Avropa Qrupu (avrozonanın Maliyyə Nazirləri Şurası) ötən gecə video-konfransının gedişində pandemiyadan sonra Avropa İttifaqı iqtisadiyyatının bərpasına dair 500 milyard avro həcmində planın hazırlanması barədə razılığa gələ bilməyib.
Avropa Qrupunun sədri Mariu Sentenu bu mövzu üzrə növbəti video-konfransın aprelin 9-da keçiriləcəyini deyib.
“16 saat davam edən müzakirələrdən sonra sazişə yaxınlaşdıq, lakin ona nail ola bilmədik. Mən iclası aprelin 9-na qədər dayandırdım. Hədəfim əvvəlki kimi qalıb: koronavirus böhranına cavab olaraq Avropa İttifaqı üçün etibarlı təhlükəsizlik yastığının yaradılması. İş yerlərinin, müəssisələrin və dövlətlərin qorunması üçün iqtisadiyyatın bərpası üzrə mühüm planı təsdiq etməliyik”, - deyə o, “Twitter” səhifəsində yazıb.
Avropa Komissiyasının mətbuat xidməti isə öz növbəsində Sentenunun gecə danışıqlarının nəticələri barədə video-brifinqini ləğv edib.