Azad edilən ərazilər necə bərpa olunacaq? – Müzakirə

16:34 26.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Biz bütün şəhərləri bərpa edəcəyik. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq”. Bu sözləri bir neçə gün əvvəl Prezident İlham Əliyev  mediaya müsahibəsində söyləmişdi. Son günlər işğaldan azad edilən ərazilərimizdən yayılan, foto və videolardan da aydın görmək olur ki, burada bütün infrastruktur, evlər və obyektlər dağılıb.

Belə məqamda ortaya müxtəlif suallar çıxır. Görəsən azad olunmuş torpaqlarımızda yenidənqurma və bərpa işləri nə cür aparılacaq? Binalar əvvəlki qaydada yoxsa, yeni üslubda inşa ediləcək? Bərpa işlərində maliyyə məsələləri nəcür həll olunacaq? Bölgəyə xarici investorların cəlb edilə bilərmi? Bütün bu suallara aydınlıq gətirmək üçün hafta.az-ın əməkdaşı mütəxəssislərə üz tutdu.

İlk müsahibimiz, Memar Fəxrəddin Miralay dedi ki, bununla bağlı olaraq, Mədəniyyət Nazirliyinin Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu var:

“Azərbaycanın ən zəngin arxivi də, burada yerləşir. Qədim tarixi abidələrin, qalaların, məscidlərin, körpülərin, kilsələrin, türbələrin hər birinin dəqiq ölçü və fotoları institutun arxivində mövcuddur. Bununla yanaşı institutda, kifayət qədər professional memarlar var”.

Mütəxəssis söyləyir ki, işğaldan azad edilmiş ərazilərimizdə binalar, təbii şərait nəzərə alınaraq tikilməlidir. Həmin binaların bütün standartlara uyğun olaraq hazırlanması üçünsə,  Azərbaycanda kifayət qədər peşəkar mütəxəssislər mövcuddur:

“Burda tarixi abidələr qorunub saxlanılacaq. Yeni binalar isə, rayonların təbii şəraiti, iqlimi nəzərə alınaraq tikiləcək. Kəlbəcərdəki evi Ağdamda tiksən orada yaşaya bilməzsən. Ona görə də Ağdamda, Qubadlıda, Kəlbəcərdə və eləcə də, digər rayonların hər birində fərqli şeylər tələb olunur. Ölkəmizdə bunu yüksək səviyyədə ərsəyə gətirə biləcək memarlarımız var. Biz bu günə qədər özümüzü öyməmişik. Demişik ki, biz təvazökarıq, qoy bizi başqaları öysün.  Azərbaycanən böyük ordusu olduğu kimi, böyük memarları, rəssamları, şairləri də var. Buna görə də xalq olaraq öhtəsindən gələ bilməyəcəyimiz heç bir şey yoxdur. Ona görə də bütün binalar, tarixi abidələr yenidən qurulacaq, dünyanın hər yerindən turistlər bu gözəllikləri görmək üçün, ölkəmizə gələcək”.

Mütəxəssis onu da vurğladı ki, 30 il ərzində ermənilər işğal altında olan torpaqlarımızda demək olar ki, yeni heç nə tikməyib. Tikilənlərin isə, yanına mərmi düşən kimi dağılır:

“Əgər yenidənqurma prosesi başlasa, şəhərsalmanın bütün qanunlarına uyğun olaraq, ərazi tamamilə sökülməlidir. Yeni küçələr salınmalıdır. Ondan öncə infrastruktur, işıq telefon, qaz, kanalizasiya xəttləri çəkilib, daha sonra yaşayış evləri tikilməlidir. Torpaqlar təkrar öz həqiqi sahiblərinə qaytarılmaq şərti ilə yenidən bölüşdürüləcək. Meydanlar, bağçalar, məktəblər, market və mağazalar inşa ediləcək. Hər bir prosesin beynəlxaq normaları var. Bu normalar əsasında yeni-yeni kəndlər qəsəbələr şəhərlər və s. inşa ediləcək. Ona görə də erməninin, hətta bizim vaxtı ilə tikdiyimiz evlər belə söküləcək”.

Növbəti müsahibimiz, iqtisadçı Natiq Cəfərli isə azad edilmiş ərazilərimizdə yenidənqurma işlərinin həyata keçirilməsi üçün, lazım olan yeniliklərdən, və tələb olunan maliyyə məsələlərindən danışdı.

O bildirdi ki, işğaldan azad edilmiş torpaqlarda infrastukturun bərpası böyük bir proqrama əsaslanmalıdır:

“Bu halda düşünülmüş bir yanaşmaya ehtiyac var. Ərazilərin bərpası, burada yaşamış insanların öz yerinə qayıtması üçün daşınmaz əmlakın bərpası, yeni iş yerlərinin yaradılması baxımından elə bir model təklif olunmalıdır ki, əhali ora qayıtdıqdan sonra iqtisadi fəaliyyətlə məşğul olması tam mümkün olsun. Burada, çoxşaxəli və düşünülmüş bir proqrama, böyük  bir maddi vəsaitə ehtiyac yaranacaq. Təbi ki söhbət 10 milyardlarla dollardan gedir. Azərbaycanın bu günkü büdcəsindən daha çox vəsait lazım olacaq. Bunun sırf neft fondunun hesabına aparılması,  o qədər də doğru yanaşma olmazdı. Çünki neft fondunun da, ehtiyatları tükənməz deyil. Hazırda büdcənin formalaşdırılmasında neft fondunun kifayət qədər böyük payı var.  Təkcə bu il Dövlət Büdcəsinin 58%-i neft fondundan transfer olunub”.

