Fransada keçirilən son seçkilər avronun dəyərinə təsir edərək siyasi mənzərəni kəskin şəkildə dəyişdirib. Belə ki, seçkilərin nəticələri dərhal iqtisadi nəticələrə səbəb olub. Avro funt sterlinqə qarşı 0,1faiz ucuzlaşaraq 84,5 pensə, dollara nisbətdə isə 0,4 faiz ucuzlaşıb.
Bu reaksiya Fransanın siyasi gələcəyi ilə bağlı qeyri-müəyyənliklərdən, xüsusən də mümkün koalisiya hökuməti perspektivindən irəli gəlir. İnvestorlar Fransada Le Penin “Milli Birlik”inin hakimiyyətə gəlməsi perspektivindən narahat idilər, lakin solçu “Yeni Xalq Cəbhəsi”nin qələbəsi onların ən böyük qorxusu idi. Çünki “Yeni Xalq Cəbhəsi” ölkənin yüksək borc yükü şəraitində büdcə xərclərini genişləndirməyi vəd edib.
Bəs, görəsən, avronun ucuzlaşması Azərbaycan üçün nə vəd edir?
Qeyd edək ki, rəsmi statistikaya görə, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) öz valyuta ehtiyatlarının təxminən 20 faizini avro və funt sterlinqdə saxlayır. Bundan əlavə, Fond dünyanın mərkəzi banklarında Avropa valyutası ilə depozitlər qoyur.
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Akif Nəsirli deyib ki, avronun ucuzlaşmasının Azərbaycana ciddi təsiri yoxdur. Onun sözlərinə görə, avronun ölkə iqtisadiyyatında payı olduqca kiçikdir: "Ola bilsin ki, qısamüddətli perspektivdə müəyyən qədər zərər ola bilər. Ancaq bu, müvəqqəti haldır. Çünki Azərbaycanın ticarət dövriyyəsində və daxili maliyyə bazarında əsas rola malik olan dollardır. Dollar da hazırda sabitdir. O ki qaldı avronun Fransadakı seçkilərdən sonra zəifləməsinə, hesab edirəm ki, bu birbaşa seçkilərlə bağlı məsələ deyil. Avro demək olar ki, hər il yay aylarında zəifləyir. Zənnimcə, insanların yay aylarında hərəkətliliyi artdığından xərcləri də artır. Dövriyyə sürətləndiyindən valyutaların məzənnəsində fərqlər əmələ gəlir. Avroda bu ucuzlaşma kimi özünü göstərir”.
Onun sözlərinə görə, sentyabr ayından etibarən avro yenidən möhkəmlənməyə başlayacaq: “Hazırda avro zonada iqtisadi vəziyyət sabitdir. Hər hansı tənəzzül, geriləmə müşahidə edilmir. Bu baxımdan avronun zəifləməsi müvəqqəti xarakter daşıyır. Hesab edirəm ki, əvvəlki illərdə olduğu kimi bu ilin sentyabrından avro yenidən möhkəmlənməyə başlayacaq”.
Bank məsələləri üzrə ekspert ekspert Əkrəm Həsənov hesab edir ki, avronun hazırkı məzənnəsi əslində Azərbaycan üçün sərfəlidir, çünki Azərbaycan valyutası olan manat dollara bağlanması üzündən möhkəmlənir. Bu o deməkdir ki, Avropa malları və xidmətləri ölkəmiz üçün ucuzlaşır. Azərbaycan üçün bu vəziyyət müsbət məqamdır: “Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin bir hissəsi avro ilə ifadə olunub, lakin onların əksəriyyəti dollardadır. Ona görə də avronun ucuzlaşması Azərbaycan üçün daha sərfəlidir”.