə bağlı sağlamlıq xərclərinə ildə təxminən 2 milyard dollar qənaət edildiyi proqnozlaşdırılır. Tədqiqata görə, Amazon yerliləri torpaqlarını başqaları tərəfindən törədilən yanğınlardan qoruyaraq minlərlə potensial ölümcül xəstəliyin qarşısını almağa kömək edir.

ABŞ-da yerləşən EcoHealth tədqiqat qrupunun aparıcı müəllifi Paula Prist deyib: "Dünyanın hər yerindəki meşələr yanğından gələn çirkləndiriciləri yarpaqları vasitəsilə udur, lakin biz ilk dəfədir ki, tropik meşələrin bunu etmək qabiliyyətinə dair fikir əldə edirik".

Nəticələr göstərir ki, Amazon tropik meşələri hər il 26 min metrik ton hissəcikləri udmaq qabiliyyətinə malikdir və qorunan ərazilər bu udulmanın 27 faizini təşkil edir.