Azərbaycan Çin üçün əvəzolunmaz tərəfdaşdır - Elşad Mirbəşir

11:26 24.04.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Prezident İlham Əliyevin Çinə səfəri iki ölkə arasında keyfiyyətcə yeni tarixi mərhələnin başlanğıcı oldu. Azərbaycanla Çin arasında Birgə Bəyanatın imzalanması buna sübutdur. Nəqliyyat-logistika sahəsində əməkdaşlıq hər iki ölkənin dünya bazarlarında rolunu və təsir imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. Ən əsası isə beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanla Çin bir-birinin maraqlarını daha yaxından nəzərə alıb dəstək duracaqlar. Bu da ölkələr arasında həm siyasi münasibətləri, həm də iqtisadi əməkdaşlıq sistemlərini daha dayanıqlı və keyfiyyətli edəcək”.

Bunu Hafta.az-a Azərbaycan Prezidentinin Çinə rəsmi səfərini şərh edən professor Elşad Mirbəşir bildirib.

Professor qeyd edib ki, Azərbaycan müstəqilliyinin ilk illərindən Çinlə çox dinamik əməkdaşlıq edir. Ölkələrimiz arasında siyasi münasibətlər Azərbaycanın müstəqilliyinin ilk illərində - 1992-ci ildə qurularaq davamlı inkişaf etməkdədir. Eləcə də bu gün Azərbaycanla Çin qarşılıqlı maraqlar əsasında çox səmərəli əməkdaşlıq sistemini qurmağı bacarıb.

Professor Azərbaycan Prezidentinin sayca 4-cü dəfədir ki, Çin-ə səfər etdiyini vurğulayıb. O, bildirib ki, 2014, 2015, 2019 və 2025-ci illərdə baş tutan bu səfərlər həmişə Çin-Azərbaycan münasibətlərinə çox ciddi təkan verib. Azərbaycan Prezidenti hələ 2015-ci ildə rəsmi dövlət səfərində olarkən Çinlə Azərbaycan arasında çox mühüm əməkdaşlıq istiqamətləri müəyənləşdirilib.  Qarşılıqlı təmasların sıxlaşdırılmasında bu görüşün həlledici rolu olub. Təsadüfi deyil ki, artıq 2016-cı ildə Azəbaycan Çinin təsirli rola malik olduğu Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusunu aldı və Prezident İlham Əliyev bu təşkilatın Zirvə görüşlərində iştirak üçün daimi dəvətlər alır. 2024-cü il Qazaxıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə Azərbaycan Prezidenti ilə Çin Xalq Respublikasının Sədri arasında tarixi görüş baş tutdu və strateji tərəfdaşlıq Bəyannaməsi imzalandı.

E.Mirbəşir hesab edir ki, Azərbaycan Prezidentinin Çinə səfəri olduqca əhəmiyyətli və yüksək təsirə malikdir. Onun sözlərinə görə, artıq Azərbaycanla Çin arasındakı münasibətlərinin daha yüksək statusla səciyyələndiyini görürük.