“Azərbaycan iqtisadiyyata müasir texnologiyaların tətbiqinə görə regionda liderdir” – Azər Badamov

13:41 17.06.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Heç şübhəsizdir ki, bu gün Azərbaycan artıq sənaye inqilabı üzrə regional mərkəzə çevrilir. Xatırlayırsınızsa, Davos İqtisadi Forumu zamanı Davosun Dördüncü Sənaye İnqilabı üzrə Regional Mərkəzinin Bakıda yaradılması ilə bağlı sənəd imzalnmışdı. Bu gün həm ölkə başçısı İlham Əliyev, eləcə də dünyanın aparıcı innovasiya və yüksək texnologiyalar üzrə inkişaf etmiş şirkətlərinin rəhbərləri hesab edirlər ki, adıçəkilən mərkəz nəinki təkcə Azərbaycanı, region ölkələrini də əhatə edəcək.

Prezident İlham Əliyevin bildirdiyi kimi burada əsas məqsəd Azərbaycanın əsas strategiyası karbohidrogen ehtiyatlarından asılılığı azaltmaq və innovasiyalar, yeni texnologiyalar və müasir idarəçilik əsasında dayanıqlı inkişafa nail olmaqdır.

Millət vəkili Azər Badamov hafta.az-a açıqlamasında deyib ki, Azərbaycanda Davosun Dördüncü Sənaye İnqilabı üzrə Regional Mərkəzinin açılması, belə bir qərarın verilməsi təbii ki, ölkəmizin müasir texnologiyalara və innovasiyalara verdiyimiz önəmdən irəli gəlir: “Cənab Prezidentin Davosa səfəri zamanı Azərbaycanda Davosun Dördüncü Sənaye İnqilabı üzrə Regional Mərkəzinin açılması ilə bağlı məsələ müzakirə olunmuşdu. Bununla bağlı qərar qəbul edilmişdi. Azərbaycanda Davosun Dördüncü Sənaye İnqilabı üzrə Regional Mərkəzinin açılması, belə bir qərarın verilməsi təbii ki, ölkəmizin müasir texnologiyalara və innovasiyalara verdiyimiz önəmdən irəli gəlir. Azərbaycan bu illər ərzində ölkədə elektron hökumətin yaradılması, iqtisadiyyatın rəqəmsallaşdırılması, sənayenin inkişafında müasir innovasiyaların tətbiqi istiqamətində böyük layihələr icra edib. Təbii ki, dünya tərəfindən Azərbaycanın bu istiqamətdə gördüyü işlər izlənilir və yüksək dəyərləndirilir”.

Millət vəkilinin fikrincə, Azərbaycan bu gün iqtisadiyyata innovasiya və müasir yeni texnologiyaların tətbiqinə görə regionda liderliyini qoruyub saxlayır. Ölkəmiz yeniliyə, müasirliyə doğru irəliləyən, buna önəm verən dövlətdir: “Gələcək iqtisadiyyat texnologiyalar üzərində qurulmalıdır. Azərbaycanda belə bir mərkəzin açılması ölkəmizin daha yeni texnologiyalara yiyələnməsini şərtləndirəcək. Bu istiqamətdə imkanlarını genişləndirəcək. Son vaxtlar biz dünyanın inkişaf etmiş texnoloji şirkətlərinin rəhbərlərinin təşəbbüsü ilə cənab prezidentlə görüşlərini izləyirik. Video-konfranslarda həmin şirkətlərin rəhbərləri Azərbaycanda həyata keçirilən texnoloji layihələri yüksək dəyərləndirirlər. Təbii ki, Azərbaycanın innovasiyalara önəm verməsi bu şirkətlərin də ölkəmizə marağını artırır. İyunun 16-da “Microsoft” şirkətinin rəhbərləri ilə görüşdə də əsas toxunulan məqamlardan biri də bunlar – yəni, Azərbaycanın müasir texnologiyalara olan marağı və həmin texnologiyalara yiyələnmək istiqamətində gördüyü tədbirlər, işlər idi”.

Azər Badamov onu da əlavə edib ki, bu gün Azərbaycan Avropa ilə Asiyanı birləşdirən internet hiperoptik kabel çəkilişini həyata keçirir: “Bu hiperoptik kabelin çəkilişindən sonra ölkəmiz 2 milyarda yaxın əhalinin yararlanacağı bir rəqəmsal idarə edilməsi mərkəzi olacaq. Yəni, Azərbaycanda yeni data formalaşacaq. Bütün bunlar regionda dördüncü sənaye inqilabına keçidin sürətlənməsində ölkəmizin rolunu artıracaq. Bu gün hər tərəfdən baxanda dünya inkişaf etmiş ölkələrinin əsas istiqamətləri texnologiyalar üzərində formalaşıb. Bu gün Azərbaycan yeni texnologiyalara önəm verən ölkədir. Dördüncü sənaye inqilabının mərkəzi kimi Azərbaycanın seçilməsi, ölkəmizin bu sahədə daha da uğurlu fəaliyyət göstərməsinə imkan verəcək”.