Rusiyanın ən böyük avtomobil istehsalçısı AvtoVAZ özünün ən çox satılan modeli Lada Granta-nın istehsalını müvəqqəti dayandırıb. Şirkətin Tolyatti zavodunda Granta istehsal xəttində son iş günü aprelin 25-nə planlaşdırılıb.
Hafta.az-ın yazdığına görə, aprelin 8-dən 30-a kimi işçilər məzuniyyətdə sayılacaq və onlara əməkhaqqının üçdə ikisi ödəniləcək. Daha sonra 1-11 may tarixləri arasında yaz tətili başlayacaq. İstehsalın mayın 12-də bərpası planlaşdırılır.
İstehsalın dayandırılmasına səbəb yeni model Lada İskra-ya keçid üçün zavodun yenidən təchiz edilməsidir. Şirkətdən verilən açıqlamaya görə, lazımi hazırlıqlar vaxtında tamamlanmazsa, istehsalatın dayanması və üçdə ikisi ödənişli məzuniyyət müddəti uzadıla bilər.
Lada Granta 2025-ci ilin martına Rusiyada ən çox satılan avtomobil olub. “Autostat”ın məlumatlarına görə, ay ərzində 10700 ədəd Granta satılıb. Onu 7200 ədədlə Lada Vesta və təxminən 4 min ədədlə Çin istehsalı Haval Jolion izlədi.
Bununla belə, ümumi avtomobil bazarında daralma əlamətləri müşahidə olunur. Martda Rusiyada ümumilikdə 79,8 min yeni avtomobil satılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,5 faiz azalma deməkdir. AvtoVAZ-ın satışları illik olaraq üçdə bir azalıb. Artıq ehtiyat və tələbin azalması səbəbindən şirkətin istehsalının mayda qismən dayandırıla biləcəyi söylənilsə də, bu yaxınlarda şirkət maliyyə cəhətdən sabit olduğunu və istehsalın davam etdiyini açıqladı.