Xəzər dənizinin sahilində yerləşən “Sea Breeze Resort”da ənənəvi olaraq minlərlə qonağı və onlarla məşhur sənətçini bir araya gətirən “DREAM FEST 2026” illik beynəlxalq musiqi festivalı start götürüb.
Hafta.az xəbər verir ki, ənənəyə uyğun olaraq, ilk qala-konsert öncəsi festival iştirakçıları qırmızı xalçadan keçiblər. Burada onları media nümayəndələri və çoxsaylı pərəstişkarları qarşılayıblar. Sənətçilər təəssüratlarını bölüşüb, qarşıdakı çıxışları barədə danışıb, Azərbaycana olan sevgilərini ifadə edib və tamaşaçılara unudulmaz musiqi sürprizləri vəd ediblər.
Azərbaycanın Xalq artisti Emin Ağalarov (EMIN) qırmızı xalçaya ilk çıxan sənətçilərdən biri olub. O, qonaqları və media nümayəndələrini səmimiyyətlə salamlayıb, tamaşaçılara davamlı dəstəklərinə görə təşəkkür edib və “DREAM FEST”in ildən-ilə daha genişmiqyaslı beynəlxalq musiqi tədbirinə çevrildiyini vurğulayıb.
Məşhur müğənni və bəstəkar Brendon Stoun jurnalistlər və pərəstişkarları ilə həvəslə ünsiyyət quraraq festivalın isti atmosferini və yüksək təşkilatçılıq səviyyəsini qeyd edib.
Müğənni Ani Lorak Bakıya gəlməkdən hər zaman məmnun olduğunu bildirib. O, Azərbaycan tamaşaçılarının qonaqpərvərliyini xüsusi vurğulayıb və qarşıdakı çıxışının izləyicilərə unudulmaz emosiyalar bəxş edəcəyinə əminliyini ifadə edib.
Rusiyanın Əməkdar artisti Alsu Azərbaycan mətbəxini çox sevdiyi üçün ölkəmizdə pəhriz saxlamağın çətin olduğunu etiraf edib.
“Dünəndən bəri demək olar ki, daim yemək yeyirəm, çünki Bakıda pəhriz saxlamaq mümkün deyil. Qutabları, lülə kababını sevirəm. Ümumiyyətlə, bütün bu yeməklər əsl cənnətdir. Mən Azərbaycan mətbəxini həqiqətən çox sevirəm”, – deyə müğənni bildirib.
O, həmçinin gecə yarısı “Kəpənək” adlı yeni mahnısının premyerasının keçiriləcəyini açıqlayıb.
“Mən bu anı çox gözləyirəm. Mənə elə gəlir ki, bu mahnı dinləyicilər tərəfindən mütləq seviləcək. O, çox pozitivdir, yay əhvali-ruhiyyəsi ilə zəngindir və bugünkü atmosferə mükəmməl uyğun gəlir”, – deyə Alsu qeyd edib.
Azərbaycanın Xalq artisti Zülfiyyə Xanbabayeva “DREAM FEST” festivalının hər il özünəməxsus atmosfer yaratdığını və izləyicilərə yeni təcrübələr təqdim etdiyini vurğulayıb.
“Bu festivalda yeniliklər də var. Lakin gələcək əməkdaşlıqlar və layihələr barədə hələlik danışmaq istəmirəm. Vaxtı gələndə hər şey məlum olacaq”, – deyə müğənni bildirib.
Azərbaycanlı ifaçı Roza Zərgərli yerli sənətçilərin beynəlxalq musiqi festivalında iştirakının xüsusi əhəmiyyət daşıdığını qeyd edib. “Azərbaycanlı sənətçilərin “DREAM FEST”də iştirak etməsi bizim üçün çox vacibdir. Bu, çox dəyərli və sevindirici haldır”, – deyə o vurğulayıb.
Mümkün yaradıcı əməkdaşlıqlardan danışan müğənni hələlik detalları açıqlamağa hazır olmadığını bildirib.
“Hələlik heç nə deyə bilmərəm. Amma təbii ki, əməkdaşlıq mümkündür. Üstəlik, “DREAM FEST” çərçivəsində artıq bir neçə birgə layihəm var və festivalın hər günü onlardan biri təqdim olunacaq”, – deyə Roza Zərgərli bildirib.
