Azərbaycan ilk yeddilikdə - REYTİNQ

15:24 18.04.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Valyuta Fondu (BVF) dünya ölkələrində investisiya cəlbedicliyi mühiti ilə bağlı 2024-cü ilə dair hesabatını açıqlayıb. Qeyd edək ki, hesabatda Azərbaycan ən yaxşı investisiya mühitinə malik “Top-7”qrupunda qərarlaşdırıb. Belə ki, ölkəmiz ən malik yer alıb.

Yeri gəlmişkən, Mərkəzi Bankın məlumatına görə, 2023-cü ildə Azərbaycan iqtisadiyyatına cəlb edilən birbaşa xarici investisiyaların ümumi məbləği 6,7 milyard dollar təşkil edib. Bu, 2022-ci illə müqayisədə 6,1 faiz çoxdur. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 69,9 faiz təşkil edib. Qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 2 milyard dollar olub.

2023-cü ildə Azərbaycana birbaşa xarici investisiya qoyan ilk 5 ölkə aşağıdakılardır:

- Böyük Britaniya (1,9 milyard dollar),

- Türkiyə (1,3 milyard dollar),

- Kipr (792 milyon dollar),

- Rusiya (617 milyon dollar),

- İran (396 milyon dollar).

Təbii ki, Azərbaycanın dünyanın aparıcı maliyyə institutunun hesabatında irəliləməsinə həm iqtisadi, həm də hüquqi amillər səbəb olub. Nəzərə almaq lazımdır ki, son illər xüsusilə xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi üçün ciddi hüquqi islahatlar həyata keçirilib, investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara eyni iş şəraitinin yaradılması, əldə edilmiş mənfəətdən maneəsiz istifadə olunması ilə bağlı mühüm qanunlar qəbul edilərək hüquqi baza yaradılıb. “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyaların qorunması haqqında” qanunların qəbul edilməsi davamlı şəkildə sərmayə artımlarına təkan verib. Bundan başqa, Azərbaycan hökumətinin bir sıra xarici ölkələrlə ikiqat vergi tutmanın aradan qaldırılması, investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalaması da investisiya qoyuluşunu təşviq edib. Azərbaycan beynəlxalq müstəvidə ikitərəfli əməkdaşlıq çərçivəsində 30-dək ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalayıb. Bu tədbirlər xarici investorların, beynəlxalq maliyyə qurumlarının və iqtisadi təşkilatların Azərbaycana olan marağını daha da artırıb. 2003-2022-ci illər ərzində ölkə iqtisadiyyatına yönəldilən investisiyaların ümumi həcmi 310,4 milyard dolları təşkil edib ki, onun 154 milyard dolları xarici investisiyalardır.

Eyni zamanda, ölkəmizdə biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün zəruri tədbirlərin görülməsi məqsədilə “bir pəncərə” prinsipinin tətbiqi xarici və yerli sahibkarların fəaliyyətində yeni mərhələnin başlanmasına səbəb olub.  “Bir pəncərə” sisteminin tətbiqindən sonra Azərbaycanda biznesə başlama prosedurları 15-dən 1-ə və bunun üçün sərf olunan vaxt 30 gündən 3 günə endirilib. Məhz bu tədbirlər sayəsində Azərbaycanın beynəlxalq miqyasda investisiya cəlbedicliyi yüksəlib.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı alim Əli Əlirzayev deyib ki, son illər Azərbaycanın dünya miqyasında investisiya üçün cəlbedici ölkə statusu daha da güclənib: “Bu gün ölkədə yaradılmış həm  siyasi, həm iqtisadi sabitlik Azərbaycanı investorlar üçün cəledici dövlətə çevirib. İnvestorlar üçün xüsusilə siyasi sabitlik olduqca önəmlidir. Çünki iş adamları öncə yatırdıqları sərmayənin nə qədər etibarlı qoruna biləcəyinə baxırlar. Siyasi-iqtisadi sabitliyi olmayan ölkə ilə heç vaxt maraqlanmırlar. Azərbaycanın bir sıra regional və qlobal layihələrdə sərmayədar kimi hazırkı rolu onu mühüm geosiyasi oyunçuya, eləcə də beynəlxalq imicə malik ölkəyə çevirib. Bu gün ölkəmizə, xüsusən də birbaşa investisiyaların yatırılması mühüm əhəmiyyət daşıyır. Birbaşa investisiyalar uzunmüddətli dövr üçün qoyulur, eyni zamanda rəqabəti artırır. Həm neft-qaz sektoruna, həm də qeyri-neft-qaz sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi müsbətdir”.

