Bildiyimiz kimi, oktyabrın 24-də Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri olub. Səfər çərçivəsində çox önəmli görüş və müzakirələr olub. Özü də bu səfərin məhz indiki çətin regional və qlobal siyasi proseslərin tüğyan etdiyi zamanda həyata keçirilməsinin önəmi daha böyükdür. İki il öncə 44 günlük Vətən müharibəsi nəticəsində işğalçı Ermənistan dövləti məğlub edildikdən sonra bölgəmizdə vəziyyətin düzələcəyinə ümid bəslədiyimiz halda, uzun illər qara bayraqları altında Ermənistanı dəstəkləyən, onların hər cür ehtiyacını təchiz edən İran açıq-aşkar anti-Azərbaycan mövqe sərgiləməyə, Azərbaycanı hərbi müstəvidə şantaj etməyə və “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir” deyərək defakto respublikamıza və dolayısıyla bütünləşməkdə olan türk dünyasına cəbhə açıb. Bax belə bir zamanda Azərbaycan rəhbərinin Gürcüstana səfər etməsi bizim üçün strateji əhəmiyyətlidir.

Azərbaycan Prezidenti Gürcüstanda hansı məsələləri görüşüb, müzakirə edib? Əlbəttə, ilk ağla gələn cavab bu olub ki, ticarət, nəqliyyat və energetika sahələrində birgə layihələr müzakirə olunub. Səfərin yekunlarına dair liderlərin brifinqdə verdiyi açıqlamala nəzər salaq. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bəyan edib ki, Gürcüstan Azərbaycan üçün ən vacib və dost ölkələrdən biri, Azərbaycan isə Gürcüstanın ən mühüm strateji tərəfdaşıdır. Yəni, bu iki Qafqaz ölkəsi siyasi, iqtisadi, elmi, mədəni – bütün müstəvilərdə bir-birinə bağlıdırlar.
"Biz cənab Prezident, həm davam edən, həm də planlaşdırılan layihələrin həyata keçirilməsi üçün əlaqələrin mümkün olan ən böyük dərəcədə intensivləşdirilməsinə tam hazır olduğumuzu təsdiqləyirik", - Qaribaşvili bildirib və bununla Ermənistana və onun havadarlarına açıq mesaj göndərib ki, beynəlxalq layihələrin bir parçası olmağı özünüz istəmədiniz, bundan sonra biz bu proseslərə sizsiz davam edəcəyik.
Prezident İlham Əliyev bildirib ki, məhz bu səfər nəticəsində Azərbaycanla Gürcüstan arasında mövcud olan strateji əlaqələr müttəfiqlik səviyyəsinə yüksəlib. Dövlət başçısı qeyd edib ki, iki dost ölkə bir çox sahələrdə, eləcə də ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləyir. “Bu gün bir çox məsələlər müzakirə olundu və müzakirələr davam edəcək. Bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı məsələlər müzakirələrin mərkəzində idi. İkinci Qarabağ müharibəsindən sonra yaranmış vəziyyətlə və Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının gedişatı ilə bağlı mən Baş naziri məlumatlandırdım. Hesab edirik ki, Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar. Hər halda, bizim niyyətimiz budur. Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etmişik və ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan bu əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaq” deyən prezident İlham Əliyev əminliklə bildirib ki, əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək, əməkdaşlıq üçün yeni imkanlar yaranacaq.
Göründüyü kimi, Azərbaycan və Gürcüstan liderləri isbat etməyə çalışırlar ki, Qafqazda sülh və sabitliyi nə Rusiya, nə Fransa, nə də digərləri deyil, elə üç respublika olaraq özləri yarada bilərlər, sadəcə buna iradə göstərmək lazımdır.
Liderlərin görüşündə iki ölkə arasında fəaliyyətdə olan və gələcəkdə icrası nəzərdə tutulan iqtisadi layihələrin əhəmiyyətindən söz açılıb, irəlidə görüləcək işlər müzakirə olunub. Bu ilin doqquz ayında iki ölkə arasında ticarətin həcminin 1 milyard dollara yaınlaşdığı bildirilib və qeyd olunub ki, məhz bu rəqəm Azərbaycanla Gürcüstan arasında necə güclü bağların olduğunu göstərir.
