“Ölkəmizdəki bu vəziyyətə, bu saxtakarlıqlara çox üzülürəm. Heç kim soruşmur ki, niyə 30 ilə yaxındır ki, eyni ideya və prinsiplər uğrunda mübarizə aparan AXC və Müsavat partiyaları Novxanıya Rəsulzadənin abidəsi önünə ayrı -ayrılıqda gedirlər. Gedib Novxanıda Rəsulzadədən, Müsavatçılıq prinsiplərindən danışırlar çox gözəl, amma özləri Rəsulzadənin prinsiplərinə uyğun davranmırlar”.
Bu barədə hafta.az-a AMEA-nın elmi işçisi, siyasi şərhçi Yasəmən Qaraqoyunlu müxalifətin Məmmədəmin Rəsulzadə ətrafında nə dərəcədə birləşməsi ilə bağlı açıqlamasında bildirib.
Y.Qaraqoyunlu hesab edir ki, AXCP Və Müsavat özləri bu prinsipləri tapdalayırlar. “Rəsulzadə milli güclərin hamsını birləşdirirdi. Bəs siz niyə heç olmasa bircə gün, heç olmasa Novxanıda, Rəsulzadənin abidəsi önündə birləşmirsiz?. Siz illərlə bir birinizə qarşı mübarizə apardınız. Axı nəyi bölə bilmədiniz? Siz kimi aldadırsınız? Bu xalq, bu cəmiyyət yazıq deyilmi? Siz bu davranışlarla, bu bölünmələrlə, bu yersiz iddialarla heç vaxt hakimiyyətə gələ bilməyəcəksiniz, Hələ də bunu dərk etməyənlərə yazıqlar olsun!”- deyə Y.Qaraqoyunlu etiraz edib.