Antiterror əməliyyatları ilə bağlı iki ssenari – YER VƏ ZAMAN AÇIQLANDI

16:25 11.11.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

İndi Ermənistanı Avropada Fransa, Cənubda İran cəsarətləndirir.  İranın “Ermənistanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir” kimi bəyanatlar verməyi erməni siyasi hərbi rəhbərliyini Azərbaycan postlarına, əsgərinə atəş açmağa cəsarətləndirib.

Bunu hafta.az-a hərbi ekspert Elxan Şıxəliyev deyib.

Ekspert bildirib ki, ermənilərin hərbi təxribatları  antiterror əməliyyatlarının keçirilməsini istisna etmir. O, hesab edir ki, zamanlama və yer baxımından antiterror əməliyyatlarına iki istiqamətdə baxmalıyıq.

“Birincisi, əgər Ermənistan deyirsə ki, Qarabağ ərazisində Ermənistan hərbçiləri yoxdur və Qarabağın ayrıca statusu yoxdursa, burda əli silahlı olan hər bir şəxs bizim üçün terrorçudur. Çünki ordular ancaq hüquqi mövcudluğu olan dövlətlərə məxsus olur. Yəni Qarabağda Rusiya sülhməramlıların dəstəyi, nəzarəti altında yenidən silahlanaraq hərbi birləşmə şəklinə gətirillən bütün əli silahlılar bizim üçün terorçudur. İkincisi, əgər ermənilər sərhəddə atəşkəsi pozacaqlarsa cavablarını alacaqlar. Amma biz 2025-ci ilə qədər Rusiya sülhməramlılarının bölgədə qalması üçün bu vaxtı tanımışıqsa, müddətin sonuna qədər Rusiya sülhməramlıları erməni qeyri-qanuni silahlılarını özləri silahsızlaşdırmalı, mülkiləşdirməli, yaxud çıxarılmasını həyata keçirməlidirlər. Əgər bunu etməyəcəklərsə, biz sülhməramlı missiyasının zamanı bitəndə avtomatik antiterror əməliyyatlarının böyük ərazidə həyata keçirə biləcəyik. Lokal atəşkəsin pozulması hallarının qarşısını alacağıq”.

E.Şıxəliyev bildirib ki, indiki mərhələdə Ermənistanın sülhə gəlməsindən çox, sülh sazişinin pozulmasına, vəziyyətin gərginləşdirilməsi halları müşahidə olunur.

“Çünki Ertmənistan üçtərəfli sazişə əsasən götürdüyü öhdsliklərin arxasından qaçır. Bu da o deməkdir ki, Azərbaycan da götürdüyü öhdəliklərin arxasından çəkilə bilər. Belə olan halda gərginlik yaranır. Ermənilər bilməlidir ki, Ermənistanla təmas vəziyyətində bizim üçün heç bir təhlükə qorxusu yoxdur və sərhəddə bölmələrimizə qarşı ermənilərin təhlükə yaratması mümkün deyil. Orda əməliyyat şəraiti elədir ki, biz strateji zirvələrdə Ermənistanın ərazilərinin dərinliyini müşahidə altında saxlaya bilirik. Əsas məsələ Qabağda olan qeyri-qanuni silahlı birləşmlər və bu gün ermənilərin Azərbaycanın yuridiksiyasına keçməsi yönündə verəcəyi mesajdır. Amma ermənilər bunu etmir. Sanki 44 günük müharibədə fərari olan bunlar deyilmiş, 2020-ci ilin 7-8 noyabrında bizim əsgər Laçın dəhlizini bağlayanda indiki qeyri-qanuni birləşmələrin 10-15 min nəfəri mühasirəyə düşüb ya əsir götürüləcəkdi, ya da məhv olacaqdılar. Biz həmin vaxt bunları bağışladığımız halda, indi bizimlə revanş dili ilə danışmağa çalışırlar. Hansı güclə, hansı ordu ilə. Burdan belə görünür ki, Azərbaycanı müharibəyə təhrik etmək istəyirlər. Əlbəttə ki, ermənilərin bu coğrafiyada sülhə gəlməsi onlar üçün daha əlverişlidir. Əgər hərb dili ilə danışsalar csavablarını alacaqlar. Ona görə də, Ermənistan tez bir vaxtda delimitasiya, demarkasiya prosesini həyata keçirməli, Zəngəzur dəhlizinin açılması yönündə addımlar atmalı, qeyri-qanuni silahlı qüvvələrin bölgədən rədd olub getmələrini təmin etməlidirlər. Əks halda ermənilər əks cavab qərarı verilərkən Azərbaycan ordusunun bunu necə həyata keçirdiyini yaxşı bilirlər”.