Müzakirələrdə qeyd olunub ki, Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu ölkədən tranzit olaraq keçən neft və qaz kəmərləri, eləcə də Bakı-Tiflis-Qars dəmir yolu Gürcüstan iqtisadiyyatına çöx böyük töhfələr verməkdədir. Bu ildən başlayaraq 2027-ci ilədək Avropaya ixrac olunan neft və təbii qazın həcmi, eləcə də dəmir yolu ilə daşımalar artırılacaq ki, bu da daşınma həcmindən asılı olaraq Gürcüstan büdcəsi üçün əlavə daxilolmalar deməkdir.
Azərbaycan Prezidentinin də dediyi kimi, tranzit daşımaları həyata keçirmək istəyən ölkə mütləq qonşuları ilə yaxşı əlaqələrə malik olmalıdır. Hazırda Azərbaycanla belə müsbət, tarixi dostluğa, qarşılıqlı faydalı əlaqələrə malik olan dövlət Gürcüstandır və bu səbəbdən də, bütün regional və beynəlxalq layihələr məhz bu dost dövlətin ərazisindən keçməkdədir.

Gürcüstan Azərbaycanlıları Milli Konqresinin (GAMK) sədri Əli Babayev Hafta.az-a müsahibəsində deyib ki, Prezident İlham Əliyevin bir günlük səfəri Gürcüstan ictimaiyyətində tarixi hadisə kimi qarşılanıb. Prezident İlham Əliyev Baş nazir İrakli Qaribaşvili ilə görüşündən və liderlərin müzakirə ertdiyi iqtisadi-siyasi-ticarət məsələlərindən söz açan GAMK sədri İrakli Qaribaşvilinin çıxışından çox maraqlı bir məqamı xatırlatdı: “Azərbaycan dövlətinin və liderinin nüfuzunu yüksək qiymətləndirən baş nazir İrakli Qaribaşvili vaxtilə Ümummilli lider Heydər Əliyevin Tiflisə səfəri zamanı etdiyi çıxışdan bir epizodu səsləndirdi. Heydər Əliyev çıxşı zamanı “Çox xoşbəxtik ki, Allah Azərbaycan və gürcü xalqlarını qonşu yaradıb. Xalqlarımız arasında tarixən mövcud olan dostluq bizlərə babalarımızdan miras qalıb və biz onu daha da gücləndirməli, özümüzdən sonrakı nəsillərə ötürməliyik” demişdi. Əlbəttə, Gürcüstan hökumətinin başçısı da Azərbaycan xalqına və rəhbərliyinə hər zaman yanlarında olduqları üçün minnətdarlığını bildirdi”.
Qazqazda sülh və sabitlikdən söz açan Ə.Babayev qeyd etdi ki, Azərbaycanla gürcüstan arasında sıx əlaqələrin olmasına baxmayaraq, ermənilər hələlik fərqli mövqe tutur. “Hesab edirəm ki, ermənilər oyun oynayır. Ermənistan bu gün gah Fransaya, gah İrana, gah da ABŞ-a yaltaqlanmaqla nəsə əldə etməyə çalışır ki. əlbəttə, bu onlara yaxşı heç nə vəd eləmir. Sirr deyil ki, cəmi 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad edib və regionun yüksək inkişaf etmiş ölkəsi olaraq geniş resursları, potensialı mövcuddur. Ona görə də Ermənistan Ermənistan sülh sənədlərinə imza atmasa yalnız özünə ziyan verəcək”, – deyən cənab Babayev bildirib ki, gürcü ictimaiyyəti birmənalı şəkildə İlham Əliyevin səfərini alqışlayıb və onun Gürcüstana gəlişi ölkə mətbuatında çox geniş rezonans doğurub.
“Gürcüstanda yaşayan azərbaycanlılar olaraq fəxr edirik ki, Azərbaycan xalqı və rəhbərliyi hər zaman yanımızdadır və bizə hərtərəfli dəstək verirlər. Elə götürək cənab prezidentin İranda baş verən hadisələrlə bağlı etdiyi məlum çıxışında dünya azərbaycanlılarına xitabən işlətdiyi fikirləri. O qeyd etdi ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların hüquqları müdafiə olunacaq, dillərini, dinlərini inkişaf etdirmələri üçün zəruri dəstək veriləcək. Məncə bu dünyaya bir mesajdır ki, Azərbaycan xalqı və dövləti inkişaf etmiş, qüdrətli dövlətdir və biz hamımız bu dövlətlə fəxr edirik”, - GAMK sədri Ə.Babayev bildirib.