Mövzu ilə bağlı iqtisadçı ekspert Elşad Məmmədli də qeyd edib ki, xarici investor ölkəyə sərmayə qoyarkən, onu ilk növbədə zəmanət məsələsi düşündürür: “Azərbaycanda ictimai-siyasi spektrdə həyata keçirilən tədbirlər, faktiki olaraq, ölkəmizin bir sabitlik adasına çevrilməsiə şərait yaradıb. Bu da investisiyalrın cəlbi nöqteyi nəzərdən olduqca önəmlidir. Digər tərəfdən, sosial-iqtisadi bloka nəzər yetirdikdə  görürük ki, son illər ərzində, xüsusilə son 6 il ərzində sosial sahədə aparılan islahatlar nəinki əhalinin geniş kateqoriyalarının sosial rifanının yüksəldilməsinə, həm də daxili bazarın stimullaşdırılmasına, daxili bazara təkana nail olmaq üçün bizə yeni imkanlar açıb. Bu, önəmli şərtdir. Xarici investor ölkəyə sərmayə qoyanda, onu ilk növbədə düşündürən məqamlardan biri zəmanət məsələsidir, ölkənin maliyyə vəziyyətidir. Torpaqlarımızın işğaldan azad edilməsi ilə isə həm Azərbaycanın nüfuzuna, gücünə inam, həm də ölkəyə investisiya cəlbi imkanları artıb. İndi Azərbaycan Qarabağ və Zəngəzura xarici investorların cəlbi istiqamətində fəal iş aparır. Bu məqamda BVF-nin Azərbaycanı 7 ən cəlbedici ölkədən biri elan etməsi xarici investorların ölkəyə daha inamlı gəlişinə şərait yaradacaq. Ölkəyə birbaşa investisiya qoyuluşu isə rəqabətliliyi daha da artıracaq, beynəlxalq bilik və texnologiyalar gətirəcək, onların marketinq siyasətini öyrənəcəyik, ixrac potensialımız da artacaq”.

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzi İctimai Birliyinin sədri Akif Nəsirli bildirib ki, Valyuta Fondunun Azərbaycanı dünyanın 7 ən cəlbedici investisiya ölkəsindən biri élan etməsi ölkə iqtisadiyyatının gələcək inkişafı üçün olduqca əhəmiyyətlidir: “Bu o deməkdir ki, Azərbaycan bütün dünyada investisiya yatırımları olan 7 ölkədən biridir. Fond Azərbaycanın investisiya mühiti barədə kifayət qədər nikbindir. Bu qurum sadə bir təşkilat deyil, onun açıqlaması da təsadüfi xarakter daşımır. Təbii ki, təşkilat Azərbaycanın investisiya mühitini araşdırıb, nəticələrə uyğun olaraq ölkəmizi 7 ən cəlbedici investisiya ölkəsindən biri élan edib. Bunun səbəbləri, yəqin ki, son illər ölkə iqtisadiyyında liberallaşmanın aparılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, digər tərəfdən, Azərbaycanın dövlət olaraq beynəlxalq aləmdə imicinin yaxşılaşması ola bilər. Eyni zamanda, Fondun açıqladığı göstəricilər həm də son illər ölkəmizə qoyulan xarici investisiyanın həcminin artması amili ilə bağlıdır”.

Oxunma sayı 67