Amerika ədalətinin riyakarlığı: erməni terrorçu azad edilib

13:10 12.03.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu günlərdə belə bir xəbər yayıldı ki, 1982-ci il yanvar ayının 28-də, Türkiyənin Los Anceles şəhərindəki Baş konsulu Kamal Arıkanı qətlə yetirən erməni terror təşkiltının üzvü, Livan əsilli 19 yaşlı erməni terrorçu Hampiq (Harri) Sasunyan həbsdən azad ediləcək və hətta artıq Ali Məhkəmə bununla bağlı qərar verib. Hansı ki, adıçəkilən terrorçu ömürlük həbs olunub və peşmançılıq duymadığı təqdirdə məhkəmə qərarının dəyişdirilməsindən söhbət belə gedə bilməz. Bu terrorçu isə törətdiyi cinayətdən əsla peşman olmadığını əvvəllər dəfələrlə bəyan edib.

Bəs nə oldu, nə baş verdi ki, hazırda 58 yaşı olan və 38 ildir zindanda yatan bu terrorçunun sərbəst buraxılması yada düşdü?

Əslində Hampiq Sasunyanın şərti azadlığa buraxılması məsələsi son dəfə 14 dekabr 2016-cı ildə qaldırılıb və Kaliforniya Əfv Şurası müraciəti qəbul edib. Amma Kaliforniya valisi Cerri Brovn Əfv Şurasının qərarını rədd edərək, erməni terrorçunun şərti azadlığa çıxmasına icazə verməmişdi. Həmin vaxt ermənilər şayiə yaymışdılar ki, guya valiyə Türk-Amerika Əməkdaşlıq Şurası ciddi təzyiq göstərib və sair. Amma əlbəttə, bu iddialar çox gülüncdür. Çünki Kaliforniyada yüz minlərlə erməni yaşayır ki, onların lobbisi nəinki Kaliforniyanın yerli idarəetmə orqanlarının, hətta ABŞ federal hakimiyyəti üzərində ciddi təsiredici qüvvəyə malikdir. Amma əlbəttə ki, bu gün Kaliforniyanı tamam başqa vali idarə edir və onun da sələfi kimi cəsur qərar verib-verməyəcəyi bəlli deyildi.

Bu yerdə xatırladaq ki, Sasunyanın azadlığa buraxılması məsələsi 2006, 2010, 2013 və 2015-ci illərdə də qaldırılsa da, Əfv Şurası bütün müraciətləri rədd etmişdi. Amma göründüyü kimi, 2016-cı ildə şura təklifə müsbət rəy verdi. Yəni Amerika idarəetmə sistemində mövqelər şəraitə və təzyiqlərə uyğun olaraq tez-tez dəyişir. Ona görə də Türkiyə və hətta Azərbaycan diplomatları və diaspor təşkilatları əks həmləyə keçməklə terrorçunun sərbəst buraxılmasının qarşısını almalıdırlar. Yəni apelyasiya şikayəti edilməlidir.

Bu arada, Türkiyə tərəfi Los Anceles Ali Məhkəməsinin qərarından təəssüfləndiyini bildirib. “Los Anceles Ali Məhkəməsinin şəhid Baş konsulumuz Kamal Arıkanı qətlə yetirən erməni terrorçu Hampiq Sasunyanın azad edilməsini şiddətlə qınayırııq. Kaliforniya qubernatoru Qavin Nyusomun bu qərardan apellyasiya şikayəti verməməsini isə hüquq çərçivəsindən kənar hərəkət kimi qiymətləndiririk”, - deyə bildirilib.

Azərbaycan Xarici İşlər Nazirliyi də erməni terrorçu Hampiq Sasunyanın azad edilməsinə yol açan qərarın qəbul edilməsini qınayıb. "Türk diplomatı qətlə yetirmiş və islah olunmamış terrorçu H.Sasunyanın azad edilməsi çox səhv siqnal verəcək və xüsusilə dünyanın ən böyük diplomatik korpuslarından birinə sahib bir dövlətdə diplomatiyanın maraqlarına zərər verəcək", - məlumatda qeyd olunub.

Məsələyə ABŞ hökuməti də reaksiya verib. ABŞ-ın Dövlət katibi Entoni Blinken bildirib ki, 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirmiş erməni terrorçu Hampinq Sasunyanın şərti azadlığa buraxılması barədə məhkəmə qərarından son dərəcə məyus olub.

"Birləşmiş Ştatlar həmişə diplomatların təhlükəsizliyini prioritet məsələ hesab edib və bu cür cinayətlərə aidiyyəti olan şəxslərin maksimum sərt cəzalandırılmasının tərəfdarıdır. Biz şərti azadlığa qarşı çıxırıq. Diplomatın ünvanına hədə - qorxu yalnız ciddi cinayət deyil, bütövlükdə diplomatiyaya təhlükədir", - deyə Dövlət katibinin yazılı bəyanatında bildirilir.

Ümumiyyətlə, ASALA terroru nədir və onların hücumu nəticəsində hansı türk diplomatlar qətlə yetirilib?

ASALA və JCAG kimi erməni terror təşkilatları ümumilikdə 58-i Türkiyə vətəndaşı olmaqla 77 nəfəri terror nəticəsində qətlə yetirib ki, onlardan 31-i diplomat və onların ailə üzvləridir.

