Günlərdir sosial şəbəkələrdə eləcə də kütləvi informasiya vasitələrində gənc ana və azyaşlı övladının müəmmalı ölüm hadisəsi gündəmdən düşmür. Belə ki, avqustun 30-da saat 14 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayan 1997-ci il təvəllüdlü Niftəliyeva Aytən İlham qızı və onun azyaşlı övladı 2020-ci il təvəllüdlü Niftəliyeva Tahirə Rəhman qızının yaşadıqları evin pəncərəsindən yıxılaraq çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Tahirə Niftəliyeva aldığı xəsarətlərdən avqustun 30-da, Aytən Niftəliyeva isə sentyabrın 2-də müalicə olunduqları xəstəxanada vəfat ediblər. Hazırda məsələ Hüquq Mühafizə Orqanları tərəfində araşdırılır. Mərhum Aytən Niftəliyevanın ailəsi hadisəni intihar yox, qətl kimi qiymətləndirir və bunda onun həyat yoldaşı Rəhman Niftəliyevi ittiham edir. A.Niftəliyevanın anası Mehriban Süleymanova kürəkəninin qızını mütəmadi döydüyünü və ölümünə səbəb olduğunu bildirib. Arvadı Aytən Niftəliyeva və 1 yaşlı qızı Tahirənin ölümünə səbəb olduğu iddia olunan Rəhman Niftəliyev isə bütün ittihamları instaqram hesabından verdiyi açıqlamalar ilə rədd edərək, hadisə ilə heç bir əlaqəsinin olmadığını söyləyir. Lakin ortada ailə daxili münaqişənin olduğu aşkardır. Bəs görəsən hansı hallarda intihar həddinə çatdırmaqda şübhəli bilinən şəxslərlə bağlı tədbirlər görülür və onlar məsuliyyətə cəlb olunur? Şübhəli şəxsin cinayəti təsdiq edildikdə onu hansı cəzalar gözləyir?
Məsələ ilə bağlı hafta.az-a danışan vəkil Turan Abdullazadə xatırlatdı ki, hazırda faktla bağlı Səbail rayon prokurorluğunda özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib, araşdırma davam edir. Ana və uşağın ölümü ilə bağlı Ombudsman Aparatı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən də hadisə pislənilib və araşdırma aparıldığı bildirilib:
“Bildirmək istərdim ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci maddəsinə əsasən təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yəni, hazırda Səbail Rayon Prokurorluğunda qeyd edilən maddə üzrə cinayət işi açılmışdır”.
Vəkil deyir ki, öldürmə həddinə çatdırmaqla ittiham edilən Rəhman Niftəliyevi ola bilsin daha ağır cəzalar da gözləsin. Təbii ki hər şeyi istintaq müəyyən edəcək:
“Özünü öldürmə həddinə çatdırmaqda ittiham olunan Rəhman Niftəliyevin əməli Cinayət Məcəlləsinin daha ağır cəza nəzərdə tutan maddələrinə tövsif edilməyəcəkdir. Belə ki, əgər istintaq gedişində müəyyən olunarsa ki, Rəhman Niftəliyev öz həyat yoldaşını və qızını qəsdən itələmiş və onların ölümünə səbəb olmuşdur, bu zaman, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsinə-yəni qəsdən adam öldürməyə tövsif edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə— doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Törədilən və ya törədilməsi ehtimal olunan əməllərə istintaqın gedişatı zamanı aparılan araşdırmalar və əldə olunan mötəbər sübutlar əsasında müvafiq hüquqi qiymət veriləcəkdir”.