Ekspert onu da söylədi ki, gələcəkdə yenidənqurma işləri aparılan zaman, həm dövlət, həm özəl sektor, həm də xarixci investorlar arasında üçlü əməkdaşlıq platforması yaradılmasına ehtiyac yaranacaq:

“Burada dövlət öz üzərinə infrastrukturun bərpasını, yolların çəkilməsi, elektrik, qaz, su təchizatı ilə təminatı götürə bilər. Lakin, yeni müəsisələrin salınması, aqrar sektorun inkişafı, turizmlə bağlı proyektləri özəl sektor və xarici investorlarla aparmaq mümkündür. Buna görə də, xarici və daxili investorların cəlb edilməsi üçün təklif proqramlarına ehtiyac var. Görüləcək işlər həddindən artıq çoxdur. Ümüd edirəm ki, torpaqlarımız tamamilə azad edildikdən sonra xalqımızın böyük hədəfləri yaranacaq. Ərazilərimizin bərpa edilməsi böyük vəsaitlər tələb etsə də, burada elmi və doğru yanaşma olsa, xərcləmələr şəffaf şəkildə həyata keçirilsə, torpaqlarımızın azad edilməsi ən azı gələcək 10 ildə inkişafımızın “mühərrik”i rolunu oynaya bilər. Ərazi bütövlüyümüzün bərpası iqtisadi fürsətlərin də yaranmasına, iqtisadiyyatın dövriyyəsinin daha çox artmasına səbəb ola bilər. Belə olan halda hərtərəfli düşünülmüş iqtisadi, sosial, təhlükəsizlik qaydalarına cavab verən böyük bir  bərpa proqramının olmasına ehtiyac var”.

Mütəxəssis bildirdi ki, biz xarici investorlara açıq olmalıyıq. Kim buraya investisiya yatırmaq istəyirsə, bunun üçün tamamilə açıq bir siyasət yürütmək lazımdır. Xarici investorlara gəldikdə isə, burada əsas rolu Azərbaycana dost olan ölkələr, xüsusən də, qardaş Türkiyə oynaya bilər:

“Türkiyənin çox böyük tikinti təmir təcrübəsi olan iri şirkətləri  var. Ölkəmizə geniş təcrübəyə malik olan, bu şirkətləri dəvət etmək olar. Bundan əlavə, Avropa, Çin şirkətlərinə də müraciət etmək mümkündür. Azərbaycan çox şəffaf və açıq şəkildə xarici investorların cəlb edilməsi proqramına start verməlidir. Bunun üçün bəzi prosedurların, qanunvericiliyin dəyişdirilməsinə ehtiyac yaranacaq. Effektiv idarəetmə modelinə keçidlə bağlı proseslər sürətləndirilməlidir. Yəni bizi çox böyük işlər gözləyir”.

Sonda isə N.Cəfərov qeyd etdi ki, icra hakimiyyəti strukturları artıq özünü doğrultmur. Onlar yerli özünü idarəetmə instutları ilə əvəz edilməlidir. Bundan əlavə, yerli sahibkarların inkişafına da təkan verilməlidir:

“Aşağıdan gələn şəxsi təşəbbüslər eşidilməlidir, onlara dəstək göstərilməlidir. Aqrar sektorun  inkişafında yeni bir modelə keçid edilməlidir, çünki biz bu günə qədər aqrar sektora həm də, bir əl əməyindən istifadə edilən model kimi baxırdıq. Amma, bundan sonra, məhsuldarlığın artırılmasına, elmi yanaşmaya yeni texnologiyaların aqrar sektorda istifadə edilməsinə, suvarmanın optimallaşdırılmasına və yeni yanaşmaya ehtiyac yaranacaq. Həm idarəetmə, həm də iqtisadi model qələbədən sonra daha da yaxılaşdırılmalı və optimallaşdırılmalıdır”. 

İnanırıq ki tezliklə ərazi bütövlüyümüz tam təmin ediləcək, burada yenidənqurma və bərpa işlərinə başlanacaq. Mədəniyyətimizin beşiyi olan Şuşa və eləcə də ətraf rayonlar dünyanın turizm mərkəzinə çevriləcək. Bu gün tarixi torpaqlarımız övladlarının gəlişinə şahid olur, onu qeyd edir. Növbəti addım isə, onu çiçəkləndirib gələcəyə daha gözəl Azərbaycan bəxş etməkdir.

Banu Hüseynli

Oxunma sayı 1749