“Dövlət sahibkarlara dəstək göstərir, müdafiə edir, şərait yaradır, onların gəlirlərinin artırılmasına çalışır. Sahibkarlar da, öz növbəsində, dövlətin vergisini qəpiyinə qədər ödəməlidirlər. Burada kölgə iqtisadiyyatına yol verilməməlidir, ikili mühasibat olmamalıdır. Əgər olarsa bu sahibkarlar məsuliyyətə cəlb edilməlidir və eyni zamanda, bu gün hələ də ağır vəziyyətdə yaşayan insanlara kömək göstərməlidirlər”
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
“Əfsuslar olsun ki, bəzi rayonlarda sahibkarlar incidilir, onlar qarşısında süni əngəllər törədilir, onlardan yerli icra orqanları tərəfindən rüşvət tələb olunur, pay tələb olunur. Buna qətiyyən yol vermək olmaz və bu məsələlərə çox ciddi nəzarət olmalıdır. Sahibkarlar dövlət məmurları tərəfindən yalnız dəstək görməlidirlər, kömək görməlidirlər və sahibkar ancaq dövlətin vergisini ödəməlidir”,- deyə İlham Əliyev bildirib
Dövlət başçısının fikirlərini hafta.az-a şərh edən millət vəkili Vüqar Bayramov bildirdi ki, Prezident çıxışında sahibkarlara dəstək nümayiş etdirdi:
“Pandemiya dövründə sahibkarlara dəstəyin artırılması ondan xəbər verir ki, ən çətin dönəmdə Azərbaycan dövləti sahibkarın yanındadır. Eyni zamanda sahibkarlara göstərilən dövlət dəstəyi bir tərəfdən də onların üzərinə düşən məcburi öhdəlikləri yerinə yetirmələrini ön plana çəkir. Nəzərə alsaq ki, pandemiya dövründə də məlum oldu ki, qeyri-məşğulluqda çalışan kifayət qədər vətəndaşlarımız var. Onlarla əmək müqaviləsi bağlamırlar, vergidən yayınan sahibkarlarımız da var. Bu baxımdan sahibkarlar dövlət qarşısında bir öhdəliyi olduğunu bilməlidirlər”.
V. Bayramov qeyd etdi ki, pandemiya sahibkarların sosial sosial məsuliyyətinin gücləndirilməsini gündəmə gətirdi:
“Cənab Prezident digər çıxışlarında da bildirib ki, sahibkarlıq subiyektlərində korporativ idarəetmə formalaşdırılmalıdır. Şəffaflığın artırılması, səmərənin yüksəldilməsi lazımdır. Avropa ölkələrin təcrübəsi göstərir ki, pandemiya dövründə vətəndaşlara dövlətlə yanaşı, sahibkarlar da dəstək olurlar. Korporativ idarəetməyə ona görə ehtiyac var ki, sahibkarlar həssas dönəmlərdə vətəndaşların yanında olsunlar”.