“Ukrayna ilə Azərbaycan arasında münasibətlərin davamlı şəkildə nizamlanması və inkişaf etdirilməsi, xüsusilə də Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi prinsipial dəstək, ölkəmizin beynəlxalq münasibətlər sistemində tutduğu mövqenin gücləndiyini göstərir”.
Bunu hafta.az-a siyasi icmalçı Azər Hüseynov Ukrayna XİN rəhbərinin Azərbaycana səfəri və Bakının Kiyevə dəstəyini şərh edərkən bildirib.
A.Hüseynov qeyd edib ki, Azərbaycan Respublikası daim beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığına dəstək verməklə yanaşı, münaqişələrin sülh yolu ilə və qarşılıqlı anlaşma əsasında həllini təşviq edir. Bu kontekstdə, Ukraynanın xarici işlər nazirinin ölkəmizə rəsmi səfəri, tərəflər arasında siyasi dialoqun intensiv xarakter aldığını və qarşılıqlı maraqlara əsaslanan ikitərəfli münasibətlərin daha da dərinləşdiyini nümayiş etdirir.
“Bu səfər Azərbaycanın regionda və daha geniş beynəlxalq aləmdə artan nüfuzunun, etibarlı tərəfdaş imicinin və sülhə yönəlik prinsipial mövqeyinin bariz göstəricisidir. Azərbaycanın həm regional, həm də qlobal miqyasda sabitlik və əməkdaşlığa verdiyi töhfələr, onun strateji tərəfdaş kimi cəlbediciliyini artırır və diplomatik əlaqələrinin daha da genişlənməsinə şərait yaradır” - A.Hüseynov bildirib.