“Avropa Şurasının sənədi, eləcə də Taliavininin rəyi “Milli Hərəkat”ın xəyanətini təsdiqləyir. Lakin bundan başqa ədalətin aydın şəkildə öz yerini tapması üçün digər dəlillərin araşdırılması mühümdür”
Hafta.az-ın yazdığına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
Kobaxidzeyə opponentlərin əslində avqust müharibəsi cinayətlərinə görə mühakimə olunmalarını gözləmədikləri və bunun, sadəcə hakim partiya tərəfindən seçkiöncəsi mesaj olması kimi bəyanatlarına necə münasibət bildirəcəyi haqda sual veriblər.
“Əslində, yaxın günlərdə bununla əlaqədar dəqiq planlarımızın olduğu daha da aydınlaşacaq. Bu, sadəcə ümumi bəyanat deyil, ölkənin birdəfəlik dincəlməsi, daim bir növ inqilab cəhdi rejimində olmaması və sair üçün bu siyasi qüvvənin mühakiməsi mühümdür. Buna görə də bu, bizim seçkilərdən sonra mütləq həyata keçiriləcək prinsipial qərarımızdır”, - Baş nazir deyib.
“İstintaq prosesində sənədlərin roluna gəlincə, əlbətdə həm birinci, həm də digər sənəd birbaşa dəlildir” deyən hökumət başçısı əlavə edib: “Bir halda ki, “Milli Hərəkat” birbaşa Avropa Şurasının qətnaməsini imzalayıb, dəstəkləyib və bununla da müharibənin başladılmasını etiraf ediblər, müvafiq olaraq, bu, onların törətdiyi xəyanətə dair sənədli dəlillərdən biridir. Taliavininin rəyinə gəlincə, orada, imza belə bir proseduru nəzərdə tutmurdu, lakin onlar Taliavininin sənədində təqdim olunan dəlil və rəylərlə razılaşıblar. Bundan irəli gələrək, həm Avropa Şurasının sənədi, həm də Taliavininin rəyi “Milli Hərəkat”ın, Saakaşvilinin avtoritar rejiminin zamanında törətdiyi xəyanəti şəksiz şəkildə sübut edən birbaşa dəlildir. Bundan əlavə, 2008-ci ildə ölkəmizə bu qədər ziyan vuran insanlara qarşı ədalətin aydın şəkildə öz yerini tapması üçün digər dəlillərin araşdırılması mühümdür”, - İrakli Kobaxidze bildirib.