Yaxın 4 ildə daxili və xarici turistləri nəzərə alaraq, Qarabağın 1 milyon insanı qəbul edəcəyi gözlənilir.
Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib ki, səfərlər, minalardan təmizlənmiş, təhlükəsizliyi təmin olunmuş dəhlizlər vasitəsilə baş tutacaq:
“Marşurutlar hazırlanıb. Səfərlərin ümumi konsepsiyası “Yolumuz Qarabağadır” adlanır. Yaxın günlərdə vətəndaşlarımıza ətraflı məlumat veriləcək. Detalları qeyd etmək istəmirəm, çünki sürpriz xəbərdir. İndi həmin ərazilərə getmək təhlükəsizlik baxımında çətindir, ancaq xüsusi dəhlizlər yaradılacaq. Təmizlənmiş, təhlükəsizlik təmin olunmuş dəhlizlər vasitəsi ilə səfərlər baş tutacaq. Səfərlər öncə daxili turizm üçün nəzərdə tutulub. Daha sonra ardı olacaq. Proses artıq təqdim olma mərhələsinə gəlib çatır. Yaxın günlər və həftələr ərzində daxili turizm baş tutacaq”.
Sirr deyil ki, kiçik Qafqazın bəzəyi olan Qarabağımızın və Şərqi Zəngəzurun turizm potensialı çoxşaxəlidir. Burada, ekoturizm, dağ turizmi, qış turizmi, ov turizmi, sağlamlıq turizminin inkişafı üçün bütün imkanlar vardır. Kəlbəcərdə ənənəvi turizmdən əlavə, qış və sağlamlıq turizminin inkişafı mümkündür. Mədəniyyət beşiyi hesab olunan Şuşada əsasən festivalların keçirilməsi, Ağdamda "dark" — yəni işğalın nəticələrinin çılpaq şəkildə göstərilməsi və işgüzar turizm nəzərdə tutulub. Xocavənd rayonu da xüsusi turizm potensialına malikdir. Tuğ və Hadrutun şərab marşrutuna salınması daha uyğundur. Məşhur Azıx mağarası, Tağlar mağarası da bu ərazidə yerləşir. Suqovuşanla bağlı da müəyyən planlar mövcuddur.
Ərazilərdə təhlükəsizlik tam təmin edildikdən sonra buraya xarici turistlərin cəlb olunması məsələsi ilə bağlı Hafta.az-a məlumat verən turizm üzrə ekspert Ceyhun Aşurov bildirir ki, işğaldan azad olunmuş ərazilərə həm yerli, həm də xarici turistləri cəlb etmək üçün 3 əsas şərt lazımdır. Bunlar, təhlükəsizliyin təmini, infrastruktur və əhalinin qayıdışı və məskunlaşmasıdır:
“Bütün bu məsələlər həll edildikdən sonra orada turizm iaşə obyektləriinin yaradılması mümkün olacaq. Qarabağa 1 milyona yaxın turistin gələcəyi fikirləri 2025-ci il üçün nəzərdə tutulub. Fikrimcə az əvvəl sadaladığım üç amil 2025-ci ilə qədər öz həllini tapacaq. Hazırda bizim azad edilən ərazilərdə 1 beynəlxalq aeroportumuz fəaliyyətdədir. 2 aeroportun isə tikintisi davam etməkdədir. Beynəlxalq aeroportlardan xarici uçuşların həyata keçirilməsi, daha ucuz aviasəyahət daha çox turistin həmin bölgəyə cəlb olunmasına şərait yaradır”.
Ekspert, bölgəyə turistləri cəlb etmək üçün beynəlxalq aeroportlar və ucuz xarici uçuşların yaratdığı fürsətləri xüsusilə vurğuladı:
“İstər bizim soydaşlarımız, istərsə də xarici vətəndaşlar turizm marşrutları vasitəsilə bölgəyə səfər edə biləcək. Ərazidə beynəlxalq aeroportların olması həm də təhlükəsizliyin təminatçısıdır. Artıq orada tək Azərbaycan şirkətləri yox, beynəlxalq şirkətlərin subyektləri fəaliyyət göstərəcək. Bu halda bizim ərazimizdə baş verəcək terror, və ya təhlükəli məqamlar həm də həmin ölkələrə yönəlmiş sayılır. Ona görə də fikrimcə yaranmış bütün maneələr bu illər ərzində öz həllini tapacaq və Qarabağa turistlərin səfərləri tam təhlükəsiz şəkildə həyata keçiriləcək”.
Qeyd edək ki, 30 ilə yaxın işğal müddətində düşmən həm də Qarabağa qanunsuz səfərlər təşkil etməklə qondarma rejimi təşviq etmək və turizmdən gəlir əldə etmək kimi məqsədlər güdüb. Hətt, Qarabağda yaradılmış “qondarma rejim”rəhbərliyi 2019-cu ildə işğal alıtndakı Azərbaycan torpaqlarına 44 min turistin gəldiyini bildirib.