Siyasi ekspert İlyas Hüseynov Hafta.az-a müsahibəsində bildirib ki, Cənubi Qafqazda sülhün və sabitliyin qorunması müstəvisində Azərbaycan və Gürcüstan hər zaman mühim addımlar atıblar. Eyni zamanda, Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazandıqdan sonra regionda yeni geosiyasi şərait formalaşıb. Ekspert deyib ki, Vətən müharibəsi dövründə Gürcüstanın balanslı mövqeyini xüsusi qeyd etmək lazımdır. Azərbaycan isə hazırda Cənubi Qafqazda əməkdaşlıq mühitinin daha da genişləndirilməsi istiqamətində mühüm addımlar atır.
“Prezident İlham Əliyevin Gürcüstana səfəri də məhz regional əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır. Burada iqtisadi, siyasi, nəqliyyat, enerji, humanitar və mədəni münasibətlərin daha da dərinləşdirilməsi əsas meyar olaraq götürülür. Gürcüstan öz ərazisindən neft və qaz kəmərlərini keçirməklə Azərbaycanla əlaqələri strateji əməkdaşlıq səviyyəsinə qaldırıb. Gürcüstanın ərazisi Azərbaycan üçün Qərbə əsas çıxış qapısıdır. Bildiyimiz kimi, Bakı-Tiflis Ceyhan, Bakı-Ərzurum və sair neft-qaz xətləri məhz Gürcüstan torpaqlarından tranzit olaraq keçməkdədir. Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi ilə isə Şərq-Qərb nəqliyyat dəhlizi istiqamətində vacib bir siqment işə salınıb. Bütün bunlar onu deməyə əsas verir ki, regional kommunikasiyaların inkişafı istiqamətində Azərbaycanla Gürcüstan ortaq mövqe sərgiləyir”, - siyasi ekspert vurğulayıb.
Müsahibimizin fikrincə, başqa bir məsələ – Türkiyə-Azərbaycan-Gürcüstan geosiyasi üçbucağıdır ki, burada artıq siyasi, iqtisadi, nəqliyyat, enerji layihələri ilə yanaşı hərbi siqment münasibətləri tamamlayır. Hərbi müstəvidə əlaqələrin genişlənməsi isə məhz strateji əhəmiyyətli kommunikasiyaların təhlükəsizliyini daha da gücləndirir. Bundan əlavə, prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşündə mühüm mesajlar da verilib.
“Gürcüstan Cənubi Qafqaz ölkələri arasında əlaəqlərin inkişaf etdirilməsində maraqlı dövlət olaraq özünü göstərir. Bunun nəticəsidir ki, Gürcüstan işğaldan azad edilmiş rayonlarda minalanmış ərazilərin xəritəsinin Bakıya verilməsi üçün Azərbaycanla Ermənistan arasında vasitəçi rol oynayıb. Düzdür, burada ABŞ-ın rolu danılmazdır, amma Gürcüstan da bu prosesdə özünü Qərbin vacib müttəfiqi olaraq isbatlayıb”, – İ.Hüseynov qeyd edib.
Gürcüstanın xeyli vaxtdır Azərbaycanla Ermənistan arasında vasitəçilik etmək istədiyini bildirən İ.Hüseynova görə, bu təşəbbüslər mütləq təqdir olunmalıdır. Amma bu bir həqiqətdir ki, hazırda proseslər əsasən Avropa İttifaqı və Rusiyanın vasitəçiliyi ilə icra olunur. “Düşünürəm ki, Gürcüstanın sülhün möhkəmləndirilməsi istiqamətində təşəbbüsləri daha da inkişaf etdirilə bilər. Çünki Gürcüstan Cənubi Qafqazda özünəməxsus ölkədir, orada azərbaycanlılar və ermənilər yığcam şəkildə yaşayırlar. Bu da Cənubi Qafqazda birgəyaşayış baxımından mühüm amil kimi dəyərləndirilə bilər”, - ekspert İ.Hüseynov söyləyib.