ASALA ilk dəfə 1975-ci il yanvarın 20-də bombalı teror aktı törətməklə öz varlığını dünyaya elan edib. Beyrutda Daşnak partiyasının üzvləri tərəfindən qurulan təşkilat erməni diasporları tərəfindən maliyyə dəstəyi alıb. Türklərə qarşı ilk terror hücumu isə 1975-ci il oktyabrın 22-də Avstriyada gerçəkləşdiirlib. Hadisə zamanı Türkiyənin Avstriyadakı səfiri Daniş Tunalıgil şəhid edilib.

Daha sonradan silsilə şəklində, 1991 və 1994-cü illərdə Türkiyənin Afinadakı səfirliyinin mətbuat attaşesinin köməkçisi Çətin Görgü və Səfirliyin müşaviri Ömər Haluk Sipahioğlu, 1993-cü ildə Türkiyənin Bağddaddakı səfirliyinin attaşesi Çağlar Yücəl, 2004-cü ildə Mosulda təhlükəsizlik attaşeləri Nihat Akbaş, Bilal Urgen, Adəm Çiçək, Bülənt Kıranşal və Süleyman Karahasanoğlu, 2013-cü ildə Türkiyənin Moqadişodakı səfirliyində çalışan polis Sinan Yılmaz və ötən il də Türkiyənin Ərbildəki Baş konsulluğunun təmsilçisi Osman Kösə şəhid edilib. İş bununla bitmir, ABŞ-ın Santa Barbara şəhərində, 27 yanvar 1973-cü ildə Türkiyənin Los Ancelesdəki Baş konsulu Məhmət Baydar və konsul Bahadır Dəmir də şəhid edilib. Türkiyənin Parisdəki səfiri İsmayıl Erez 1975-ci, Vatikandakı səfir Taha Carım 1977-ci ildə, Sidneydəki Baş konsul Şarık Aynak 1980-ci ildə, Los Ancelesdəki Baş konsul Kamal Arıkan və Bostondakı Fəxri konsul Orxan Gündüz 1982-ci ildə, Belqraddakı səfir Qalip Balkar 1983-cü ildə ASALA tərəfindən qətlə yetirilib.

Türk diplomatlara qarşı terror hücumları 1985-ci ildən sonra azalsa da, hər halda davam etdi. Yuxarıda da qeyd etdiyimiz kimi, Türkiyənin Afinadakı səfirliyinin mətbuat müşavirinin yardımçısı Çətin Görgü 1991-ci ildə, Səfirliyin məsləhətçisi Ömər Haluk Sipahioğlu isə 1994-cü ildə terrorun qurbanı olub.

Terror hücumlarında diplomatların ailələri və sürücüləri də hədəf seçilib. Məsələn, Türkiyənin Madriddəki səfiri Zəki Kuneralpın həyat yoldaşıi Necla Kuneralp və təqaüdddəki səfir Bəşir Balcıoğlu 1978-ci ildə qətlə yetirilib. Eyni zamanda, Türkiyənin Lissabondakı səfirliyinin ataşesi Erkut Akbayın həyat yoldaşı Nadidə Akbay da avtomobilində, səfirliyin müstəşarı Yurtsev Mıhçıoğlu və həyat yoldaşı Cahide Mıhçıoğlu da səfirliyə edilən hücum zamanı öldürülüb.

Atatürk Universiteti nəzdində fəaliyyət göstərən Qondarma Soyqırım İddialarına Qarşı Mübarizə Dərnəyinin (ASİMED) sədri Savaş Eğilməz deyir ki, Hampiq Sasunyanın törətdiyi terror hadisəsindən peşman olduğunu isbatlayan hər hansı dəlil olmadığı halda onun azad edilməsi ABŞ-da qanunların ayaqlar altına atılması deməkdir.

“Türk diplomat Arıkanı sinəsindən 14 güllə vuraraq, bununla da ürəyi soyumayıb ölmüş insanın başına yenidən güllələr çaxaraq vəhşilik obrazı yaradan erməni terrorçunun azad olunması mümkün deyil. O nəinki peşman olmayıb, əksinə, “bir türkü öldürdüyüm üçün kefim çox yüksəkdir” deyə açıqlama verib. Amerikadakı erməni cəmiyyətləri bu terrorçunu sərbəst buraxdırmaq üçün 350 min dollar vəsait xərcləyiblər. Şərti azadlığın əsas tələbi odur ki, həmin şəxs məhbus həyatında peşmançılığı davranışları ilə açıq şəkildə hiss etdirsin. Çıxarıldığı ilk məhkəmədəcə sərbəst buraxılan Sasunyan nə vaxt peçmançılıq hiss etdirib, heç vaxt. O, bir dəfə erməni jurnalistə açıqlamasında demişdi ki, heç vaxt təəssüf hiss etməyəcək türk diplomatı öldürdüyü üçün. Çünki vətəninə sadiqdir. Hətta demişdi ki, nə vaxt azad olsa, yenə eyni addımı atacaq” deyən S.Eğilməz qeyd edib ki, onlar - Atatürk Universitetinin müəllim və tələbələri olaraq bu haqsız şərti azadlıq qərarını pisləyirlər. Hətta bununla bağlı ABŞ-ın Ədliyyə naziri Erik Holderə online məktublar göndərməyə də başlayıblar.