Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşı Müjgan Məsimli 29 iyun–3 iyul tarixlərində Macarıstanın Budapeşt şəhərində Beynəlxalq Atom Enerjisi Agentliyi (İAEA) və Macarıstan Milli Qida Zənciri Təhlükəsizliyi Ofisi (NÉBIH) tərəfindən təşkil olunan qida təhlükəsizliyi sahəsində beynəlxalq təlim proqramında iştirak edib.
Hafta.az xəbər verir ki, təlim proqramı çərçivəsində qida mənşəli zoonozların monitorinqi, mikrobioloji nəzarət sistemləri, qida mənşəli xəstəliklərin epidemioloji təhlili, tam genom sekvenslənməsi (Whole Genome Sequencing – WGS), EnteroBase platformasından istifadə, mikrobioloji məlumatların Avropa Qida Təhlükəsizliyi Agentliyinə (EFSA) təqdim olunması prinsipləri, eləcə də qida zəncirində antimikrob rezistentliyinin monitorinqi mövzularında nəzəri və praktiki məşğələlər keçirilib.
Proqram çərçivəsində müxtəlif ölkələrdən olan mütəxəssislərlə təcrübə mübadiləsi aparılıb, qida təhlükəsizliyi sahəsində müasir laborator yanaşmalar, genomik analiz üsulları və beynəlxalq məlumat bazalarından istifadə imkanları müzakirə edilib.