Rusiyalı müğənni Stas Mixaylov Azərbaycana hər səfərini xüsusi istiliklə xatırladığını və ölkəmizi ikinci Vətəni hesab etdiyini söyləyib. “Bura gəlmək mənim üçün həmişə xoşdur. İmkanım olsaydı, Azərbaycana daha tez-tez gələrdim”, – deyə sənətçi bildirib.
O, festivala uşaqları ilə gəldiyini və onları Azərbaycanla tanış etmək niyyətində olduğunu qeyd edib. “Birigün nənə və babamın yaşadığı Sumqayıta gedəcəyik. Uşaqlar burada ilk dəfədirlər, ona görə də onlara bu yerləri göstərmək istəyirəm”, – deyə müğənni vurğulayıb.
Sənətçinin sözlərinə görə, ailə səfəri proqramına İçərişəhərə gəzinti və Azərbaycan mətbəxi ilə tanışlıq da daxildir. “Onlar Bakını görməli, onun koloritini hiss etməli və yerli mətbəxi dadmalıdırlar”, – deyə o əlavə edib.
Azərbaycana ilk dəfə gələn Belarusun “Çəhrayı qızılgüllər” qrupunun üzvləri ölkəmizin onlarda güclü təəssürat yaratdığını bildiriblər. “Bu, ilk baxışdan əsl sevgi idi. Müasir və gözəl şəhər, isti dəniz, mehriban insanlar – qısa müddətdə gördüyümüz hər şey bizdə ən xoş təəssüratlar yaratdı”, – deyə ifaçılar qeyd ediblər.
Sənətçilər EMIN-ə xüsusi simpatiya bəslədiklərini də etiraf ediblər. “Bir favoritimiz var, o da Emindir. O, tez-tez Minskdə konsertlərlə çıxış edir və biz onunla görüşməyə həmişə şadıq”, – deyə onlar bildiriblər.
Artıq Bakıya səfər etmiş isveçrəli müğənni Barbara Berta hər yeni səfərinin ona Azərbaycan paytaxtının nə qədər sürətlə inkişaf etdiyini görməyə imkan verdiyini deyib. “Bakının necə dəyişdiyini görürəm və bu, məni çox sevindirir. Burada inanılmaz atmosfer, heyrətamiz enerji və təsiredici inkişaf tempi var. Bu layihəyə və burada baş verən hər şeyə uğurlar arzulayıram”, – deyə o bildirib.
Sənətçi festivala hazırlaşmaq üçün cəmi bir neçə dəqiqə vaxtının olduğunu da qeyd edib. “Hər şey çox tez baş verdi. Mən zərgərlik əşyalarını, bilərzikləri və gözəl aksessuarları çox sevirəm, ona görə də həmişə onları obrazıma əlavə etməyə çalışıram”, – deyə Barbara Berta söyləyib.
Tanınmış stilist və teleaparıcı Liliya Rax Azərbaycan incəsənətinə böyük hörmət bəslədiyini bildirib. “Rəssamlarınıza çox dəyər verirəm. Göz oxşayan, duyğu oyadan və enerji ötürən hər şeyi sevirəm. Daim yeni təəssüratlara açığam”, – deyə o qeyd edib.
“DREAM FEST 2026”nın ilk axşamının mövsümün ən möhtəşəm musiqi tədbirlərindən birinə çevriləcəyi gözlənilir. Bu gün festival səhnəsində Eqor Krid (Rusiya), Tomas Neverqrin (Danimarka), Busta Rayms (ABŞ), EMIN (Azərbaycan), Roza Zərgərli (Azərbaycan), Endryu Donalds (Yamayka), Zülfiyyə Xanbabayeva (Azərbaycan), Çeb Xalid (Əlcəzair), Brendon Stoun (Gürcüstan/Almaniya), Alsu (Rusiya), Stas Mixaylov (Rusiya), Ani Lorak, “Çəhrayı qızılgüllər” qrupu (Belarus) və Barbara Berta (İsveçrə) çıxış edəcəklər.
“DREAM FEST 2026” dünyanın müxtəlif ölkələrindən tanınmış ifaçıları yenidən Bakıda bir araya gətirərək Azərbaycanın genişmiqyaslı mədəni tədbirlər üçün aparıcı beynəlxalq məkan statusunu bir daha təsdiqləyir.